PDF Oxu

Siyasət

  • 1 503

“Qalib Azərbaycan dövləti Ulu Öndərin uzaqgörən siyasi kursunun parlaq nəticəsidir” - DEPUTAT DANIŞDI

image

“Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçilik tarixində silinməz iz qoymuş, xalqının taleyində mühüm rol oynamış dahi şəxsiyyətlərdən biridir. Bu günlərdə ulu öndərin doğum günü yalnız Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində böyük hörmət və ehtiramla qeyd olunur”.Bu sözləri SİA -ya açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib.
Komitə sədrinin sözlərinə görə, onun zəngin siyasi fəaliyyəti, dövlətçilik təcrübəsi və xalq qarşısındakı misilsiz xidmətləri daim yüksək qiymətləndirilir:”Çünki Heydər Əliyev təkcə bir dövlət rəhbəri deyil, həm də milli ideologiyanın formalaşdırıcısı, müasir Azərbaycan dövlətinin qurucusu və xalqın xilaskarı kimi tarixə düşmüşdür.Ulu Öndər yalnız müəyyən tarixi günlərdə yad edilən lider deyil. O, hər zaman Azərbaycan xalqının qəlbində yaşayır, dünya azərbaycanlılarının birlik və həmrəylik simvolu kimi xatırlanır. Onun irəli sürdüyü azərbaycançılıq ideyası bu gün də milli birliyimizin əsas sütunlarından biri hesab olunur. Heydər Əliyevin siyasi fəlsəfəsinin əsasını dövlətə sədaqət, milli-mənəvi dəyərlərə bağlılıq, xalqın rifahı və Azərbaycanın beynəlxalq aləmdə layiqli yer tutması təşkil edirdi.1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilən Heydər Əliyev ölkəni ağır iqtisadi və mənəvi böhran vəziyyətindən çıxarmağa nail oldu. Həmin dövrdə Azərbaycan keçmiş ittifaqın geridə qalmış respublikalarından biri hesab olunsa da, Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində qısa müddətdə böyük inkişaf mərhələsinə qədəm qoydu. Respublikada sənaye sürətlə inkişaf etdi, yeni zavod və fabriklər tikildi, kənd təsərrüfatında ciddi nailiyyətlər əldə olundu. Pambıqçılıq, üzümçülük, neft sənayesi və maşınqayırma kimi strateji sahələrdə yüksək göstəricilər qeydə alındı. Yüzlərlə sənaye müəssisəsinin istifadəyə verilməsi Azərbaycanın iqtisadi potensialını daha da gücləndirdi.Bununla yanaşı, Ulu Öndər xalqın sosial rifahının yüksəldilməsinə də xüsusi diqqət ayırırdı. Yeni yaşayış binaları, məktəblər, xəstəxanalar və mədəniyyət ocaqları tikilir, insanların həyat şəraiti yaxşılaşdırılırdı. Milli-mənəvi dəyərlərin qorunması və inkişafı istiqamətində həyata keçirilən tədbirlər isə xalqda milli özünüdərk hissini gücləndirirdi. Azərbaycan dili, ədəbiyyatı və mədəniyyəti dövlət səviyyəsində dəstəklənir, gənc nəslin vətənpərvər ruhda yetişdirilməsinə xüsusi önəm verilirdi.1982-ci ildə Moskvaya yüksək dövlət vəzifəsinə irəli çəkilən Heydər Əliyev həmin dövrdə də Azərbaycana diqqət və qayğısını əsirgəmədi. Onun təşəbbüsü ilə respublikada mühüm layihələr həyata keçirildi, Azərbaycanın ittifaq daxilində nüfuzu daha da artdı. Ulu Öndərin fəaliyyəti nəticəsində Azərbaycan təkcə iqtisadi deyil, həm də siyasi və mədəni baxımdan tanınmağa başladı.1990-cı illərin əvvəllərində Azərbaycanın üzləşdiyi ağır siyasi böhran, daxili qarşıdurmalar və xaos ölkəni parçalanma təhlükəsi ilə üz-üzə qoymuşdu. Məhz belə mürəkkəb bir dövrdə xalqın tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev Azərbaycanı vətəndaş müharibəsindən, dövlətçiliyin məhv olmaq təhlükəsindən xilas etdi. 1993-cü ilin 15 iyun tarixi xalqımızın taleyində dönüş nöqtəsinə çevrildi və sonradan Milli Qurtuluş Günü kimi tarixə düşdü.Ulu Öndərin hakimiyyətə qayıdışından sonra ölkədə siyasi sabitlik bərpa olundu, ordu quruculuğu gücləndirildi, iqtisadi islahatlara başlanıldı. “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın iqtisadi inkişafında yeni mərhələnin əsasını qoydu. Xarici investisiyaların cəlb olunması, enerji siyasətinin düzgün istiqamətləndirilməsi və beynəlxalq əlaqələrin genişləndirilməsi nəticəsində Azərbaycan dünya dövlətləri arasında etibarlı tərəfdaş kimi tanınmağa başladı.Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs bu gün Ilham Aliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan həm iqtisadi, həm siyasi, həm də hərbi baxımdan böyük uğurlara imza atmışdır. Xüsusilə torpaqlarımızın işğaldan azad olunması xalqımızın tarixində ən böyük qələbələrdən biri kimi qiymətləndirilir. 44 günlük Vətən müharibəsində əldə edilən tarixi zəfər göstərdi ki, ulu öndərin ideyaları yaşayır və qalib gəlir.Bu qələbə yalnız hərbi uğur deyil, həm də milli birliyin, vətənpərvərliyin və dövlət-xalq həmrəyliyinin təntənəsi idi. Azərbaycan xalqı Prezidentin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü nümayiş etdirdi. Bu gün azad edilmiş torpaqlarda genişmiqyaslı quruculuq və bərpa işləri həyata keçirilir, yeni şəhər və kəndlər salınır, həyat yenidən canlanır.Müasir dövrdə Azərbaycan beynəlxalq aləmdə böyük nüfuza malik dövlətə çevrilmişdir. Ölkəmiz mühüm beynəlxalq layihələrin iştirakçısı, regional sabitliyin təminatçısı və etibarlı tərəfdaş kimi tanınır. Enerji təhlükəsizliyi, nəqliyyat layihələri və diplomatik təşəbbüslər Azərbaycanın dünya siyasətində rolunu daha da artırmışdır. Bütün bunlar Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik strategiyasının uğurlu nəticəsidir.Bu gün Azərbaycan xalqı böyük fəxr hissi ilə ulu öndərin əziz xatirəsini yad edir. Onun zəngin siyasi irsi, dövlətçilik məktəbi və milli ideologiyası gələcək nəsillər üçün mühüm örnək olaraq qalır. Heydər Əliyevin həyatı və fəaliyyəti göstərir ki, xalqa sədaqətlə xidmət edən liderlər tarixdə əbədi yaşayır”.
Müəllif: Günay Hacıyeva

Digər xəbərlər