2026-cı il mayın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxış edərək regionda davamlı sülhün təmin olunması, yeni əməkdaşlıq imkanlarının yaradılması və beynəlxalq münasibətlərdə ədalətli yanaşmanın vacibliyi barədə mühüm mesajlar səsləndirdi. Prezidentin çıxışı həm regional təhlükəsizlik, həm də Avropa ilə əlaqələrin gələcək inkişafı baxımından böyük maraq doğurdu. Dövlət başçısı bildirdi ki, Azərbaycan postmünaqişə dövründə Cənubi Qafqazda sabitliyin və qarşılıqlı etimadın formalaşması üçün ardıcıl addımlar atır. Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində aparılan danışıqların mühüm nəticələr verdiyini qeyd edən Prezident vurğuladı ki, sülh gündəliyi artıq real layihələr və iqtisadi əməkdaşlıq platformaları ilə müşayiət olunur. Çıxış zamanı diqqət çəkən əsas məqamlardan biri kommunikasiya xətlərinin açılması və regionun nəqliyyat imkanlarının genişlənməsi oldu. Prezident İlham Əliyev qeyd etdi ki, “Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu” Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək, eyni zamanda Orta Dəhlizin mühüm tərkib hissəsinə çevriləcək. Bu layihə yalnız Azərbaycan üçün deyil, bütövlükdə region üçün yeni iqtisadi imkanlar yaradacaq, ticarət əlaqələrini genişləndirəcək və sülhün praktiki nəticələrini nümayiş etdirəcək.
Prezident Avropa Komissiyasının Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesində tutduğu mövqeyi yüksək qiymətləndirərək, bu dəstəyin
dialoq mühitinin qorunmasına töhfə verdiyini bildirdi. Bununla yanaşı, bəzi Avropa təsisatlarının yanaşmasının obyektivlikdən uzaq olduğunu da diqqətə çatdırdı.
Dövlət başçısı xüsusilə Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyasının fəaliyyətində müşahidə olunan ikili standartları tənqid etdi.
Prezident qeyd etdi ki, Azərbaycan 2001-ci ildən Avropa Şurasının üzvüdür və
uzun illər bu təşkilatla fəal əməkdaşlıq edib. O vurğuladı ki, 2023-cü ildə Azərbaycanın öz suverenliyini tam təmin etməsindən sonra ölkəmizə qarşı qərəzli münasibətin nümayiş etdirilməsi ədalətli yanaşma ilə uzlaşmır.
Prezident İlham Əliyev bəyan etdi ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasının illərlə icra olunmayan qətnamələrini öz gücü ilə həyata keçirib və ölkənin ərazi bütövlüyünü tam bərpa edib. Buna baxmayaraq, bəzi beynəlxalq qurumların Azərbaycana münasibətdə selektiv yanaşma sərgiləməsi qəbuledilməzdir. Dövlət başçısı vurğuladı ki, Azərbaycanın ərazi bütövlüyü və suveren hüquqları digər bütün dövlətlərinki qədər hörmət edilməli və beynəlxalq münasibətlərdə vahid meyar tətbiq olunmalıdır.
Prezidentin Zirvə toplantısındakı çıxışı bir daha göstərdi ki, Azərbaycan regionda sülhün, əməkdaşlığın və qarşılıqlı inkişafın tərəfdarıdır. Ölkəmiz yeni geosiyasi reallıqlar fonunda həm regional təhlükəsizliyə, həm də beynəlxalq tərəfdaşlığa mühüm töhfələr verməyə davam edir.
Vəfa Məmmədova
YAP Kəngərli rayon təşkilatının fəalı