PDF Oxu

Siyasət

  • 838

Azərbaycanın sülh diplomatiyası - ŞƏRH

image

2026-cı il mayın 4-də Ermənistanın paytaxtı İrəvan şəhərində keçirilən “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısı Cənubi Qafqazda yeni siyasi reallıqların və sülh prosesinin müzakirə olunduğu mühüm beynəlxalq platformaya çevrildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirə videobağlantı formatında qoşularaq mühüm mesajlar verdi.

Prezident İlham Əliyev çıxışında vurğuladı ki, Azərbaycan Cənubi Qafqazda davamlı sülhün təmin olunması istiqamətində ardıcıl siyasət yürüdür. Dövlət başçısı qeyd etdi ki, bir il əvvəl Tiranada keçirilən Zirvə görüşündə Ermənistanın 2026-cı ildə tədbirə ev sahibliyi etməsi təşəbbüsünü Azərbaycan dəstəkləyib. Bu isə Azərbaycanın bölgədə qarşılıqlı etimadın formalaşmasına verdiyi töhfənin göstəricisidir.

Çıxış zamanı Prezident İlham Əliyev 2028-ci ildə “Avropa Siyasi Birliyi”nin Zirvə toplantısının Azərbaycanda keçirilməsi barədə qərarın qəbul olunduğunu diqqətə çatdırdı. O bildirdi ki, Ermənistan da Azərbaycanın namizədliyini dəstəkləyib. Bu addım iki ölkə arasında münasibətlərin normallaşması və sülh prosesinin irəliləməsi baxımından mühüm siyasi mesaj hesab olunur.

Prezident İlham Əliyev bəyan etdi ki, artıq Azərbaycan və Ermənistan uzun müddətdir sülh şəraitində yaşayır. Dövlət başçısının sözlərinə görə, regionda yeni siyasi reallıq yaranıb və tərəflər bu mərhələyə uyğun davranmalıdırlar. Azərbaycanın təşəbbüsü ilə aparılan danışıqlar bölgədə uzunmüddətli sabitlik üçün real zəmin formalaşdırır.

Bununla yanaşı, Prezident İlham Əliyev bəzi beynəlxalq qurumların qeyri-obyektiv yanaşmalarını da tənqid etdi. Dövlət başçısı qeyd etdi ki, təəssüflər olsun ki, Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası Ermənistan-Azərbaycan sülh prosesində konstruktiv mövqe sərgiləmir, ikili standartlar nümayiş etdirirlər. Azərbaycanın haqlı mövqeyinə baxmayaraq, bəzi dairələrin regionda gərginliyi artırmağa yönəlmiş yanaşmaları sülh prosesinə mənfi təsir göstərir.

Prezident İlham Əliyev vurğuladı ki, buna baxmayaraq Azərbaycan sülh gündəliyinə sadiqdir və humanitar addımlar atmağa davam edir. Bunun bariz nümunəsi kimi qeyd olundu ki, sülhün əldə olunması faktı əsasında Azərbaycan ərazisi vasitəsilə Ermənistana 28 min ton yük çatdırılıb. Bu, Azərbaycanın bölgədə kommunikasiyaların açılması, humanitar əməkdaşlıq və qarşılıqlı etimadın möhkəmləndirilməsi istiqamətində real addımlar atdığını göstərir.

Dövlət başçısı çıxışında bildirdi ki, sülh prosesinə mane olmaq istəyən tərəflərin bütün səylərinə baxmayaraq, Azərbaycan konstruktiv mövqeyini davam etdirəcək. Ölkəmiz regionda təhlükəsizlik, iqtisadi əməkdaşlıq və qarşılıqlı faydalı münasibətlərin qurulmasını prioritet hesab edir.

“Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında səslənən fikirlər bir daha göstərdi ki, Azərbaycan regionda sülhün əsas təşəbbüskarlarından biridir. 2028-ci ildə Zirvə görüşünün Azərbaycanda keçirilməsi isə ölkəmizin beynəlxalq nüfuzunun, diplomatik imkanlarının və etibarlı tərəfdaş mövqeyinin növbəti təsdiqi kimi qiymətləndirilir.

Məhərrəm Hacıyev

YAP Kəngərli rayon təşkilatının fəalı

Digər xəbərlər