PDF Oxu

Siyasət

  • 529

Regionda davamlı sülhün təmin olunması Azərbaycanın əsas prioritetlərindən biridir

image

Son illərdə regionda baş verən hadisələr bir daha göstərir ki, davamlı sabitlik və təhlükəsizlik yalnız qarşılıqlı hörmətə, beynəlxalq hüquqa və konstruktiv dialoqa əsaslanan sülh yolu ilə mümkündür. Buna baxmayaraq, sülh prosesinə mane olmaq istəyən müəyyən qüvvələr müxtəlif vasitələrlə bölgədə gərginliyi qoruyub saxlamağa çalışırlar. Onların əsas məqsədi qarşılıqlı etimadı zəiflətmək, əməkdaşlıq imkanlarına mane olmaq və regionun inkişafını ləngitməkdir. Lakin bütün bu cəhdlərə baxmayaraq, Azərbaycan prinsipial mövqeyindən geri çəkilmir və sülh gündəliyinə sadiqliyini davam etdirir.

Prezident İlham Əliyev çıxışlarında dəfələrlə vurğulayıb ki, regionda davamlı sülhün təmin olunması Azərbaycanın əsas prioritetlərindən biridir. Dövlət başçısının sözlərinə görə, rəsmi Bakı sülh təşəbbüslərini ardıcıl şəkildə davam etdirir, münasibətlərin normallaşması və qarşılıqlı anlaşmanın əldə olunması istiqamətində mühüm addımlar atır. Azərbaycan yalnız siyasi bəyanatlarla kifayətlənmir, eyni zamanda praktik təşəbbüslərlə regionda etimad mühitinin formalaşmasına çalışır.
Azərbaycanın sülh siyasəti beynəlxalq platformalarda da xüsusi diqqət mərkəzindədir. Bu baxımdan mayın 4-də İrəvan şəhərində keçirilən “Avropa Siyasi Birliyi”nin VIII Zirvə toplantısı mühüm əhəmiyyət daşıyıb. Tədbirdə Avropa ölkələrinin, eləcə də Kanadanın dövlət və hökumət rəhbərləri iştirak ediblər. Prezident İlham Əliyev toplantıya videobağlantı vasitəsilə qatılaraq regionda sülh və əməkdaşlıqla bağlı vacib mesajlar verib.
Dövlət başçısı çıxışında bildirib ki, regionda davamlı sabitliyin təmin olunması yalnız siyasi təhlükəsizlik baxımından deyil, həm də iqtisadi inteqrasiyanın genişlənməsi, nəqliyyat əlaqələrinin inkişafı və yeni tranzit imkanlarının yaranması üçün mühüm şərtdir. Prezident vurğulayıb ki, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması bütövlükdə Cənubi Qafqazın gələcək inkişafına ciddi töhfə verə bilər.
Çıxış zamanı Nikol Paşinyan tərəfindən verilən son mesajlara da toxunulub. Prezident İlham Əliyev bəzi açıqlamaların müsbət dinamika yaratdığını və sülh prosesinə müəyyən ümidlər verdiyini bildirib. O vurğulayıb ki, qarşılıqlı etimadın möhkəmlənməsi və real nəticələrin əldə olunması üçün təkcə bəyanatlar deyil, konkret addımlar da böyük əhəmiyyət daşıyır.
Prezident İlham Əliyev çıxışında onu da qeyd edib ki, sülh sazişi üzrə əldə olunan razılaşmalar regionda etimad mühitinin möhkəmlənməsinə xidmət edir. Aparılan danışıqların gələcək əməkdaşlıq üçün real zəmin yaratdığı diqqətə çatdırılıb. Dövlət başçısının fikrincə, region ölkələri arasında münasibətlərin normallaşması həm təhlükəsizlik, həm iqtisadi inkişaf, həm də uzunmüddətli əməkdaşlıq baxımından mühüm əhəmiyyət daşıyır.
Azərbaycanın mövqeyi dəyişməz olaraq qalır — ölkə regionda davamlı sülhün, sabitliyin və qarşılıqlı əməkdaşlığın tərəfdarıdır. Bütün maneələrə və təxribat xarakterli cəhdlərə baxmayaraq, Azərbaycan sülh gündəliyini ardıcıl şəkildə davam etdirərək bölgədə yeni əməkdaşlıq və inkişaf mərhələsinin formalaşmasına töhfə verir.

İlkin Bağırov
Yap Babək rayon təşkilatının əməkdaşı

Digər xəbərlər