PDF Oxu

Siyasət

  • 503

Prezident İlham Əliyev görülən işləri şəxsi nəzarətində saxlayır - FOTO

image

“Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun şücaəti sayəsində işğaldan azad edilmiş ərazilərin bərpası və məskunlaşdırılması sürətlə davam edir. Erməni vandalizmi nəticəsində dağıdılmış Qarabağ və Şərqi Zəngəzur yenidən qurulur. Azərbaycan dövləti ərazilərin bərpasına və “Böyük Qayıdış” Proqramının icrasına xüsusi həssaslıqla yanaşır. Prezident İlham Əliyev görülən işləri şəxsi nəzarətində saxlayır. Dövlətimizin başçısı birinci xanım Mehriban Əliyeva ilə birlikdə işğaldan azad olunmuş ərazilərə tez-tez səfərlər edərək yeni təməlqoyma, açılış mərasimlərini, eləcə də Böyük Qayıdışı gerçəkləşdirir. Mayın 9-da və 10-da dövlətimizin başçısının və birinci xanımın iştirakı ilə Cəbrayıl və Zəngilanda yeni belə tədbirlər reallaşıb”. Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.

Deputat bildirib ki, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Ulu Öndər Heydər Əliyevin doğum günü ərəfəsində işğaldan azad edilmiş ərazilərə səfər etmələri ənənə halını alıb və rəmzi məna daşıyır. İşğala son qoyulması, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası Ulu Öndərin ən böyük arzusu idi. Artıq Ulu Öndərin ruhu şaddır. Dövlətimizin başçısı bu ərazilərdən dünyaya mütləq və tam Qələbə mesajlarını çatdırıb. Millət vəkilinin sözlərinə görə, mayın 9-da Cəbrayıl rayonunun Şükürbəyli kəndi doğma sakinlərini qarşılayıb. Prezident İlham Əliyev
və birinci xanım Mehriban Əliyeva Şükürbəyli kəndinin açılışında iştirak ediblər. Şükürbəyli 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə Vətən müharibəsi zamanı rəşadətli Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilib. Prezident İlham Əliyev 2023-cü ildə kəndin təməlini qoymuşdu. Şükürbəyliyə rayonun Şıxalıağalı, Dəjəl kəndlərinin və Mahmudlu qəsəbəsinin sakinləri də daxil olmaqla, ümumilikdə 2522 nəfərin (615 ailə) köçürülməsi nəzərdə tutulur. İlkin mərhələdə 635 fərdi ev istifadəyə verilib. Onlardan 615-i sakinlər, 20-si isə xidməti istifadə üçündür. Səfər çərçivəsində Prezident İlham Əliyev Zəngilan şəhərində inşa olunmuş 104 mənzilli ilk yaşayış kompleksinin açılışında da iştirak edib. Dövlətimizin başçısı ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb, onlara mənzillərin açarlarını təqdim edib. Xatırladaq ki, 2022-ci ildə bu kompleksin təməli Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən atılmışdı. Dövlətimizin başçısı 2024-cü və 2025-ci illərdə yaşayış kompleksinin tikintisi ilə tanış olmuşdular. Kompleksdə 12 bina inşa olunub. O cümlədən 4 ədəd (60 mənzilli) üçmərtəbəli, 8 ədəd (44 mənzilli) ikimərtəbəli “townhouse” tipli evlər tikilib.

“Zəngilan şəhərinin sakinləri ilə görüşündə cənab Prezidentin dediyi kimi, 1992-1993-cü illərdə AXC-Müsavat hakimiyyətinin səriştəsizliyi nəticəsində torpaqlarımızın işğalı ilə yanaşı, dövlətçiliyimiz məhv olmaq təhlükəsi ilə üzləşmişdi. Məhz Heydər Əliyevin hakimiyyətə tarixi qayıdışı nəticəsində xalqımız təhlükələrdən xilas oldu və Azərbaycan inkişaf yoluna çıxdı. Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət sayəsində Azərbaycan inkişaf edərək gücləndi və bu siyasətin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpa olundu”,-deyən YAP İdarə Heyətinin üzvü əlavə edib ki, hazırda regionda sülh üçün praktiki addımlar atılır və sülh təşəbbüsünün müəllifi Azərbaycandır. Onun sözlərinə görə, indi bəzi beynəlxalq dairələr sülhə süni əngəllər yaratmağa çalışır və guya Ermənistanı Azərbaycandan qoruyurlar. Prezident İlham Əliyevin dediyi kimi, Ermənistanı Azərbaycandan qorumaq lazım deyil. Çünki biz öz məqsədimizə, yəni ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasına nail olmuşuq. Bu yaxınlarda Ermənistanda səfərdə olan Fransa prezidenti E.Makron qeyri-ciddi fikirlər səsləndirib. Əslində, onun İkinci Qarabağ müharibəsi dövründə Ermənistana yardım cəhdləri iflasa uğramışdı. Ondan sonra da, Fransanın beynəlxalq müstəvidə Azərbaycana qarşı qərəzli kampaniyaları heç bir nəticə vermədi. Çünki Azərbaycanın mövqeyi beynəlxalq hüquqa və ədalətə əsaslanır. Hazırda, Ermənistanda revanşist qüvvələr hakimiyyətə gəlməyə çalışır ki, bu da ilk növbədə erməni xalqı üçün təhlükədir. Bundan sonra Azərbaycana qarşı hər hansı təxribatlar olarsa onlara tutarlı cavab veriləcək. Pərvin Kərimzadə qeyd edib ki, Zəngilan rayonunu böyük inkişaf perspektivləri gözləyir: “Cənab Prezidentin dediyi kimi, Zəngəzur dəhlizi açılandan sonra Zəngilan faktiki surətdə ölkəmizin yeganə rayonu olacaq ki, bunun iki qonşu ölkə ilə sərhəd-keçid məntəqəsi olacaq. Kommunikasiya xətti həm Şərqlə Qərbi birləşdirir, həm də Naxçıvandan Türkiyəyə, sonra Avropaya açılan qapıdır. Bu dəhliz, eyni zamanda Şimal-Cənub dəhlizidir. Zəngilandan Ağbənd üzərindən İrana və Fars körfəzinə, buradan Naxçıvana keçməklə Culfaya, yenə də Fars körfəzinə istiqamətlənəcək. Beləliklə, bu ərazi mühüm beynəlxalq loqistika mərkəzi olacaq ki, azad edilmiş ərazilərimizin sürətli inkişafına böyük töhfələr verəcək”.

Digər xəbərlər