XX əsrin sonlarında SSRİ-nin yetmiş illik məngənəsindən qurtularaq müstəqillik əldə etmiş Azərbaycan 1990-cı illərin əvvəllərində çətin və mürəkkəb bir dövr yaşamışdır. Xarici və daxildə gizlənmiş qüvvələr, Ermənistanın yürütdüyü işğalçılıq siyasəti ölkəni xaosa, ərazilərinin parçalanmasına və vətəndaş qarşıdurmasına sürükləyirdi. Siyasi qeyri-sabitlik, iqtisadi tənəzzül, hərbi münaqişələr və separatizm meyllərinin xaricdən təşviq edilməsi Azərbaycan dövlətçiliyinin əsaslarını sarsıdırdı.
Məhz belə ağır tarixi mərhələdə Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının çağırışı ilə yenidən siyasi hakimiyyətə qayıdaraq ölkəni sosial-siyasi və iqtisadi böhrandan çıxarmış, onun müdafiəsinə, sabitliyin təmin olunmasına, inkişaf və tərəqqiyə yönəlmiş strategiyanı müəyyən etmişdir. Beləliklə, Onun hakimiyyətə qayıdışı Azərbaycan dövlətçiliyinin qorunub saxlanılması və inkişafı üçün həlledici olmuşdur.
Birmənalı olaraq deyə bilərik ki, Azərbaycan xalqının Ümummilli Lideri, XX əsrin yetişdirdiyi dünyaşöhrətli dühalardan biri olan Heydər Əliyev Azərbaycan dövlətçiliyinin tarixində yeni, şanlı bir səhifə açmışdır. Onun Azərbaycan dövlətçiliyinin bərpasında və inkişafında rolu çoxşaxəli və əhəmiyyətlidir.
O, bir tərəfdən milli dövlətin sosial, iqtisadi və siyasi bazasını möhkəmləndirmiş, digər tərəfdən ölkəmizi beynəlxalq aləmdə tanıtmış və milli kimliyimizin dərk olunmasına böyük töhfələr vermişdir. Ulu Öndərin uzaqgörənliklə müəyyən etdiyi siyasi kurs bu gün də öz aktuallığını və əhəmiyyətini qoruyub saxlayır.
Azərbaycanın müstəqil dövlət kimi formalaşmasında və gücləndirilməsində, onun beynəlxalq nüfuzunun artmasında, ölkədə ictimai-siyasi sabitliyin və vətəndaş birliyinin təmin olunmasında Heydər Əliyev şəxsiyyətinin və dühasının müstəsna rolu vardır. Onun siyasi fəaliyyətinin hədəfi təkcə müəyyən bir tarixi dövrlə məhdudlaşmamışdır. Onun strategiyası Azərbaycanın gələcəyinə və perspektivlərinə yönəlmişdir. Mükəmməlliyi və ardıcıllığı ilə seçilən bu strategiya Azərbaycan dövlətçiliyinin sosial-siyasi və iqtisadi inkişafı, xalqın rifah halının yüksəldilməsi üçün bir neçə mühüm mərhələ müəyyən etmişdir.
Bu gün böyük iftixar hissi ilə deyə bilərik ki, Ümummilli Lider Heydər Əliyev təkcə Azərbaycanın müdrik siyasi lideri kimi deyil, həm də müasir Azərbaycan dövlətçiliyinin memarı kimi tarixdə silinməz iz qoymuşdur. Qısa müddət ərzində Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə institusional dövlət quruculuğu modeli yaradılmış, dövlət idarəetmə sistemi yenidən qurulmuş, Azərbaycan Respublikasının Konstitusiyası qəbul edilmiş, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun əsas prinsipləri formalaşdırılmış, sosial həyatın inkişafı, milli təhlükəsizlik mənafelərinin qorunması və ordunun gücləndirilməsi istiqamətində mühüm addımlar atılmışdır.
Ümummilli Lider dövlətçiliyin əsasını təşkil edən sabitlik və idarəetmə mexanizmlərini təkmilləşdirməklə Azərbaycanın parçalanmaq, etnik və dini tarazlığın pozulması kimi xarici təhdidlərin qarşısını qətiyyətlə almışdır. Onun irəli sürdüyü Azərbaycançılıq məfkurəsi vətəndaş kimliyinin gücləndirilməsini, milli maraqların qorunmasını və müstəqilliyin dönməzliyini təmin edən əsas prinsipə çevrilmişdir.
Ümummilli Lider Heydər Əliyevin düşüncəsinə görə, dövlətçiliyin dayanıqlı və güclü olması, onun inkişafını təmin edən əsas meyarlardan biri ölkə vətəndaşlarının tarixən formalaşmış milli-mənəvi dəyərlərə və mədəni irsə sədaqəti, eləcə də ictimai təfəkkürdə bu mirasın mövqeyinin gücləndirilməsidir. Məhz bu irsin qorunması istiqamətində ölkədə ardıcıl tədbirlər həyata keçirilmiş, Azərbaycan dili dövlət dili kimi öz mövqeyini möhkəmləndirmiş, milli tarixi-mədəni irsin qorunması, bərpası və təbliği üçün genişmiqyaslı işlər görülmüş, təhsil və elm sahəsində ciddi islahatlar aparılmışdır.
Eyni zamanda, Ümummilli Lider Azərbaycanda səfərbəredici milli ideologiyanın əsasını qoymaq məqsədilə minillik tarixi ənənələrə, burada yaşayan xalqların və dinlərin birgəyaşayış normalarına söykənən Azərbaycançılıq məfkurəsini irəli sürmüş, etnik və dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşları, eləcə də xarici ölkələrdə məskunlaşmış soydaşları birləşdirən yeni kimlik meyarını müəyyən etmişdir. Bu meyar Azərbaycan cəmiyyətinin sosial-siyasi və etnik-mədəni əsaslarından biri kimi dəyərləndirilir və onun bazasında formalaşmış multikulturalizm modeli bir sıra xarici ölkələrdə uğurlu təcrübə kimi öyrənilməkdədir.
Ulu Öndər Heydər Əliyevin xarici siyasət istiqamətində fəaliyyəti beynəlxalq təşkilatlarda Azərbaycanın nüfuzunun və mövqelərinin güclənməsinə səbəb olmuşdur. Onun siyasəti nəticəsində ölkə beynəlxalq hüququn subyekti kimi möhkəmlənmiş və dünya siyasətində öz yerini tutmuşdur.
Bundan başqa, Azərbaycanın böyük dövlətlərlə qarşılıqlı faydalı və bərabərhüquqlu əməkdaşlığının təməlinin qoyulmasında, Qərb və Şərq dövlətləri ilə balanslaşdırılmış və ortaq maraqlara cavab verən əlaqələrin qurulmasında, regional və beynəlxalq təşkilatlarla əlaqələrin genişləndirilməsində, eləcə də enerji siyasətinin qlobal iqtisadi sistemə inteqrasiya olunmasında ümummilli liderin əvəzsiz xidmətləri vardır.
Bu konteksdə 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” Azərbaycanın dünya enerji bazarına çıxışını təmin etməklə yanaşı, ölkəyə siyasi və iqtisadi dividendlər gətirmiş, Azərbaycanın geosiyasi əhəmiyyətini və nüfuzunu nəzərəçarpacaq dərəcədə artırmış, onu regionun aparıcı enerji mərkəzinə çevirmişdir. Bununla da Azərbaycan beynəlxalq aləmdə etibarlı və sabit tərəfdaş kimi tanınmışdır.
Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi Azərbaycanın inkişaf strategiyası bu gün dövlətimizin başçısı, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Onun rəhbərliyi altında Azərbaycan bütün sahələr üzrə davamlı inkişafa nail olmuş, ölkəmizin beynəlxalq səviyyədə mövqeləri möhkəmləndirilmişdir.
Xüsusilə, Azərbaycanın ərazi bütövlüyünün bərpası və işğal altında olan torpaqlarımızın Ermənistanın silahlı qüvvələrindən azad edilməsi istiqamətində əldə olunan misilsiz nailiyyətlər Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətin davamı və məntiqi nəticəsidir. Cənab Prezident İlham Əliyev xüsusilə vurğulamışdır ki: “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin və Ulu Öndərin ruhu şaddır!”
Sonda vurğulamaq istərdim ki, ötən iyirmi ildən artıq müddət ərzində Cənab Prezident İlham Əliyev bu kursu davam etdirərək Azərbaycanın iqtisadi inkişafının və transmilli enerji layihələrinin genişləndirilməsinə, beynəlxalq əməkdaşlığın dərinləşdirilməsinə, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsinə və xarici təhdidlərin neytrallaşdırılmasına, vətəndaşların sosial rifahının yaxşılaşdırılmasına, regionda sülh və sabitliyin möhkəmləndirilməsinə böyük töhfələr vermişdir.
Jalə Hacıyeva
YAP Naxçıvan şəhər təşkilatının fəal üzvü