Ölkəmizdə beynəlxalq tədbirlərin təşkili Azərbaycan dövlətinin sülhsevər olduğunu və multikulturalizm siyasətini bir daha dünya ictimaiyyətinə təqdim edir. Beynəlxalq miqyaslı tədbirlərin keçirilməsi üçün ölkəmizə olan etimad Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin uğurlu xarici siyasəti sayəsində Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınmasının göstəricisidir. Eyni zamanda, bütün bu tədbirlər Azərbaycanın gücünü, potensialını və təşkilatçılıq qabiliyyətini bir daha nümayiş etdirir. Beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi edən Azərbaycan bir neçə gündən sonra dünyanın ən böyük şəhərsalma platformalarından biri olan Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına (WUF13) ev sahibliyi edəcək. Bu tədbir yalnız şəhərsalma məsələlərinin müzakirə olunduğu beynəlxalq forum deyil, eyni zamanda, Azərbaycanın müasir inkişaf modelinin, təşkilatçılıq bacarığının və dayanıqlı inkişaf strategiyasının təqdimidir. Bu, həm də Azərbaycanın beynəlxalq tədbirlərin təşkili sahəsində formalaşdırdığı peşəkar yanaşmanın davamı kimi qiymətləndirilir. Son illərdə ölkəmiz Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, Qoşulmama Hərəkatının Zirvə Toplantısı, COP29 kimi mötəbər tədbirlərə uğurla ev sahibliyi etməklə beynəlxalq ictimaiyyətin etimadını qazanıb.
“HƏR KƏS ÜÇÜN YAŞAYIŞ YERLƏRİ: TƏHLÜKƏSİZ VƏ DAYANIQLI ŞƏHƏRLƏR VƏ YAŞAYIŞ MƏSKƏNLƏRİ”
BMT-nin Məskunlaşma Proqramı və Azərbaycan Hökuməti tərəfindən birgə təşkil olunan forum “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusuna həsr edilib. Bu mövzu hazırda dünyada sürətlə artan urbanizasiya, iqlim dəyişiklikləri, sosial bərabərlik və təhlükəsiz yaşayış mühiti kimi qlobal çağırışların fonunda xüsusi aktuallıq daşıyır. Forum çərçivəsində şəhərlərin gələcəyi, ekoloji dayanıqlılıq, rəqəmsal transformasiya, sosial inklüzivlik, nəqliyyat infrastrukturu və “ağıllı” idarəetmə modelləri geniş müzakirə ediləcək. İndiyədək 180 ölkədən 32 mindən çox iştirakçının qeydiyyatdan keçməsi forumun qlobal əhəmiyyətini göstərməklə yanaşı, Bakının beynəlxalq tədbirlər üçün etibarlı və müasir məkan kimi qəbul edildiyini də təsdiqləyir. Dünyanın müxtəlif ölkələrindən dövlət və hökumət nümayəndələrinin, nazirlərin, beynəlxalq təşkilat rəhbərlərinin, şəhərsalma üzrə ekspertlərin, akademik dairələrin, özəl sektor təmsilçilərinin və vətəndaş cəmiyyəti nümayəndələrinin Bakıya gəlməsi Azərbaycan üçün mühüm diplomatik və iqtisadi imkanlar yaradır.
ƏN BÖYÜK QLOBAL PLATFORMA
Məlumdur ki, BMT-nin Məskunlaşma Proqramının İcraiyyə Şurasının Keniyada keçirilən 3-cü sessiyasında 13-cü Ümumdünya Şəhərsalma Forumunun (WUF13) 2026-cı ildə Bakı şəhərində keçiriləcəyi barədə qərar elan edilmişdi. BMT-nin 2001-ci ildə qəbul edilmiş müvafiq qərarına əsasən, şəhərsalma sahəsində ən mötəbər və genişmiqyaslı iştirakçılığa malik, iki ildən bir dünya şəhərlərindən birində keçirilən bu Forum sürətli urbanizasiya və onun şəhərlərin inkişafına təsirini araşdırmaq məqsədilə ən böyük qlobal platformadır. Ümumdünya Şəhərsalma Forumunun regionumuzda ən irimiqyaslı tədbirlərdən biri olacağını əminliklə söyləmək olar. Tədbir çərçivəsində həm Azərbaycan, həm də xarici ölkələrdən maraqlı tərəflər – dövlət rəsmiləri, QHT-lər, bu sahədə fəaliyyət göstərən mütəxəssislər, ekspertlər, özəl sektorların nümayəndələri bir araya gələcək, geniş fikir mübadiləsi apararaq yeni bilik və təcrübə ilə paylaşmaq imkanını əldə edəcəklər. Qeyd edək ki, Ümumdünya Şəhərsalma Forumu keçən il "Daha yaxşı gələcək üçün şəhərlərimizi dəyişdirək" mövzusu altında Polşanın Katovitse şəhərində (WUF11) 17 min nəfərin iştirakı ilə baş tutub. Daha öncə müxtəlif illərdə Forum Barselona, Rio-de-Janeyro, Vankuver, Əbu-Dabi, Kuala-Lumpur və bir sıra digər şəhərlərdə təşkil edilərək, bir tədbirə 23 min nəfərə qədər iştirakçı cəlb edilib. Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası – WUF13 çərçivəsində təşkil ediləcək Şəhərsalma Sərgisi (Urban Expo) həm əhatə dairəsi, həm də iştirakçı təşkilatların sayına görə forum tarixinin ən böyük sərgisi olacaq.
WUF13 Şəhərsalma Sərgisində dünyanın 66 ölkəsindən 163-dən çox təşkilat iştirak edəcək. Forumda özəl sektorun iştirakı da rekord səviyyədə olacaq. Belə ki, WUF13-də ümumilikdə 45 şirkət təmsil olunacaq, onların 14-ü isə startapdır. Tədbir çərçivəsində startaplar və innovativ təşəbbüslər üçün xüsusi platforma – Biznes və İnnovasiya Habı (Mərkəzi) ilk dəfə iştirakçıların istifadəsinə veriləcək. WUF13-də dünyanın müxtəlif ölkələrindən 44-dən çox şəhər meri də iştirak üçün qeydiyyatdan keçib. Bu, Forumun qlobal şəhər idarəçiliyi və beynəlxalq əməkdaşlıq baxımından əhəmiyyətini bir daha nümayiş etdirir. Eyni zamanda, vətəndaş cəmiyyəti institutlarının sessiyadakı iştirakı da yüksək səviyyədə olacaq. Şəhərsalma Sərgisində 42 vətəndaş cəmiyyəti təşkilatı və fond təmsil olunacaq.
AZƏRBAYCANDAKI ƏN BÖYÜK STADİON - BAKI OLİMPİYA STADİONU
Forumun keçiriləcəyi Bakı Olimpiya Stadionu müasir texnoloji imkanlarla təchiz olunub, iştirakçıların təhlükəsizliyi və rahatlığı üçün bütün zəruri infrastruktur qurulub. Qeyd edək ki, Bakı Olimpiya Stadionu Azərbaycandakı ən böyük stadiondur. 2015-də baş tutan Bakı-2015 1-ci Avropa Oyunlarının əsas idman məkanı kimi istifadə edilmişdir və eyni tədbirin açılış və bağlanış mərasimlərinə və atletika idman növünə ev sahibliyi etmişdir. Məkan Azərbaycan Futbol Komandasının oyunlarına və konsertlərə ev sahibliyi edib. AVRO-2020 Avropa Çempionatının qrup və final mərhələsinə ev sahibliyi edib. 2019-cu ildə burada UEFA Avropa Liqasının finalı keçirilib. Bakı Olimpiya Stadionu aralarında "Allianz Arena", "Aviva Stadium", "Nou Kamp" və "Santyaqo Bernabeu" kimi dünyaca məşhur stadionlar olan UEFA-nın Elit Stadionları siyahısına daxil edilib. Bakı Olimpiya Stadionu və ətrafını əhatə edən tədbirin ümumi əməliyyat sahəsi 53 hektardır. Bunun 43 hektarı əsas tədbir məkanı, 10 hektarı isə nəqliyyat terminalı və parklanma-transfer zonası üçün ayrılıb. Belə ki, stadion zonalara bölünüb. A Zonası 5 küçədən ibarətdir, hər küçəyə Azərbaycanın müxtəlif şəhərlərinin adı verilib. Yüksəksəviyyəli qonaqlar və nümayəndə heyətləri üçün xüsusi zonalar ayrılıb. Burada dövlət və hökumət nümayəndələrinin qəbulu, ikitərəfli görüşlər, istirahət sahəsi və qidalanma xidməti üçün xüsusi məkanlar nəzərdə tutulub. Açılış və bağlanış mərasimlərinin təşkil ediləcəyi tədbir zalı 6 min nəfərə qədər iştirakçını qəbul edə biləcək. Forumun əsas müzakirə və paralel tədbirlərinin olacağı zona 3,55 hektar sahəni əhatə edir və iclas zalları, tematik sessiyalar, BMT tədbirləri, paralel görüşlər və ikitərəfli danışıqlar üçün nəzərdə tutulub. Burada müxtəlif formatlı rəsmi və işgüzar görüşlərin eyni vaxtda keçirilməsi üçün şərait var. Forum zamanı gündə təxminən 300-ə qədər paralel sessiyanın, görüş və tədbirin keçirilməsi planlaşdırılır. Tədbirdə BMT-nin 6 rəsmi dili - ərəb, Çin, ingilis, fransız, rus və ispan dilləri ilə yanaşı, Azərbaycan və türk dillərində də sinxron tərcümə təmin ediləcək. Eyni zamanda, əlilliyi olan şəxslər üçün beynəlxalq işarət dili xidməti nəzərdə tutulub.
WUF13-ün təşkili zamanı dayanıqlılıq, inklüzivlik və əlçatanlığın təmin edilməsi əsas prioritetlərdən biri kimi müəyyən edilib. Tədbir məkanının hər kəs üçün əlçatan olması məqsədilə bütün proseslərdə müvafiq standart və tələblər nəzərə alınıb. Bütün tədbir ərazisi üzrə 35-dən çox iaşə məntəqəsi nəzərdə tutularaq, məkanlar və açıq hava zonalarında yerləşdirilməklə iştirakçı axınının müxtəlif istiqamətlər üzrə paylanmasına və məkanda xidmət əlçatanlığının təmin olunmasına imkan verir. Həmçinin iki hektar sahəni əhatə edən zonada “Media mərkəzi” ilə yanaşı, “Dəyirmi masa”, “Xüsusi sessiya” və “Dialoq zalları” yerləşir. "Media mərkəzi"ndə iş sahəsi, canlı yayım və müsahibə otaqları, mətbuat konfransı zalı, TV studiyaları və media istirahət sahəsi mövcuddur.
Xatırladaq ki, WUF13 mayın 17-dən 22-dək Bakıda keçiriləcək və tədbir çərçivəsində şəhərlərin gələcəyi, dayanıqlı inkişaf, iqlim çağırışları, rəqəmsal transformasiya və inklüziv urbanizasiya məsələləri müzakirə olunacaq. Bu tədbirin paytaxtımızda keçirilməsi Azərbaycan hökumətinin şəhərsalma sahəsində apardığı dərin islahatlar, ölkədə uğurla həyata keçirilən genişmiqyaslı layihələr və əldə edilən nailiyyətlər, habelə ölkəmizin bu sahədə qlobal gündəliyə verdiyi töhfələr sayəsində beynəlxalq nüfuzunun ən yüksək səviyyədə olmasının təzahürüdür.
Nəzakət ƏLƏDDİNQIZI