Azərbaycanda qadın hüquqlarının təmin olunması və gender bərabərliyinin təşviqi dövlət siyasətinin mühüm prioritetlərindəndir.SİA xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Özbəkistanda keçirilən İkinci Asiya Qadınlar Forumunda deyib.Milli Məclisin sədri qadınların siyasi, iqtisadi və ictimai həyatda daha geniş iştirakının daha güclü institutların, daha inklüziv inkişafın və daha möhkəm cəmiyyətlərin formalaşmasına gətirib çıxardığını bildirib.Asiya regionunun bugünkü qlobal sistemdə mühüm rol oynadığını deyən spiker qeyd edib ki, Asiyanın əhalisi, iqtisadi potensialı və müxtəlifliyi onu qlobal inkişafın və beynəlxalq tərəqqinin əsas hərəkətverici qüvvələrindən birinə çevirir.Bu baxımdan, parlamentin sədri regional və beynəlxalq əməkdaşlığın mühüm əhəmiyyətini qeyd edib. Bildirib ki, təcrübə mübadiləsi, qabaqcıl təcrübələrin paylaşılması və əlaqələndirilmiş siyasətlər ümumi məqsədlərimizə nail olmaq üçün vacibdir.Çıxışında Azərbaycan qadınlarının ölkə həyatında fəal roluna dair tədbir iştirakçılarına məlumat verən spiker deyib ki, Azərbaycan qadınların ictimai həyatın bütün sahələrində rolunun təşviqinə yönəlmiş beynəlxalq əməkdaşlığı qətiyyətlə dəstəkləyir.Onun sözlərinə görə, Azərbaycanda qadınlar siyasi, iqtisadi, elmi və mədəni həyatda fəal iştirak edirlər, həmçinin dövlət qurumlarında, diplomatiyada, təhsil və dövlət idarəçiliyində yüksək vəzifələr tuturlar.Azərbaycanda gender sahəsində qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində görülən tədbirlərə də toxunan Azərbaycan parlamentinin rəhbəri qeyd edib ki, Milli Məclis də gender siyasətinin formalaşdırılmasına böyük əhəmiyyət verir.Çıxışda həmçinin məlumat verilib ki, Azərbaycanda qadınlar azad edilmiş ərazilərdə, Qarabağda münaqişədən sonrakı bərpa və yenidənqurma işlərinə də mühüm töhfə verirlər.