Mayın 14-də Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “Ailə dəyərləri” mövzusunda açıq dərs keçirilib.SİA xəbər verir ki, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov, Milli Məclisin deputatı, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə, həmçinin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova iştirak ediblər.Açıq dərsin keçirilməsində əsas məqsəd milli ailə dəyərlərinin təşviqi, mənəvi dəyərlərə hörmət hissinin aşılanması, gənc nəslin gələcəkdə sağlam təməllər üzərində ailə qurmasına dəstək verilməsi, maarifləndirmə fəaliyyətinin gücləndirilməsi və ailə institutunun qorunmasında gənclərin rolunun artırılması olub.Tədbir çərçivəsində Azərbaycan İlahiyyat İnstitutunun tələbələri müxtəlif mövzularda təqdimatlarla çıxış ediblər. İslamşünaslıq ixtisasının I kurs tələbəsi Rizvan İbrahimli “Ailə: milli-mənəvi kimliyin formalaşdığı ilk məktəb”, Dinşünaslıq ixtisasının III kurs tələbəsi Natavan Həbibova “Ana: dəyərlərin ilk müəllimi və cəmiyyətin görünməyən memarı”, İslamşünaslıq ixtisasının II kurs tələbəsi Fatimə İsrafilova “Ata modeli: məsuliyyət, liderlik və mənəvi nümunə”, Dinşünaslıq ixtisasının III kurs tələbəsi Seyidəli Rzazadə isə “Ekranlar arasında itən ünsiyyət: rəqəmsal dövrdə ailə necə qorunur?” mövzularında çıxış ediblər.Tədbirin sonunda təqdimatlarla çıxış edən tələbələrə təşəkkürnamələr təqdim olunub.
Müəllif: Günay Hacıyeva