Rusiya ordusunun Kiyevə raket və dron hücumu nəticəsində 12 yaşlı uşaq da daxil olmaqla yeddi nəfər həlak olub, 44 nəfər yaralanıb. Dövlət Fövqəladə Hallar Xidmətinin məlumatına görə, daha 20 nəfər itkin düşüb. Məlumatı Kiyev Dövlət Fövqəladə Hallar Xidmətinin sözçüsü Pavlo Petrov, Kiyev meri Vitali Kliçko, ölkənin Daxili işlər naziri İqor Klimenko və Kiyev polisi təsdiq ediblər.
Kiyev meri Vitali Kliçko onu da bildirib ki, Darnitski rayonundakı bir evin dağıntıları altından 12 yaşlı qızın cəsədi çıxarılıb. Kliçkonun sözlərinə görə, ümumilikdə 18 mənzil dağılıb: “Yaralıların sayı 44 nəfərə çatıb, onlardan ikisi uşaq, o cümlədən bir aylıq körpədir. 44 nəfər yaralanıb. Hazırda bir uşaq da daxil olmaqla 21 nəfər xəstəxanalardadır. 23 yaralı ambulator tibbi yardım alır”.
Polisin məlumatına görə, dağıntılar altında ölənlər arasında 21 və 30 yaşlı iki kişi və hazırda şəxsiyyəti müəyyən edilən bir qadın da var. Digər bir kişi Rusiyanın hücumuna məruz qalan yanacaqdoldurma məntəqəsindən daşındıqdan sonra xəstəxanada ölüb. Daxili İşlər Naziri İqor Klimenko bildirib ki, "10-dan çox itkin düşmüş şəxs" haqqında məlumat var. Hazırda onlar axtarılır. Axtarışa altı it dəstəsi cəlb edilib.
Dövlət Fövqəladə Hallar Xidməti daha sonra "ən azı 20 itkin düşmüş şəxs" barədə məlumat olduğunu bildirib.
İlham