PDF Oxu

Siyasət

  • 1 045

WUF13: Azərbaycanın qlobal şəhərsalma diplomatiyasında yeni mərhələ

image

Bakıda keçiriləcək BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) təkcə urbanistika və memarlıq sahəsində beynəlxalq tədbir deyil, həm də Azərbaycanın artan siyasi nüfuzunun, strateji diplomatiyasının və dayanıqlı inkişaf modelinin beynəlxalq səviyyədə təqdimatı kimi qiymətləndirilməlidir. Forumun məhz Bakıda təşkili ölkəmizin son illərdə qlobal tədbirlərin keçirilməsi sahəsində qazandığı etimadın növbəti təsdiqidir.

Mayın 17-22-də keçiriləcək forumda 180 ölkədən 32 mindən çox iştirakçının qeydiyyatdan keçməsi WUF tarixində rekord göstərici hesab olunur. Bu fakt Azərbaycanın artıq regional deyil, qlobal platformaya çevrildiyini göstərir. COP29-dan sonra dünyanın diqqətinin yenidən Bakıya yönəlməsi Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan çəkisinin göstəricisidir. Xüsusilə BMT kimi nüfuzlu qurumun şəhərsalma gündəliyinin əsas müzakirə platformasını Azərbaycana etibar etməsi ölkəmizin dayanıqlı inkişaf siyasətinə verilən beynəlxalq qiymət kimi xarakterizə oluna bilər.
Prezident İlham Əliyevin forumla bağlı hazırlıq prosesini xüsusi nəzarətdə saxlaması dövlətin bu tədbirə strateji yanaşmasının göstəricisidir. Bakı Olimpiya Stadionu ətrafında qurulan 53 hektarlıq əməliyyat zonası, minlərlə iştirakçının koordinasiyalı şəkildə idarə olunması, müasir media və logistika infrastrukturu Azərbaycanın beynəlxalq tədbirlərin təşkilində artıq institusional təcrübə formalaşdırdığını nümayiş etdirir.
Bu gün Azərbaycan öz inkişaf modelini beynəlxalq ictimaiyyətə uğurla təqdim edir. Xüsusilə işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən yenidənqurma layihələrinin forum çərçivəsində təqdim olunması mühüm siyasi mesaj daşıyır. Azərbaycan bu platformada təkcə dağıdılmış ərazilərin bərpasını deyil, həm də “ağıllı şəhər”, “ağıllı kənd”, yaşıl enerji və ekoloji urbanizasiya modelini nümayiş etdirəcək. Bu isə postmünaqişə dövründə Azərbaycanın region üçün yeni inkişaf konsepsiyası formalaşdırdığını göstərir.
Əslində Qarabağda həyata keçirilən quruculuq prosesi artıq sırf daxili layihə deyil, beynəlxalq urbanizasiya nümunəsinə çevrilməkdədir. Otuz il ərzində dağıdılmış ərazilərdə qısa müddətdə müasir şəhər infrastrukturunun yaradılması dövlət idarəçiliyinin effektivliyini və siyasi iradənin gücünü nümayiş etdirir. Forum iştirakçılarının bu layihələrlə yaxından tanış olması Azərbaycanın postmüharibə reallıqlarını beynəlxalq auditoriyaya birbaşa çatdırmaq baxımından da mühüm əhəmiyyət daşıyır.
Forum çərçivəsində ölkənin mədəni irsinin, memarlıq ənənələrinin və milli urbanistik yanaşmalarının təqdim olunması Azərbaycanın beynəlxalq humanitar və mədəni diplomatiyasınının nümunələridir. “WUF13 Bulvarı”, “Urban Expo” zonaları, İçərişəhər motivləri və milli ornamentlərin tədbirin vizual konsepsiyasında istifadə olunması ölkənin milli kimliyini qlobal platformada daha tanıdılmasına da xidmət edir
Prezident İlham Əliyevin 2026-cı ili “Şəhərsalma və Memarlıq İli” elan etməsi də təsadüfi deyil. Bu qərar göstərir ki, Azərbaycan şəhərsalmanı yalnız tikinti sektoru kimi deyil, dövlətin uzunmüddətli strateji inkişaf istiqamətlərindən biri kimi qiymətləndirir. Bakı şəhərinin 2040-cı ilədək Baş Planı, çoxmərkəzli inkişaf modeli, regionlarda aparılan abadlıq və infrastruktur layihələri ölkədə yeni urbanizasiya mərhələsinin başlandığını göstərir.
Bu gün Azərbaycan urbanizasiya, iqlim dəyişiklikləri, dayanıqlı inkişaf və yaşıl enerji kimi qlobal çağırışlara cavab verən dövlətlər sırasında yer almağa çalışır. WUF13 isə bu siyasətin beynəlxalq legitimlik qazanmasına xidmət edən mühüm platformadır. Forumun Bakıda keçirilməsi həm də Cənubi Qafqaz və Mərkəzi Asiyanın qlobal şəhərsalma gündəliyində artan rolunun göstəricisidir.
Nəticə etibarilə, WUF13 təkcə beynəlxalq tədbir deyil, Azərbaycanın siyasi nüfuzunun, diplomatik imkanlarının və inkişaf modelinin qlobal təqdimatıdır. Bakı bu forum vasitəsilə bir daha sübut edir ki, Azərbaycan artıq yalnız enerji və geosiyasət ölkəsi deyil, eyni zamanda beynəlxalq urbanizasiya və dayanıqlı inkişaf gündəliyinin fəal iştirakçılarından biridir.

Digər xəbərlər