Prezident İlham Əliyev: “Bu gün qlobal tədbiri təşkil etməklə biz bir daha şəhərsalmaya, onun inkişafına olan böyük sadiqliyimizi nümayiş etdiririk”
Beynəlxalq tədbirləri yüksək səviyyədə təşkil edən Azərbaycan dünyanın ən böyük şəhərsalma platformalarından biri olan Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına (WUF13) ev sahibliyi edir. Bu, Azərbaycanın beynəlxalq tədbirlərin təşkili sahəsində formalaşdırdığı peşəkar yanaşmanın davamı kimi qiymətləndirilir. WUF13-ün Bakıda keçirilməsi qərarı Azərbaycanın artıq irimiqyaslı beynəlxalq tədbirlərin təşkili sahəsində özünü sübut etməsinin təsdiqidir. Prezident İlham Əliyev tərəfindən nümayiş etdirilən aydın və ardıcıl strateji mövqeyin təsdiqidir. WUF13-ün Bakıda keçirilməsi həm şəhər inkişafı məsələlərinin tək bir perspektivdən həll edilə bilməyəcəyinin, həm də ev sahibi ölkənin ən mühüm rolunun məhz səmimi və açıq dialoq üçün şərait yaratmaq olduğunun qəbul edildiyini göstərir.
Müasir dövrdə şəhərsalma artıq qlobal trendə çevrilib. Hazırda dünya əhalisinin 55 faizi şəhərlərdə yaşayır və hesablamalara görə, 2050-ci ilə qədər bu göstərici 70 faizə çata bilər. “Bu gün qlobal tədbiri təşkil etməklə biz bir daha şəhərsalmaya, onun inkişafına olan böyük sadiqliyimizi nümayiş etdiririk”. Bu sözləri Prezident İlham Əliyev Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) açılış mərasimində çıxışı zamanı söyləyib. “2022-ci ildən etibarən biz üç Milli Şəhərsalma Forumunu təşkilatla (UN-Habitat ilə - red.) birgə keçirmişik. Ağdamda, Zəngilanda və Xankəndidə tədbirlər təşkil olunub. Həmin şəhərlər uzun illər ərzində işğal altında olmuşdur”, - deyə dövlətimizin başçısı vurğulayıb.
“BİZİM ULU BABALARIMIZIN İSTEDADI OLUB, TARİXİ VƏ MEMARLIQ İRSİMİZİ QORUYUB SAXLAYIRIQ”
Bakı müasir infrastruktur, yaşıl məkanlar və tarixi-mədəni irsin harmoniyası fonunda tədbirə yüksək səviyyədə hazırlaşıb. BMT-nin Məskunlaşma Proqramı və Azərbaycan Hökuməti tərəfindən birgə təşkil olunan forum “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusunda keçirilir. Bu mövzu hazırda dünyada sürətlə artan urbanizasiya, iqlim dəyişiklikləri, sosial bərabərlik və təhlükəsiz yaşayış mühiti kimi qlobal çağırışların fonunda xüsusi aktuallıq daşıyır. . Azərbaycanda dayanıqlı şəhərsalma sahəsində uğurlu model formalaşıb. 182 ölkədən 40 mindən artıq iştirakçını bir araya gətirən WUF13-ün Bakıda yüksək səviyyədə təşkili diqqəti cəlb edir. Bu günün ən diqqətçəkən və simvolik hadisələrindən biri Birləşmiş Millətlər Təşkilatının və Azərbaycan Respublikasının dövlət bayraqlarının qaldırılması mərasimi olub. Qeyd edək ki, 17–22 may tarixlərində “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusu adı altında keçirilən WUF13 tədbiri minlərlə iştirakçını, o cümlədən dövlət və hökumət başçılarını, nazirlərini, merləri, biznes nümayəndələrini, akademik dairələri və vətəndaş cəmiyyəti təmsilçilərini bir araya gətirir. Prezident İlham Əliyevin bildirdiyi kimi, “Bakıda keçirdiyi bu günlər ərzində bir çox qonaqlarımız, ilk dəfə səfər edən qonaqlar ölkəmizi daha yaxşı tanıyacaqlar və Azərbaycanda şəhərsalma sahəsində görülən işlərlə daha yaxından tanış olacaqlar”. Azərbaycanın Avropa ilə Asiya arasında yerləşdiyini vurğulayan dövlətimizin başçısı bunun bizim memarlığımızda da öz təzahürünü tapdığını qeyd edib. Dövlət başçımız onu da bildirib ki, Bakı həm qədimlik, həm yenilik, həmçinin tarixi irsin qorunması, həm müasir üslubda şəhərsalmanın inkişafı baxımından aydın şəkildə onu göstərir ki, bizim ulu babalarımızın istedadı olub, tarixi və memarlıq irsimizi qoruyub saxlayırıq.
“BİZ MÜASİR ŞƏHƏRSALMANIN NÜMUNƏSİ AĞ ŞƏHƏRİ YARATMIŞIQ”
Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) açılış mərasimində çıxışı zamanı Prezident İlham Əliyev Azərbaycanın qədim məkanları barədə danışıb. Dövlətimizin başçısı bununla bağlı deyib: “Bu gün Gəncə Bakı kimi öz tarixi simasını qoruyub saxlayır. Qəbələ, Şəki paytaxt olub və Qafqaz Albaniyasının mərkəzlərindən olublar. Bir çox tarixi abidələr var. Şəkinin Kiş kəndində olan kilsə bəlkə də dünyanın ən qədim kilsələrindən biridir. Bizim ulu babalarımızın istedadı, həmçinin məhz Lahıc qəsəbəsində görünür. Kəndin yarandığı əsrdə məhz kanalizasiya sistemi qurulmuşdu və o, bu günə qədər işləyir”.
Prezident İlham Əliyev WUF13 açılış mərasimində Bakıda aparılan müasir şəhərsalma prosesindən nümunələr səsləndirib. Dövlətimizin başçısı bununla əlaqədar deyib: “Bakı dünyada ilk şəhərdir ki, 1846-cı ildə neft hasil olunub. Bütün bu illər ərzində ətraf mühitin mühafizəsinə o qədər diqqət yetirilməyib, torpaq və hava çirklənib. Bakının bir yerində “Qara şəhər”, Bibiheybət, Böyükşor. Bəlkə də bir çoxları üçün bu adlar heç nə demir. Amma vaxtınız varsa, bu yerləri ziyarət edin və 20 il əvvəl necə göründüklərini və iş görüldükdən sonra hansı görünüşə sahib olduqlarını göstərən foto və videolara baxın. Təbii, bu da göstərir ki, Bakıda və respublikanın digər yerlərində bu işlər aparılır”.
Prezident İlham Əliyev WUF13 açılış mərasimində Bakıda həyata keçirilən Ağ Şəhər və “Sea Breeze” layihələrinə də toxunub. Bildirib ki, çirkləndiyi üçün əvvəllər ərazinin “Qara şəhər” adlandırıldığını söyləyən dövlətimizin başçısı deyib: “İndi isə biz müasir şəhərsalmanın nümunəsi Ağ şəhəri yaratmışıq”. Prezident İlham Əliyev bizim şəhərsalmanın inkişafının digər təzahürü kimi isə “Sea Breeze”i qeyd edib və qonaqlara sahilyanı zonada yerləşən həmin yerə baş çəkməyi tövsiyə edib.
Hər kəs üçün əlçatan, təhlükəsiz və layiqli mənzil təminatı fundamental insan hüququdur. Bu, ləyaqətin, sağlamlığın, təhlükəsizliyin və imkanların təməlidir. 1,1 milyarddan çox insan hələ də qeyri-rəsmi qəsəbələrdə və ya gecəqondularda yaşayır, 300 milyondan çox insan isə evsizdir. Bunun fəsadları yalnız mənzillə məhdudlaşmır, daha geniş miqyasa yayılır. Təhlükəsiz mənzil olmadıqda sağlamlıq pisləşir, təhsil pozulur, təhlükəsizlik hissi zəifləyir, bərabərsizlik dərinləşir və icmalar iqlim şoklarına və fəlakətlərə qarşı daha aciz olurlar.
Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası mühüm bir məqama təsadüf edir. Bu, mənzil böhranı ilə bağlı fəaliyyətləri gücləndirmək və eyni zamanda, bu işi dayanıqlı urbanizasiyanın daha geniş çağırışları ilə əlaqələndirmək üçün bir imkan yaradır. Ümumdünya Şəhərsalma Forumu həmin məqsədləri reallığa çevirmək üçün bir təkan olacaq.
Zümrüd BAYRAMOVA