PDF Oxu

Siyasət

  • 922

"Türk Sivilizasiyası Mərkəzi ortaq mədəni kimliyin güclənməsini ifadə edir" - POLİTOLOQ

image

"Prezident İlham Əliyev və Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşündə iştirak edən digər liderlərin Türk Sivilizasiyası Mərkəzinin təməlqoyma mərasimində iştirakı türk dünyasında inteqrasiya proseslərinin yeni mərhələyə keçdiyini göstərən mühüm siyasi və mədəni hadisə kimi qiymətləndirilə bilər".Bunu SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.Onun sözlərinə görə, Qazaxıstanda həyata keçirilən bu layihə yalnız memarlıq və mədəniyyət təşəbbüsü deyil, eyni zamanda ortaq kimlik, tarixi yaddaş və geosiyasi yaxınlaşma ideyasının institusional ifadəsidir: "Son illərdə Türk Dövlətləri Təşkilatı iqtisadi, nəqliyyat, enerji və təhlükəsizlik sahələrində əməkdaşlığı genişləndirməyə çalışsa da, təşkilat daxilində mədəni-humanitar istiqamət ayrıca strateji xətt kimi ön plana çıxır. Türk Sivilizasiyası Mərkəzinin yaradılması da məhz bu yanaşmanın davamı hesab olunur. Bu mərkəz vasitəsilə türk xalqlarının ortaq tarixi irsi, dili, ədəbiyyatı və elmi-mədəni nailiyyətlərinin sistemli şəkildə araşdırılması və beynəlxalq səviyyədə təqdim olunması hədəflənir. Beləliklə, layihə yalnız simvolik deyil, həm də uzunmüddətli “yumşaq güc” platforması kimi nəzərdə tutulur.Azərbaycanın bu prosesdə fəal iştirak etməsi ölkənin türk dünyasında artan siyasi çəkisinin göstəricisidir. Xüsusilə İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın regional təşəbbüslərdə daha aktiv rol alması müşahidə olunur. Bakı artıq yalnız enerji və logistika mərkəzi kimi deyil, həm də türk inteqrasiyasını təşviq edən əsas siyasi aktorlardan biri kimi çıxış edir. Prezident İlham Əliyevin mərasimdə iştirakı və verdiyi mesajlar Azərbaycanın ortaq türk kimliyi konsepsiyasına strateji əhəmiyyət verdiyini nümayiş etdirir.Türk Sivilizasiyası Mərkəzi ideyası geosiyasi baxımdan da diqqət çəkir. Hazırkı beynəlxalq sistemdə mədəni diplomatiya dövlətlərin xarici siyasətində mühüm alətlərdən birinə çevrilib. Çin, Avropa İttifaqı və ərəb ölkələrinin öz sivilizasiya və mədəniyyət platformalarını gücləndirdiyi bir dövrdə türk dövlətlərinin də ortaq humanitar məkan formalaşdırmaq istəyi təbii prosesdir. Bu kontekstdə Türküstanın seçilməsi də təsadüfi deyil. Türküstan həm tarixi, həm də mənəvi baxımdan türk dünyasının mühüm simvolik mərkəzlərindən hesab olunur.Düşünürəm ki, ortaq təhsil proqramları, elmi araşdırma institutları, tələbə mübadiləsi və rəqəmsal mədəni platformalar yaradılması ilə, Türk Sivilizasiyası Mərkəzi türk dövlətləri arasında inteqrasiyanı praktik müstəviyə daşıya bilər. Odur ki, Türk Sivilizasiyası Mərkəzinin təməlqoyma mərasimi türk dünyasının gələcək strateji vizyonunun simvolik nümayişi sayıla bilər".

Müəllif: Günel Fərzəliyeva

Digər xəbərlər