Astara elində boya-başa çatan Azərbaycanın Milli Qəhrəmanı, Aprel döyüşləri şəhidi Pəncəli Teymurovun medalı ailəsinə təqdim olunub. Müdafiə Nazirliyində keçirilən təqdimat mərasimində müdafiə naziri general-polkovnik Zakir Həsənov, nazir müavinləri, hərbçilər, Milli Qəhrəmanın anası və qardaşı iştirak edib.
Təqdimat mərasimində bildirilib ki, Pəncəli Teymurov Vətən uğrunda göstərdiyi şücaət və qəhrəmanlığı ilə Azərbaycan Ordusunun tarixində xüsusi yer tutur və onun xatirəsi daim böyük ehtiramla anılır, keçdiyi şərəfli həyat yolu həmişə gənclərə örnək göstərilir.
Ailə üzvləri şəhidin xatirəsinə göstərilən yüksək diqqət və dövlət qayğısına görə minnətdarlıq ediblər.
Xatırladaq ki, Prezident İlham Əliyevin ötən il noyabrın 7-də imzaladığı sərəncama əsasən, gizir Pəncəli Nurməmməd oğlu Teymurova ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü