"World Urban Forum 13-ün Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq gündəlikdə artan rolunu bir daha göstərir".Bu barədə SİA-ya açıqlamasında politoloq Züriyə Qarayeva deyib.Onun sözlərinə görə, bu forum sadəcə şəhərsalma və urbanizasiya mövzularının müzakirə olunduğu tədbir deyil, həm də ölkələrin gələcək inkişaf modeli, təhlükəsiz yaşayış mühiti, dayanıqlı şəhərlər və sosial rifah haqqında baxışlarını təqdim etdiyi mühüm qlobal platformadır: "Dünyanın müxtəlif ölkələrindən tanınmış ictimai-siyasi xadimlərin, beynəlxalq təşkilat nümayəndələrinin, ekspertlərin və şəhər idarəçiliyi sahəsində qərarvericilərin Bakıya gəlməsi paytaxtımıza göstərilən etimadın göstəricisidir. Bu, həm də Azərbaycanın artıq qlobal proseslərdə yalnız iştirakçı deyil, müzakirələrə ev sahibliyi edən və öz təcrübəsini təqdim edən aktor kimi qəbul olunduğunu nümayiş etdirir.Bakının belə böyük beynəlxalq tədbirə ev sahibliyi etməsi təsadüfi deyil. Son illərdə Azərbaycan şəhərsalma, infrastruktur, rəqəmsal idarəetmə, “ağıllı şəhər” və “ağıllı kənd” yanaşmaları, eləcə də azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri ilə diqqət çəkir. Bu təcrübə ölkənin urbanizasiya sahəsində konkret praktik nümunələrə malik olduğunu göstərir. WUF13 çərçivəsində Bakıya gələn qonaqlar yalnız forumda iştirak etmir, həm də Azərbaycanın dəyişən şəhər mühitini, təşkilati imkanlarını və müasir inkişaf baxışını yaxından görürlər. Bu baxımdan forum Bakının beynəlxalq nüfuzunu gücləndirir, eyni zamanda Azərbaycanın dayanıqlı inkişaf və şəhərsalma diplomatiyasında mövqeyini daha da möhkəmləndirir".
Müəllif: Günel Fərzəliyeva