PDF Oxu

Siyasət

  • 219

WUF13: Azərbaycanda şəhərlər qədimliklə müasirliyin harmoniyası əsasında qurulur -TƏHLİL

image

Şəhərlər tək yaşamaq, insanların rahatlığı, təminatı üçün hər cür şərait yaradılan yaşayış əraziləri deyil, şəhərlər eyni zamanda bir xalqın milli memarlıq üslubunu yaşadan, memarlıq ansamblını təşkil edən, vahid kompozisiya əsasında formalaşdırılan yaşayış əraziləridir. Məhz bu amillər nəzərə alınanda və tətbiq olunanda əsl şəhərdən söhbət gedə bilər.

Gözəl şəhərlər o vaxt cəlbedici olur ki, orada qədimliklə müasirlik harmoniya yaradır. Azərbaycanda şəhərsalma ənənələri tarixlə müasirliyin vəhdəti üzərində formalaşır. Sözsüz, bu, Şərq mədəniyyətindən irəli gəlir. Axı Şərq memarlığı tarix boyu öz füsunkarlığı, əsrarəngizliyi ilə seçilib. Tarixin sinəsinə həkk olunan şəhərlər Şərq memarlığından pay alaraq elə bir ansambl yaradıb ki, karvan-karvan insanı heyrətə salıb.

Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) açılış mərasimində çıxış edən dövlətimizin başçısının dəyərli fikirləri də bu faktları təsdiqləyir: Azərbaycan Avropa ilə Asiya arasında yerləşir və hər zaman Şərqin Qərb ilə qovuşduğu məkan olub. Bu, həmçinin ölkəmizin memarlığında əks olunub. Beləliklə, əgər siz Bakıda İçərişəhərin qədim divarları arasında gəzsəniz, sonra bircə küçəni keçsəniz, özünüzü tamamilə müasir mühitdə hiss edəcəksiniz - vaxtilə üç kilometr olmuş Bakı Bulvarı hazırda 15 kilometrdən artıq tanınmış dənizkənarı məkandır.

Azərbaycanda son illərdə həyata keçirilən şəhərsalma siyasəti qədimliklə müasirliyin harmoniyasına əsaslanır. Tarixi irsin qorunması ilə müasir urbanizasiya prinsiplərinin bir araya gətirilməsi ölkənin şəhər inkişaf strategiyasında əsas xətt kimi çıxış edir. Bu yanaşma həm şəhərlərin milli simasının qorunmasına, həm də insanların rahat və müasir yaşayış mühitində yaşamasına xidmət məqsədi daşıyır.

Ölkəmizin bir çox qədim şəhərlərində aparılan yenidənqurma və abadlıq işləri göstərir ki, tarixə bağlılıq müasir inkişafın qarşısını almır, əksinə onu tamamlayır. Bu yanaşmanı xüsusilə Naxçıvan, Qəbələ, Gəncə və Şamaxı və digər şəhərlərin simasında aydın görmək olur. Adıçəkilən şəhərlərdə yeni yollar, parklar, müasir yaşayış kompleksləri və turizm infrastrukturu tarixi abidələri, milli ornamentləri və qədim küçə mədəniyyətini qorunmaqla yaradılır. Nəticədə şəhərlər həm öz tarixi kimliyini saxlayır, həm də müasir həyat tələblərinə cavab verir. Buna Naxçıvan nümunəsində baxarkən, minilliklərə söykənən tarixə malik olan şəhərdə qədim memarlıq elementlərini qorunmaqla yanaşı, müasir infrastruktur layihələrin həyata keçirilməsini görmək olur. Tarixi abidələrin bərpası, milli memarlıq üslubuna uyğun tikililər, geniş prospektlər və abadlaşdırılmış ictimai məkanlar şəhərin həm qədim ruhunu yaşadır, həm də onu müasir regional mərkəzə çevirir.

Qəbələ isə təbiət, tarix və müasir turizm infrastrukturunun harmoniyasını nümayiş etdirən şəhərlərdən biridir. Burada bir tərəfdən qədim Qafqaz Albaniyasının izlərini daşıyan tarixi məkanlar qorunur, digər tərəfdən isə beynəlxalq standartlara uyğun otellər, istirahət mərkəzləri və müasir turizm obyektləri yaradılır. Nəticədə şəhər həm yerli sakinlər, həm də turistlər üçün cəlbedici yaşayış və istirahət məkanına çevrilir.

Gəncə Azərbaycanın ən qədim şəhərlərindən biri kimi öz tarixi kimliyini qoruyaraq yenilənən şəhərlər sırasındadır. Burada qədim memarlıq nümunələri, parklar və mədəni irs abidələri müasir şəhər infrastrukturu ilə vəhdət təşkil edir. Yeni yolların salınması, parkların yenilənməsi, sosial obyektlərin tikilməsi şəhərin müasir simasını gücləndirsə də, onun qədim ruhu və milli koloriti qorunub saxlanılır.

Eyni yanaşmanı Şamaxı nümunəsində də görmək mümkündür. Tarixən elm, ədəbiyyat və mədəniyyət mərkəzi olmuş şəhərdə qədim memarlıq ənənələri bu gün də yaşayır. Son illərdə aparılan yenidənqurma işləri zamanı şəhərin tarixi görünüşünün saxlanılmasına xüsusi diqqət yetirilir. Müasir yollar, turizm obyektləri və ictimai məkanlar yaradılarkən milli memarlıq elementləri ön planda tutulur.

Bu şəhərsalma konsepsiyası işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur bölgəsində daha geniş şəkildə həyata keçirilir. Şuşa, Ağdam, Füzuli, Zəngilan və digər yaşayış məntəqələrində aparılan quruculuq işləri zamanı həm tarixi irsin bərpasına, həm də müasir texnologiyaların tətbiqinə üstünlük verilir. Burada “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqi ilə ekoloji, rəqəmsal və müasir yaşayış standartlarına uyğun yeni məkanlar formalaşdırılır.

Xüsusilə Şuşa şəhərində aparılan bərpa işləri qədim memarlıq ruhunun qorunmasının ən bariz nümunələrindən biridir. Tarixi küçələr, abidələr və mədəniyyət ocaqları bərpa edilir, eyni zamanda şəhərin müasir infrastrukturu qurulur. Məqsəd təkcə dağıdılmış şəhərləri yenidən tikmək deyil, həm də Azərbaycanın tarixi yaddaşını və milli-mədəni kimliyini gələcək nəsillərə çatdıracaq müasir yaşayış mühiti yaratmaqdır.

Dövlətimizin başçısının sessiyada çıxışında səsləndirdiyi fikirlər görülən və görüləcək işlərin güzgüsüdür: İndi hökumətimizin qarşısında duran əsas vəzifələrdən biri Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasıdır. Bu ərazi 30 il müddətində erməni işğalı altında idi və tamamilə dağıdılaraq məhv edilmişdir. Beynəlxalq müşahidəçilər və ziyarətçilər Ağdamı Xirosima ilə müqayisə edirdilər, onlar Ağdamı “Qafqazın Xirosiması” adlandırırdılar. Çünki şəhər, sadəcə, mövcud deyildi. Şəhər tamamilə yerlə-yeksan edilmişdir və o, Xirosimadan fərqli olaraq, atom bombasının atılması nəticəsində bir günə bu vəziyyətə düşməmişdir. Bu, 30 illik işğal ərzində edilmişdir və bu zaman binalar, tarixi binalar və ictimai binalar, evlər tamamilə sökülərək dağıdılmışdır.

Beləliklə, hazırda Böyük Qayıdış Proqramı həyata keçirilir, şəhər və kəndlərin Baş planları hazırlanır. Mən, əlbəttə ki, çox rəqəm gətirə bilərəm, lakin yalnız ikisini qeyd edim. Artıq 5 il ərzində çəkdiyimiz tunellərin uzunluğu 70 kilometrdir. Digər beşi də tikiləcək. 500 körpüdən 435-i inşa olunub. Bununla yanaşı, elektrik stansiyaları, su təchizatı kəmərləri, su anbarları, evlər, məktəblər, xəstəxanalar, üç beynəlxalq hava limanı tikilib, dəmir yolları çəkilib. Bütün bunlar cəmi beş il ərzində inşa olunub.

Yalnız dağıtmaq, məhv etmək və əziyyətlər vermək üçün gələnlərdən fərqli olaraq, məhz torpağın yiyələri bu cür davranırlar. Bu gün 85 mindən artıq azərbaycanlı keçmişdə işğal altında olmuş ərazilərdə yaşayır. Onlar işləyir, yaşayır, təhsil alır və onların məşğulluğu hökumətimizin ən mühüm hədəflərindən biridir.

Bununla belə, onlar üçün mənzillər və fərdi evlər, məktəb və xəstəxanalar tikmək üçün, əlbəttə, biz minalardan təmizlənməni aparmalı idik, lakin eyni zamanda, biz məşğulluq haqqında düşünməliyik. Həmin sahələrdə artıq salınmış və salınacaq çoxsaylı sənaye zonaları öz torpağında yaşamaq kimi fundamental hüququndan məhrum olmuş yüz minlərlə insanın sürətli qayıdışına birmənalı dəstək olacaq.

Beləliklə, Azərbaycanda həyata keçirilən şəhərsalma siyasəti qədimliklə müasirliyin harmoniyasına əsaslanan inkişaf modelini, eyni zamanda insan amilinə xidmət edən digər sosial təminatları ortaya qoyur. Tarixi irsin qorunması, milli memarlıq ənənələrinin yaşadılması və innovativ urbanizasiya prinsiplərinin tətbiqi ölkənin şəhərlərinə yeni nəfəs verir. Bu yanaşma həm insanların həyat keyfiyyətinin yüksəldilməsinə, həm də şəhərlərin milli kimliyinin qorunmasına xidmət edir.

Təsadüfi deyil ki, Azərbaycanın şəhərsalma sahəsində ortaya qoyduğu bu model beynəlxalq səviyyədə də diqqət çəkir. Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) Bakıda keçirilməsi ölkənin urbanizasiya, dayanıqlı inkişaf və müasir şəhər konsepsiyaları sahəsində artan rolunun göstəricisi hesab olunur. Bu mötəbər platforma Azərbaycanın qədim irslə müasir şəhərsalmanı bir araya gətirən inkişaf təcrübəsini dünyaya təqdim etmək baxımından da xüsusi əhəmiyyət daşıyır.

Mətanət Məmmədova

Digər xəbərlər