PDF Oxu

Siyasət

  • 329

Dayanıqlı şəhərsalma və Azərbaycanın inkişaf modeli - ŞƏRH

image

Mayın 18-də Bakıda çox böyük və əlamətdar bir tədbir keçirildi – Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) rəsmi açılışı oldu. Bu tədbirə dünyanın müxtəlif ölkələrindən minlərlə qonaq gəldi. Açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva da iştirak etdilər. Prezident İlham Əliyev və UN-Habitat təşkilatının icraçı direktoru Anaklaudia Rossbax qonaqları qarşıladılar və birlikdə xatirə fotosu çəkdirdilər.

Sonra tədbirdə WUF13-ə həsr olunmuş videoçarx göstərildi, bədii proqram təqdim olundu və Prezident İlham Əliyev çıxış etdi.

Prezident İlham Əliyev çıxışında qeyd etdi ki, forumda iştirak üçün 182 ölkədən 45 mindən çox insan qeydiyyatdan keçib. Bu, Azərbaycanın ev sahibliyi etdiyi ən böyük beynəlxalq tədbirlərdən biridir. Prezident ümid etdiyini bildirdi ki, WUF13 də COP29 kimi uğurlu nəticələr verəcək. O, həmçinin dedi ki, bu tədbir Bakını və Azərbaycanın şəhərsalma sahəsində gördüyü işləri dünyaya göstərmək üçün yaxşı fürsətdir.

Prezident İlham Əliyev Bakının çox maraqlı bir şəhər olduğunu vurğuladı. Çünki Bakı həm qədim tarixi, həm də müasir inkişafı bir yerdə birləşdirir. İçərişəhər kimi qədim məkanlar, XIX əsr binaları və eyni zamanda müasir bulvar, yeni tikililər, parklar şəhərin gözəlliyini artırır. O qeyd etdi ki, Bakı Bulvarı əvvəl 3 kilometr idi, indi isə 15 kilometrdən çoxdur.

Prezident İlham Əliyev həmçinin bildirdi ki, bu il Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan olunub. Bu da göstərir ki, ölkədə şəhərsalma məsələlərinə xüsusi önəm verilir. O dedi ki, Azərbaycan son illərdə UN-Habitat ilə əməkdaşlıq edərək Ağdam, Zəngilan və Xankəndidə milli şəhərsalma forumları keçirib.

Çıxışın ən diqqət çəkən hissələrindən biri Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması ilə bağlı oldu. Prezident dedi ki, bu ərazilər 30 il işğal altında qalıb və tamamilə dağıdılıb. Ağdam şəhərini hətta “Qafqazın Xirosiması” adlandırdıqlarını xatırlatdı. Amma indi həmin ərazilərdə böyük tikinti və bərpa işləri gedir. Beş il ərzində yollar çəkilib, körpülər tikilib, tunellər salınıb, su və elektrik xətləri çəkilib, məktəblər, xəstəxanalar və üç beynəlxalq hava limanı inşa edilib. Prezident qeyd etdi ki, artıq 85 mindən çox insan həmin ərazilərdə yaşayır, işləyir və təhsil alır.

Prezident İlham Əliyev Bakının ekoloji vəziyyətinə də toxundu. O dedi ki, Bakı uzun illər neft hasilatı səbəbindən çox çirklənmişdi. Amma son 20 ildə şəhərdə böyük təmizləmə və yenidənqurma işləri aparılıb. Qara şəhər adlanan ərazi indi Ağ şəhərə çevrilib və müasir şəhərsalmanın nümunəsi sayılır. Həmçinin Bakıda 100-dən çox park və ictimai məkan yaradılıb.

Forumda BMT Baş katibi Antonio Quterreş və BMT Baş Assambleyasının prezidenti Annalena Berbokun videomüraciətləri də göstərildi. Onlar şəhərlərdə mənzil böhranının və urbanizasiya problemlərinin dünyada getdikcə daha ciddi problemə çevrildiyini qeyd etdilər.

UN-Habitat Assambleyasının prezidenti Nqa Kor Minq çıxışında bildirdi ki, hazırda dünyada 2,8 milyard insan qeyri-normal yaşayış şəraitində yaşayır. O vurğuladı ki, şəhərsalma sahəsində əməkdaşlıq etmək və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün bütün ölkələr birlikdə çalışmalıdır.

UN-Habitat-ın icraçı direktoru Anaklaudia Rossbax isə dedi ki, iqlim dəyişikliyi, münaqişələr, məcburi köçkünlük və mənzil çatışmazlığı bu gün dünyanın ən böyük problemlərindəndir. O vurğuladı ki, şəhərlərin gələcəyi daha dayanıqlı və insan yönümlü olmalıdır.

Ümumilikdə WUF13 Forumunun Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq səviyyədə şəhərsalma və inkişaf məsələlərinə ciddi yanaşdığını göstərdi. Bu tədbir həm Azərbaycanın təcrübəsini dünyaya tanıtdı, həm də gələcək üçün yeni əməkdaşlıqların qurulmasına imkan yaratdı.

Şəhla Xəlilova

YAP Yasamal rayonu Elm və Təhsil Nazirliyi, Fizika İnstitutu üzrə ərazi partiya təşkilatının sədri

Digər xəbərlər