PDF Oxu

Siyasət

  • 344

Azərbaycanın qlobal şəhərsalma gündəliyində yeri - ŞƏRH

image

BMT-nin Məskunlaşma Proqramı çərçivəsində keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının Bakıda təşkili Azərbaycanın beynəlxalq arenada artan nüfuzunun və şəhərsalma sahəsində əldə etdiyi nailiyyətlərin mühüm təsdiqi oldu. Müasir dünyada şəhərsalma artıq yalnız tikinti prosesi deyil, dövlətlərin strateji inkişaf xəttini müəyyən edən əsas istiqamətlərdən biri hesab olunur. Dayanıqlı şəhərlərin qurulması, ekoloji təhlükəsizlik, nəqliyyat infrastrukturunun inkişafı, tarixi irsin qorunması və insan amilinin ön plana çəkilməsi urbanizasiya siyasətinin əsas prioritetlərinə çevrilmişdir. Azərbaycan da son illərdə bu istiqamətdə həyata keçirdiyi genişmiqyaslı layihələrlə beynəlxalq diqqət mərkəzinə yüksəlmişdir. Prezident İlham Əliyevin WUF13-ün açılış mərasimində etdiyi çıxış ölkəmizin şəhərsalma siyasətinin mahiyyətini və gələcək inkişaf perspektivlərini əhatəli şəkildə ortaya qoydu. Dövlət başçısının nitqində qədim memarlıq irsi ilə müasir urbanizasiya modellərinin uzlaşdırılması, işğaldan azad edilmiş ərazilərin yenidən qurulması, yaşıl şəhər konsepsiyaları və insan yönümlü inkişaf prinsipləri əsas xətt kimi diqqət çəkirdi.

Forumun Bakıda keçirilməsi təsadüfi seçim deyildi. Azərbaycan son illərdə beynəlxalq tədbirlərin təşkilində böyük təcrübə qazanmış və etibarlı tərəfdaş kimi özünü təsdiqləmişdir. COP29-dan sonra WUF13 kimi mühüm bir tədbirin də ölkəmizə həvalə olunması Azərbaycanın qlobal proseslərdə artan rolunun göstəricisidir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, 180 ölkədən çox 45 mindən çox iştirakçının qatılması Forumun dünya miqyasında böyük maraq doğurduğunu sübut edirdi. Azərbaycan coğrafi mövqeyinə görə tarix boyu müxtəlif sivilizasiyaların qovuşduğu mühüm məkan olmuşdur. Bu amil ölkəmizin memarlıq və şəhərsalma ənənələrində də özünü göstərir. Bakı şəhəri qədimliklə müasirliyin harmoniyasını özündə birləşdirən nadir şəhərlərdən biridir. İçərişəhərin tarixi atmosferi ilə müasir göydələnlərin və urbanistik layihələrin vəhdəti Azərbaycanın inkişaf modelinin fəlsəfi əsasını təşkil edir.

Prezident İlham Əliyev çıxışında xüsusi vurğulayıb ki, şəhərsalma yeni binaların tikilməsi deyil, həm də milli irsin qorunması prosesidir. Dövlət başçısının sözlərinə görə, Bakıda qədim qala divarlarının yanında müasir şəhər infrastrukturu formalaşdırılıb və bu, şəhərin unikallığını təmin edir. Bakı Bulvarının genişləndirilməsi, ictimai məkanların yaradılması və şəhərin estetik görünüşünün qorunması bu siyasətin mühüm nəticələrindəndir. Forumda Azərbaycanın qədim şəhərləri və tarixi abidələri haqqında səsləndirilən fikirlər ölkəmizin zəngin mədəni irsinin beynəlxalq auditoriyaya təqdimatı baxımından mühüm əhəmiyyət daşıyırdı. Şamaxıdakı qədim məscid, Naxçıvandakı Möminə xatun türbəsi, Şəkinin tarixi abidələri, Lahıcın mühəndislik sistemi və Şuşanın memarlıq irsi və bir sıra memarlıq nümunələri xalqımızın əsrlər boyu formalaşdırdığı yüksək mədəniyyətin göstəriciləridir.

Çıxışda Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən yenidənqurma layihələrinə geniş yer ayırdı. Ermənistanın işğalı dövründə Azərbaycan şəhərlərinin dağıdılması dünya ictimaiyyətinin diqqətinə çatdırıldı. Ağdamın “Qafqazın Xirosiması” adlandırılması işğal nəticəsində törədilmiş vandalizmin miqyasını aydın şəkildə nümayiş etdirirdi.Azərbaycan işğaldan azad olunmuş ərazilərdə yeni şəhərsalma modeli formalaşdırır. Burada tətbiq edilən “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları müasir texnologiyalar və ekoloji yanaşmalar əsasında qurulur. Prezident İlham Əliyevin vurğuladığı kimi, qısa müddət ərzində yolların, körpülərin, tunellərin, hava limanlarının və sosial obyektlərin tikilməsi Azərbaycanın güclü iqtisadi imkanlarını nümayiş etdirir.

Böyük Qayıdış Proqramı Azərbaycanın postmünaqişə dövründə həyata keçirdiyi ən mühüm dövlət layihələrindən biridir. Məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı yalnız sosial məsələ deyil, həm də milli ədalətin bərpası deməkdir. Dövlət tərəfindən tikilən yaşayış kompleksləri, məktəblər, xəstəxanalar və sənaye zonaları insanların təhlükəsiz və rahat şəraitdə yaşamasına xidmət edir.Prezident İlham Əliyev çıxışında məşğulluq məsələsinə də xüsusi toxunurdu. Dövlət başçısı qeyd edirdi ki, insanların evlə təmin olunması kifayət deyil, onların iş yerləri ilə təminatı da əsas prioritetlərdəndir. Qarabağ və Şərqi Zəngəzurda yaradılan sənaye zonaları və iqtisadi layihələr regionun uzunmüddətli inkişafına hesablanmış strateji addımlardır.

Şəhərsalma siyasətində ekoloji amil də mühüm yer tutur. Bakı uzun illər neft sənayesinin təsiri nəticəsində ciddi ekoloji problemlərlə üzləşmişdir. Prezident İlham Əliyevin vurğuladığı kimi, son illərdə həyata keçirilən layihələr şəhərin ekoloji vəziyyətinin yaxşılaşdırılmasına yönəlib. Vaxtilə ağır çirklənməyə məruz qalmış Qara şəhərin müasir Ağ şəhərə çevrilməsi urbanistik transformasiyanın uğurlu nümunəsidir.Bakıda yaradılmış yeni parklar və ictimai məkanlar şəhərin insan yönümlü inkişaf siyasətinin göstəricisidir. Son illərdə salınmış yaşıllıq zolaqları, istirahət parkları və piyada zonaları insanların həyat keyfiyyətinin yüksəldilməsinə xidmət edir. Müasir ictimai nəqliyyat sistemi, elektrik avtobusları və metro şəbəkəsinin genişləndirilməsi də dayanıqlı inkişaf konsepsiyasının mühüm tərkib hissəsidir.

WUF13 çərçivəsində Bakı beynəlxalq urbanizasiya və şəhərsalma ideyalarının müzakirə olunduğu qlobal mərkəzə çevrildi. Müxtəlif ölkələrdən gələn mütəxəssislər Azərbaycan təcrübəsi ilə yaxından tanış olmaq imkanı əldə etdilər. Xüsusilə postmünaqişə dövründə həyata keçirilən bərpa və yenidənqurma layihələri beynəlxalq ekspertlər tərəfindən maraqla qarşılandı. Azərbaycanın şəhərsalma siyasətində milli-mənəvi dəyərlərin qorunması xüsusi yer tutur. Tarixi abidələrin bərpası, qədim şəhərlərin simasının saxlanılması və milli memarlıq elementlərinin yaşadılması dövlətin mədəni siyasətinin mühüm istiqamətlərindəndir. Prezident İlham Əliyevin çıxışında bu məsələlərin xüsusi vurğulanması ölkəmizin milli irsə verdiyi dəyərin göstəricisidir.

Forum həm də Azərbaycanın yumşaq güc siyasətinin mühüm elementinə çevrildi. Ölkəmiz beynəlxalq tədbirlərə ev sahibliyi etməklə özünü dialoq, əməkdaşlıq və multikulturalizm məkanı kimi təqdim edir. Bakı artıq regional deyil, qlobal əhəmiyyətli siyasi-humanitar mərkəz statusunu möhkəmləndirir. Prezident İlham Əliyevin WUF13-dəki çıxışı Azərbaycanın gələcək inkişaf strategiyasının əsas istiqamətlərini də müəyyənləşdirdi. Dayanıqlı şəhərlər, yaşıl enerji, ekoloji təhlükəsizlik, müasir infrastruktur və insan rifahı ölkəmizin urbanizasiya siyasətinin əsas prioritetləri kimi təqdim olundu.

Son olaraq qeyd edək ki, Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası Azərbaycanın beynəlxalq mövqeyinin daha da güclənməsinə mühüm töhfə verir. Forum çərçivəsində Prezident İlham Əliyevin çıxışı isə ölkəmizin şəhərsalma sahəsində qazandığı uğurların və gələcəkdə görüləcək işıərin strateji təqdimatı oldu. Azərbaycan bu gün artıq müasir urbanizasiya sahəsində beynəlxalq təcrübə formalaşdıran mühüm ölkələrdən biridir.

Zahid Cəfərov

“Z.Xəlilov küç.33” (BDU) ünvanı üzrə ərazi partiya təşkilatının sədri,

h.e.d., professor

Digər xəbərlər