PDF Oxu

Siyasət

  • 1 077

Ümumdünya Şəhərsalma Forumu: qlobal urbanizasiya gündəliyi Bakıda müəyyən olunur

image

Ölkəmizdə keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) qlobal miqyasda mühüm əhəmiyyət daşıyan beynəlxalq platforma kimi xarakterizə olunur. Dünyanın müxtəlif regionlarından olan dövlət və hökumət başçılarının iştirak etdiyi Forum şəhərsalma, dayanıqlı inkişaf, memarlıq, urbanizasiya və insan rifahı məsələlərinin müzakirə olunduğu nüfuzlu tədbirlərindən biridir. Prezident İlham Əliyevin Forumun açılış mərasimində çıxışı ölkənin şəhərsalma siyasətinin strateji mahiyyətini, tarixi irsə münasibətini və müasir inkişaf konsepsiyasını əhatə edən mühüm mesajlarla diqqət çəkir.

Ümumdünya Şəhərsalma Forumunda 182 ölkədən 45 mindən artıq iştirakçının qeydiyyatdan keçməsi rekord göstəricilərdən biridir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu, ilyarım əvvəl Azərbaycanda keçirilmiş COP29-dan sonra ikinci ən böyük beynəlxalq tədbirdir. Bakı artıq beynəlxalq tədbirlərin keçirildiyi mühüm qlobal mərkəzlərdən birinə çevrilib. Həmin amillər isə ölkənin artan beynəlxalq nüfuzunun, təhlükəsiz və etibarlı tərəfdaş imicinin növbəti göstəricisidir.
Prezident İlham Əliyev çıxışında Azərbaycanın tarixən Şərqlə Qərbin qovuşduğu məkan olduğunu vurğulayıb. Bu xüsusiyyət ölkənin memarlığında və şəhərsalma ənənələrində də öz əksini tapır. Bakının qədim İçərişəhəri ilə müasir şəhər infrastrukturu arasında mövcud olan harmonik vəhdət milli-mədəni irsin qorunması ilə modern urbanizasiya siyasətinin uğurlu sintezidir. Vaxtilə üç kilometrlik əraziyə malik olan Bakı bulvarının bu gün 15 kilometrdən artıq sahəni əhatə etməsi paytaxtın sürətli inkişafını və müasir şəhərsalma yanaşmasının uğurunu nümayiş etdirir.
Dövlətimizin başçısı çıxışında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunmasının əhəmiyyəti də qeyd edib. BMT-nin Məskunlaşma Proqramı ilə əməkdaşlıq çərçivəsində Ağdam, Zəngilan və Xankəndidə milli şəhərsalma forumlarının keçirilməsi işğaldan azad olunmuş ərazilərdə aparılan quruculuq və bərpa siyasətinin beynəlxalq ictimaiyyətə təqdimatı baxımından mühüm önəm kəsb edir. Şəhərsalma siyasəti yalnız tikinti prosesi deyil, eyni zamanda, sosial rifahın təmin olunmasına xidmət edən kompleks inkişaf modelidir.
Prezident İlham Əliyev Azərbaycanın qədim şəhərlərinin zəngin memarlıq irsindən də geniş bəhs edib. Şamaxı, Naxçıvan, Gəncə, Şəki, Qəbələ və Lahıc dünyanın ən qədim yaşayış məskənləridir. Xalqımız əsrlər boyu böyük memarlıq və şəhərsalma ənənələri formalaşdırıb. Şamaxıdakı qədim məscid, Naxçıvandakı Möminə xatun türbəsi, Şəkidəki tarixi abidələr və Lahıcın əsrlər öncə yaradılmış mühəndis-kommunikasiya sistemi xalqımızın yüksək mədəni irsinin nümunələridir. Dövlətimizin başçısı qeyd edib ki, biz təkcə musiqimizdə və şeirlərimizdə deyil, eyni zamanda, memarlıqda öz əksini tapan qədim tariximizlə qürur duyuruq.
Tarixi irsin qorunması ilə müasir inkişaf arasında tarazlığın vacibliyi də xüsusi diqqət çəkir. Şəhərsalma siyasətində həm cəsarət, həm də ehtiyatlılıq vacibdir. Müasir infrastrukturun yaradılması ilə yanaşı, tarixi abidələrin və milli memarlıq nümunələrinin qorunması əsas prioritetlərdən biridir. Bu yanaşma ölkədə həyata keçirilən şəhərsalma siyasətinin milli dəyərlərlə uzlaşdırıldığını nümayiş etdirir.
Forum çərçivəsində işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda aparılan yenidənqurma işləri də geniş şəkildə diqqətə çatdırılıb. 30 illik işğal dövründə bu ərazilər tamamilə dağıdılmış, şəhərlər yerlə-yeksan edilmişdir. Ağdamın “Qafqazın Xirosiması” adlandırılması həmin dağıntıların miqyasını təsdiqləyir. Lakin qısa müddət ərzində həmin torpaqlarda genişmiqyaslı quruculuq layihələri həyata keçirilib. Artıq 85 mindən çox insan keçmiş işğal bölgələrində yaşayır, çalışır və təhsil alır. Dövlət tərəfindən həyata keçirilən məşğulluq proqramları, sənaye zonalarının yaradılması və sosial infrastruktur layihələri insanların doğma torpaqlarına davamlı və təhlükəsiz qayıdışını təmin etməyə yönəlib. Bu siyasət həm sosial rifahın yüksəldilməsinə, həm də bölgənin iqtisadi potensialının bərpasına xidmət edir. Prezident İlham Əliyev bildirib ki, hazırda Böyük Qayıdış Proqramı həyata keçirilir, şəhər və kəndlərin Baş planları hazırlanır: “Mən, əlbəttə ki, çox rəqəm gətirə bilərəm, lakin yalnız ikisini qeyd edim. Artıq 5 il ərzində çəkdiyimiz tunellərin uzunluğu 70 kilometrdir. Digər beşi də tikiləcək. 500 körpüdən 435-i inşa olunub. Bununla yanaşı, elektrik stansiyaları, su təchizatı kəmərləri, su anbarları, evlər, məktəblər, xəstəxanalar, üç beynəlxalq hava limanı tikilib, dəmir yolları çəkilib. Bütün bunlar cəmi beş il ərzində inşa olunub”.
Son illər ərzində həyata keçirilən layihələr nəticəsində paytaxtın ekoloji vəziyyəti əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb. “Qara şəhər”in müasir “Ağ şəhər” layihəsinə çevrilməsi ekoloji şəhərsalma siyasətinin uğurlu nəticələrindən biridir. Son 20 ildə Bakıda 100 park, ictimai yer və bağların salınması, müasir ictimai nəqliyyat sisteminin yaradılması şəhər mühitinin daha rahat və dayanıqlı olmasına xidmət edir.
Şəhərsalma siyasətinin əsas məqsədi insanların rahat yaşayışını təmin etmək, tarixi irsi qorumaq və müasir urbanizasiya proseslərini dayanıqlı inkişaf prinsipləri əsasında həyata keçirməkdir. Bu siyasət yalnız paytaxt Bakını deyil, bütövlükdə regionların sosial-iqtisadi inkişafını da əhatə edir.
Ümumilikdə, Ümumdünya Şəhərsalma Forumunun Bakıda keçirilməsi və Prezident İlham Əliyevin çıxışı ölkənin müasir inkişaf modelinin, tarixi-mədəni irsə bağlılığının və dayanıqlı şəhərsalma siyasətinin beynəlxalq səviyyədə təqdimatı baxımından mühüm əhəmiyyət daşıyır. Bu Forum Azərbaycanın qlobal urbanizasiya və şəhərsalma gündəliyində fəal iştirak edən dövlətlərdən biri olduğunu bir daha nümayiş etdirir.

Bədəl Bədəlov
Milli Məclisin deputatı

Digər xəbərlər