Azərbaycanda əhalini təhlükəsiz, sosial-iqtisadi cəhətdən daha təminatlı yaşaması üçün hər cür imkanlar yaradılıb, qanunlar qəbul edilib, Prezident Fərmanları, Sərəncamları imzalanıb. Bu baxımdan ölkəmiz dünyanın ən azad, demokratik dövlətləri sırasında öncül yerlərdən birində qərarlaşır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dövlət siyasətinin təməlində vətəndaş mövqeyinin əhəmiyyətini vurğulamaqla, cəmiyyətdə hər bir vətəndaşın, hər bir insanın qənaətə gəldiyi rəyə dövlətin münasibətinin hiss edilməsini bildirmişdir: "Azərbaycan dövləti sosial dövlətdir, çünki siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Bu gün də belədir, gələcəkdə də belə olacaqdır. Bizim bütün işimizin mərkəzində, təməlində Azərbaycan vətəndaşı dayanır və Azərbaycan vətəndaşının rahat rifah içində yaşaması bizim başlıca borcumuzdur".
Nüfuzlu beynəlxalq təşkilatların, aparıcı dövlətlərin vurğuladığı kimi Azərbaycanda insan hüquq və azadlıqları ən yüksək səviyyədə təmin olunur. 1993-cü il də Ümummilli Lider Heydər Əliyevin xalqın çağırışı ilə ikinci dəfə hakimiyyətə gəlişindən sonra bütün sahələr də olduğu kimi insan hüquq və azadlıqlarının təmin olunması ən ümdə məsələlərdən olmuşdur. Aparılna düzgün, məqsədyönlü siyasət nəticəsində demokratik cəmiyyət quruculuğuna nail olunmaqla insan hüquqlarının ən yüksək səviyyədə təmin olunmuşdur. Ulu Öndər Heydər Əliyev hələ Konstitusiya layihəsinin hazırlanması zamanı demişdir: "Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir konstitusiya qəbul etməliyik ki, o müstəqil Azərbaycan Respublikasında demokratik prinsiplə, əsasında uzun müddət sabit yaşamasını təmin edən əsas qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü - ali icra, qanunvericilik, məhkəmə hakimiyyəti - bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır".
Dahi Öndərimiz Heydər Əliyevin əsasını qoyduğu siyasət Azərbaycanın hər bir vətəndaşına azad, sərbəst yaşamaq hüquqlarını təmin etmək və öz rifahını yaxşılaşdırmaq imkanları yaratmaqdan ibarət olmuşdur. Ulu Öndərimiz Heydər Əliyevin 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə insan hüquqlarının müdafiəsi sahəsində Dövlət Proqramı təsdiq olunmuşdur. Dövlət proqramı çərçivəsində qanunvericilik və institusional islahatlar həyata keçirilmişdir. Demokratik ədalət mühakiməsi prinsiplərinə əsaslanan yeni məhkəmə sistemi, konstitusiya nəzarəti, insan hüquqları üzrə müvəkkil kimi yeni təsisatlar yaradılmış, hüquq mühafizə fəaliyyəti təkmilləşdirilmiş, qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin fəaliyyəti genişlənmiş, insan hüquqlarının təmini sahəsində effektiv müdafiə mexanizmləri formalaşdırılmışdır. Ümummilli Liderin rəhbərliyi ilə hazırlanan və 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə yanaşı, insan hüquq və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çıxarmışdır. Konstitusiyada əksini tapmış bu strateji məqsəd, ilk növbədə, hüquqi islahatları və insan haqlarının qorunması prinsipinin real həyatda tətbiqini zəruri etmişdir. Konstitusiyanın qəbulundan sonra Azərbaycanda hüquqi islahatların keyfiyyətcə yeni mərhələsi başlanmış, yeni qanunvericilik aktları hazırlanaraq qəbul edilmişdir.
Konstitusiyanın III fəsli, bütövlükdə, yəni 48 maddə insan hüquq və azadlıqlarına həsr olunmuşdur. Əsas Qanunun 71-ci maddəsində insan və vətəndaş hüquqlarına və azadlıqlarına təminat verilir, bu hüquqları və azadlıqları qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının qarşısında mühüm vəzifə kimi qoyulur. İnsan şəxsiyyətinə və ləyaqətinə hörmət, dövlət hakimiyyət orqanlarının demokratik qaydada formalaşması vasitəsilə xalqın hakimiyyət funksiyasının həyata keçirilməsində iştirakı, insan hüquqlarının səmərəli müdafiəsi mexanizmlərinin mövcudluğu, ümumbəşəri dəyərlərə sadiqlik, milli qanunvericiliyin beynəlxalq hüquqa uyğunlaşdırılması və bu kimi digər məsələlər Əsas Qanunumuzun mahiyyətini təşkil edir. Milli və ümumbəşəriliyin vəhdətini özündə əks etdirən Azərbaycan Konstitusiyası dünyanın bütün demokratik ölkələrinin təcrübəsinə əsaslanmaqla yanaşı, həm də milli xüsusiyyətləri də nəzərə almışdır. Konstitusiyamızın üçdəbirini təşkil edən "Əsas insan və vətəndaş hüquqları və azadlıqları" fəslində əksini tapdı. Sonradan bu sahədə ardıcıl iş davam etdirilərək, Konstitusiyanın özü daha da təkmilləşdirildi.
Dahi Öndərimiz Heydər Əliyevin əsasını qoyduğu siyasəti uğurla davam etdirən ölkə Prezidenti İlham Əliyevin yürütdüyü iqtisadi, siyasi və hüquqi islahatların əsasında da məhz insan və vətəndaş hüquq və azadlıqlarının təmini məsələsi dayanır. Dövlət başçısının 28 dekabr 2006-cı il tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planı” təsdiq edilmişdir. Bu sənəd insan hüquqlarının təmin edilməsi prosesinin keyfiyyətcə yeni müstəviyə keçməsinə, universal və regional səviyyədə yeni əməkdaşlıq strategiyasının qurulmasına, dövlətlə vətəndaş cəmiyyəti arasında tərəfdaşlıq münasibətlərinin yaradılmasına xidmət etmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi möhtəşəm islahatlar nəticəsində demokratik vətəndaş cəmiyyəti, hüquqi və dünyəvi dövlət quruculuğu konstitusiyası, bazar münasibətlərinə əsaslanan güclü iqtisadiyyat, balanslaşdırılmış xarici siyasət və digər sahələrdə mütərəqqi uğurlar əldə olunmuşdur. Azərbaycan Respublikası insan hüquqları sahəsində fəaliyyət göstərən nüfuzlu beynəlxalq qurumlarla əməkdaşlığı inkişaf etdirmiş, insan hüquqlarının müdafiəsi sahəsində 50-dən çox beynəlxalq sənədə tərəfdar çıxmış və bu sahədə beynəlxalq öhdəliklərin həyata keçirilməsində mühüm nailiyyətlər əldə etmişdir.
İnsan azadlıqlarına yüksək dəyərin nəticəsi olaraq ölkə Prezidenti, Cənab İlham Əliyevin Fərmanı ilə əfv qərarları verilir. 2025-ci ilin dekabrında “Konstitusiya və Suverenlik İli” çərçivəsində sayca 13-cü olan bu amnistiya aktı imzalanmışdır. Bu amnistiya aktı ümumilikdə 22 min 935 şəxsə şamil edilib. Dövlətin humanizm siyasətinin növbəti təzahürü olan bu qərar tətbiq olunan şəxslərin sayına görə indiyədək qəbul edilmiş ən geniş amnistiyadır. Amnistiya tətbiq olunan şəxslərin 5348-i müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasından azad edilib. Bundan əlavə, azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş 3555 nəfərin cəzasının çəkilməmiş müddəti 6 ay azaldılıb.
Azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzalara məhkum edilmiş 9714 şəxsə də amnistiya tətbiq olunub. Belə ki, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 7970, islah işləri cəzasına məhkum olunmuş 734, ictimai işlər cəzasına məhkum edilmiş 82, cərimə cəzasına məhkum olunmuş 741, hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilmiş 175, intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum olunmuş 12 şəxs bu cəzalardan azad edilib. Eyni zamanda, şərti məhkum edilmiş, cəzasının çəkilməsi təxirə salınmış və cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş 1059 məhkum barəsində də amnistiya tətbiq olunub.
Həmçinin məhkəmələrin icraatında olan işlər üzrə 1676, ibtidai istintaq və təhqiqat orqanlarının icraatında olan işlər üzrə isə 1583 olmaqla, ümumilikdə 3259 şəxs cinayət məsuliyyətindən azad edilib.
İnsan hüquqları aylığı çərçivəsində “Milli Fəaliyyət Proqramı”nın müddəalarına əsaslanmaqla, ölkəmizin bütün regionlarında dövlət qurumları, QHT və KİV-lər, beynəlxalq təşkilatlar, icmalar tərəfindən insan hüquqlarının effektiv müdafiəsinə yeni mərhələ açan, əhalinin müxtəlif qruplarını əhatə etməklə insan hüquqlarını təbliğ edən mövzularda müxtəlif maarifləndirmə tədbirləri və müzakirələr təşkil olunur.
Bir sözlə, ölkəmizdə aparılan islahatlar və həyata keçirilən siyasət bir daha təsdiq edir ki, Azərbaycan hüquqi, demokratik dövlət quruculuğuna, insan, hüquq və azadlıqlarının ən yüksək səviyyədə müdafiəsinə sadiqdir. Bu prinsip və siyasət bundan sonra da davam etdiriləcək.
İ.ƏLİYEV