Azərbaycan Milli İstiqlal Partiyasının Mətbuat xidmətindən redaksiyamıza verilən məlumata əsasən AMİP sədri, Milli Məclisin deputatı Arzuxan Əli-zadə mayın 20-də Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev tərəfindən qəbul edilmişdir.
Keçirilmiş görüşdə Azərbaycanın son illərdə qazandığı böyük nailiyyətlər, eləcə də bu uğurların səbəbkarı olan Prezident İlham Əliyevin qətiyyəti nəticəsində davamlı şəkildə həyata keçirilən yeni siyasi konfiqurasiya haqqında fikir mübadiləsi aparıldığını deyən A.Əli-zadə bu görüşlərin partiyanın fəaliyyəti üçün böyük əhəmiyyət daşıdığını bildirmişdir.
A.Əli-zadə Azərbaycan Milli İstiqlal Partiyasının Milli Məclisdəki fəaliyyəti və beynəlxalq tədbirlərdə uğurlu iştirakından söhbət açmış, 28 aprel-2 may tarixlərində Xorvatiyada keçirilmiş Beynəlxalq Demokrat İttifaqının forumunda AMİP-in nümayəndə heyətinin iştirakından bəhs etmişdir. Müxtəlif beynəlxalq təşkilatların, xüsusən Avropa Parlamentinin davamlı şəkildə Azərbaycana qarşı qərəzli mövqeyinə toxunan A.Əli-zadə bu ilin 30 aprel tarixində qəbul edilən qətnaməni beynəlxalq hüquqa, Azərbaycanın suverenliyinə və Cənubi Qafqazda sülh prosesinə qarşı siyasi təxribat adlandırmışdır.
Görüşdə 44 günlük Vətən müharibəsi Zəfərindən və separatist silahlı qüvvələrə qarşı həyata keçirilən antiterror əməliyyatından sonra öz ərazi bütövlüyü və suverenliyini təmin edən Azərbaycanın beynəlxalq aləmdə qalib dövlətə və regional layihələrdə əsas söz sahibinə çevrilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılmışdır. Eləcə də hazırda ölkəmizdə yüksək səviyyədə təşkil edilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında dünyanın 182 ölkəsinin təmsil olunmasını Azərbaycanın yüksələn beynəlxalq nüfuzunun əyani göstəricisi olduğu qeyd edilmişdir.
A.Əli-zadə görüşdə Qarabağ və Şərqi Zəngəzurda aparılan böyük quruculuq və şəhərsalma işlərindən, 5 il ərzində bu ərazilərdə 85 mindən çox vətəndaşımızın yaşaması, təhsil alması və işləməsi üçün şəraitin yaradılmasından və bütün bunların böyük zəhmət, iradə və iqtisadi güc hesabına başa gəlməsindən söz açıldığını demiş və AMİP-in də dövlətin apardığı milli-siyasi birlik və həmrəylik siyasətini dəstəklədiyini, Azərbaycanın güclənməsini istəməyənlərə qarşı barışmaz mövqeyinə daim sadiq qalacağını ifadə etmişdir.