PDF Oxu

Siyasət

  • 253

Azərbaycanın bir çox yerlərində şəhərsalma çox sürətli inkişaf edir - ŞƏRH

image

Azərbaycan son illərdə yalnız siyasi və iqtisadi sahədə deyil, şəhərsalma və memarlıq istiqamətində də mühüm inkişaf mərhələsinə qədəm qoyub. Ölkəmizdə həyata keçirilən genişmiqyaslı quruculuq layihələri, müasir urbanizasiya yanaşmaları və dayanıqlı inkişaf prinsiplərinə əsaslanan şəhərsalma siyasəti beynəlxalq səviyyədə də diqqətlə izlənilir. Bu baxımdan BMT çərçivəsində keçirilən COP29 və Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) Bakıda təşkili Azərbaycanın artan beynəlxalq nüfuzunun və qlobal məsələlərin müzakirəsində fəal rolunun göstəricisidir.

Bu gün Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi etibarlı platforma kimi tanınır. WUF13 forumunda 182 ölkədən 45 mindən çox nümayəndənin iştirakı da Bakıya və Azərbaycana olan yüksək etimadı nümayiş etdirir. Paytaxt Bakının müasir infrastrukturu, innovativ şəhərsalma layihələri, zəngin memarlıq ənənələri və beynəlxalq tədbirlərin təşkilində qazandığı təcrübə ölkəmizin regionun əsas şəhərsalma mərkəzlərindən birinə çevrildiyini təsdiqləyir.

Xüsusi əhəmiyyət daşıyan məqamlardan biri də Ümumdünya Şəhərsalma Forumunun regionda və türk dünyasında ilk dəfə məhz Azərbaycanda keçirilməsidir. Bu, Azərbaycanın artıq yalnız regional deyil, qlobal dialoq və əməkdaşlıq məkanı kimi qəbul olunduğunu göstərir.

Müasir dövrdə urbanizasiya dünya üçün ən aktual problemlərdən biri hesab olunur. Əhalinin sürətlə artması və şəhərlərdə məskunlaşmanın genişlənməsi bir sıra yeni çağırışlar yaradır. Hazırda dünya əhalisinin yarıdan çoxu şəhərlərdə yaşayır və yaxın onilliklərdə bu göstəricinin daha da artacağı proqnozlaşdırılır. Bu isə şəhərlərdə infrastruktur yükünün artmasına, ekoloji problemlərin dərinləşməsinə, nəqliyyat və sosial təminat məsələlərinin mürəkkəbləşməsinə səbəb olur.

Şəhərlərin sənaye və iqtisadi fəaliyyətin əsas mərkəzinə çevrilməsi də urbanizasiya problemlərini artırır. Dünyada istehsal olunan ümumi daxili məhsulun böyük hissəsi şəhərlərdə formalaşır. Bununla yanaşı, karbon emissiyalarının əsas hissəsi də şəhərlərin və tikinti sektorunun payına düşür. Yaşıl zonaların azalması, ətraf mühitin çirklənməsi və iqlim dəyişiklikləri urbanizasiyanın yaratdığı ən ciddi problemlər sırasındadır.

BMT məhz bu səbəbdən təhlükəsiz və dayanıqlı şəhərlərin formalaşdırılmasını prioritet istiqamətlərdən biri elan edib. Dayanıqlı İnkişaf Məqsədlərindən biri də şəhərlərin təhlükəsiz, inklüziv və ekoloji baxımdan davamlı inkişafına həsr olunub. Azərbaycan da bu istiqamətdə BMT ilə fəal əməkdaşlıq edir və milli səviyyədə mühüm layihələr həyata keçirir.

Ölkəmizin təşəbbüsü ilə irəli sürülən 18-ci Dayanıqlı İnkişaf Məqsədi - humanitar minatəmizləmə məsələsi də xüsusi aktuallıq daşıyır. Çünki təhlükəsiz yaşayış mühitinin yaradılması üçün ilk növbədə insanların mina təhlükəsindən qorunması vacibdir. İşğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı minatəmizləmə işləri və paralel şəkildə həyata keçirilən yenidənqurma layihələri Azərbaycanın bu sahədə formalaşdırdığı unikal təcrübənin əsas hissəsidir.

Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və quruculuq proqramları müasir şəhərsalma modelinin nümunəsi kimi diqqət çəkir. Uzun illər işğal altında qalmış və tamamilə dağıdılmış yaşayış məntəqələrinin yenidən qurulması zamanı “ağıllı şəhər”, “ağıllı kənd”, yaşıl enerji və dayanıqlı inkişaf prinsiplərinə üstünlük verilir. Son illərdə bu məqsədlə dövlət büdcəsindən milyardlarla manat vəsait ayrılıb və artıq minlərlə keçmiş məcburi köçkün doğma yurdlarına qayıdıb.

Bu proses yalnız bərpa deyil, eyni zamanda gələcəyin şəhərlərinin qurulması deməkdir. Azərbaycan postmünaqişə dövründə həyata keçirdiyi şəhərsalma siyasəti ilə beynəlxalq səviyyədə maraq doğuran model formalaşdırır. Məhz buna görə də beynəlxalq təşkilatlar və ekspertlər Azərbaycanın təcrübəsini xüsusi diqqətlə izləyirlər.

Prezident İlham Əliyevin vurğuladığı kimi, “Azərbaycanın bir çox yerlərində şəhərsalma çox sürətli inkişaf edir”. Bu inkişaf yalnız tikinti və infrastruktur layihələri ilə məhdudlaşmır. Burada əsas məqsəd təhlükəsiz, ekoloji cəhətdən təmiz, dayanıqlı və rahat yaşayış mühitinin yaradılmasıdır.

Bütün bunlar göstərir ki, şəhərsalma və urbanizasiya artıq yalnız memarlıq və tikinti məsələsi deyil. Bu sahə təhlükəsizlik, ekologiya, sosial rifah, miqrasiya və dayanıqlı inkişaf kimi qlobal çağırışlarla birbaşa bağlıdır. Azərbaycan isə bu istiqamətdə həm milli səviyyədə uğurlu siyasət həyata keçirir, həm də beynəlxalq əməkdaşlıq və təcrübə mübadiləsinə mühüm töhfələr verir.

Şamo Qasımov

Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədr müavini

Digər xəbərlər