Dağlar diyarı Lerikdə Vətən Müharibəsi Qəhrəmanı, şəhid mayor Amid Heydərovun doğum günü ilə əlaqədar təşkil olunan tədbirdə rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov, Milli Məclisin deputatı Vasif Qafarov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri, mədəniyyət müəssisələri, şəhid ailə üzvləri və rayon ictimaiyyəti iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə şəhidin adına olan parkda ucaldılmış büstünü baş çəkib və xatirəsini ehtiramla anıblar. Həmçinin Azərbaycan Respublikasının müstəqilliyi, ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov, millət vəkili Vasif Qafarov çıxış edərək bildiriblər ki, 30 il yağıya əsir düşən müqəddəs yurd yerimiz olan Qarabağın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə şəhid olmuş qəhrəman Vətən övladlarının əziz xatirəsi həmişə ehtiramla yad edilir, onların keçdiyi döyüş yolu bir nümunə kimi təbliğ olunur. Vətən müharibəsində Lerik rayonundan olan qəhrəman oğullarımız da Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında hərbi əməliyyatlarda misilsiz rəşadət göstərib, öz qanları bahasına möhtəşəm qələbə qazanıblar. Belə qəhrəmanlardan biri də şəhid mayor Amid Heydərovdur. O, milyonların qəlbində yaşamaqla heç vaxt unudulmaz.
Sonda şəhidin atası Rəbbil Heydərov çıxış edərək şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbəri İlham Əliyevə minnətdarlığını bildirib.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü