Cənub mirvarisi Lənkəran rayonunda “İrimiqyaslı fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda kompleks mülki müdafiə təlimi keçirilib. May ayının 18-dən 20-dək davam edən Mülki müdafiə təlimində Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısının birinci müavini Mikayıl Cəfərzadə iştirak edib.
Lənkəran Şəhər İcra Hakimiyyətinin 2026-cı il üçün tədbirlər planına və Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzinin 2026-cı il üçün hazırlıq planına müvafiq olaraq keçirilən kompleks mülki müdafiə təliminə Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin, Lənkəran rayonunun mülki müdafiə xidmətlərinin və hərbiləşdirilməmiş mülki müdafiə dəstələrinin texnikası və şəxsi heyəti cəlb olunub. Yüksək səviyyədə başa çatan kompleks mülki müdafiə təlimində ümumilikdə 43 ədəd texnika və 208 nəfər şəxsi heyət iştirak edib.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü