Azərbaycan uzun müddətdir genişmiqyaslı və qlobal xarakterli tədbirlərin keçirildiyi mühüm mərkəzlərdən birinə çevrilib. Prezident İlham Əliyevin strateji yanaşması nəticəsində qlobal miqyasda narahatlıq doğuran məsələlərin məhz Bakıda müzakirəsi üçün əlverişli şərait yaradılıb. BMT çərçivəsində keçirilən COP29-un və qısa müddət sonra təşkil olunan Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) Bakıda baş tutması klassik diplomatiya deyil, həm də ictimai və mədəni diplomatiya baxımından xüsusi əhəmiyyət daşıyır. Bu, dövlətimizin artan nüfuzunun və beynəlxalq mövqeyinin möhkəmlənməsinin göstəricilərindəndir.
WUF13-ə qatılan iştirakçıların geniş coğrafiyanı əhatə etməsi də bunu təsdiqləyir. 182 dövlətdən 45 mindən çox müxtəlif peşə və səlahiyyət sahiblərindən ibarət nümayəndə heyəti Bakıdadır. Bu maraq eyni zamanda tədbirlərin keçirildiyi məkana - Bakıya olan etimadın göstəricisidir. Paytaxtın müasir infrastrukturu, yeni şəhərsalma layihələri, memarlıq nümunələri, mədəni potensialı və beynəlxalq tədbirlərin təşkilində qazandığı təcrübə Azərbaycanın bu sahədə güclü bir mərkəzə çevrildiyini nümayiş etdirir.Xüsusilə qeyd edilməlidir ki, Ümumdünya Şəhərsalma Forumu regionda və türk dünyasında ilk dəfə məhz Azərbaycanda keçirilir. Bu isə Azərbaycanın artıq yalnız regional deyil, qlobal səviyyədə də mühüm dialoq və əməkdaşlıq məkanına çevrildiyini göstərir.
Azərbaycan 2022-ci ildən etibarən BMT-nin Məskunlaşma Proqramı ilə əməkdaşlıq çərçivəsində Ağdam, Zəngilan və Xankəndi şəhərlərində milli şəhərsalma forumları keçirir. Bu tədbirlər işğaldan azad olunmuş ərazilərin yenidən qurulmasının beynəlxalq təcrübə və müasir urbanizasiya prinsipləri əsasında həyata keçirilməsinə mühüm töhfə verir. 30 ilə yaxın erməni işğalı altında qalan Azərbaycan torpaqları tamamilə dağıdılıb, şəhər və kəndlər viran qoyulub, tarixi və dini abidələr məhv edilib. Xüsusilə Ağdam şəhərinin beynəlxalq müşahidəçilər tərəfindən “Qafqazın Xirosiması” adlandırılması erməni vandalizminin miqyasını və işğalın ağır nəticələrini açıq şəkildə nümayiş etdirir. Hazırda həmin ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilir, müasir şəhərsalma konsepsiyalarına uyğun yeni yaşayış məntəqələri salınır. Böyük Qayıdış Proqramı uğurla icra olunur və bu proqram postmünaqişə dövründə Azərbaycanın həyata keçirdiyi ən mühüm strateji layihələrdəndir. Son beş ildə işğaldan azad olunmuş ərazilərdə onlarla tunel, yüzlərlə körpü, beynəlxalq hava limanları, məktəblər, xəstəxanalar, enerji və nəqliyyat infrastrukturu inşa olunub. Artıq 85 mindən çox azərbaycanlı öz doğma torpaqlarına qayıdaraq həmin ərazilərdə yaşayır, işləyir və təhsil alır. Bu proses yalnız fiziki infrastrukturun bərpası deyil, eyni zamanda insanların fundamental hüquqlarının bərpasına, sosial rifahın təmin olunmasına və regionun dayanıqlı inkişafına xidmət edən böyük humanitar missiyadır.
Azərbaycan hazırda BMT və digər beynəlxalq platformalarda fəaliyyət aparır ki, humanitar minatəmizləmə ayrıca bir Dayanıqlı İnkişaf Məqsədi kimi qəbul edilsin. Bu, olduqca vacib və aktual təşəbbüsdür. Çünki təhlükəsiz yaşayış mühitinin formalaşdırılmasının əsas şərtlərindən biri məhz insanların mina təhlükəsindən uzaq, təhlükəsiz ərazilərdə yaşamasıdır. Ümumiyyətlə, Azərbaycan qlobal çağırışlara cavab olaraq beynəlxalq səviyyədə qəbul edilən təşəbbüsləri milli şəraitə uyğunlaşdıraraq tətbiq edir. Bu istiqamətdə dövlət proqramları, hökumət layihələri həyata keçirilir və ölkənin öz təcrübəsi ilə bu proses daha da zənginləşdirilir. Humanitar minatəmizləmə ilə bağlı irəli sürülən 18-ci məqsəd də bunun ən uğurlu nümunələrindən biridir.
Azərbaycan münaqişələrin və müharibələrin yaratdığı problemlərə xüsusi diqqət çəkir. Hazırda dünyada onlarca aktiv münaqişə ocağının sayı ilə bağlı müxtəlif statistikalar təqdim olunur, amma 50-dən artıq olması daha geniş yayılmış statistik göstəricidir. Bu münaqişələr yalnız humanitar böhran yaratmır, eyni zamanda ətraf mühitə ciddi zərər vurur, karbon emissiyalarını artırır və iqlim dəyişikliklərinə mənfi təsir göstərir.
Digər mühüm problem isə məcburi köçkünlük və qaçqınlıq məsələsindən irəli gələn məsələlərdir. Bu problem də dövlət və cəmiyyət olaraq bizə yaxından tanışdır. Son illərin statistikasına görə, dünyada 120 milyondan çox insan məcburi köçkün və qaçqın vəziyyətində yaşayır. Problem ondadır ki, bu insanların da 60 faizi məhz şəhərlərdə məskunlaşıb. Ekspertlərin proqnozlarına əsasən, əgər münaqişələr davam edərsə, 2040-cı ilə qədər bu rəqəmə daha milyonlarla insan əlavə oluna bilər. Bu isə urbanizasiya, şəhərlərin yüklənməsi və sosial problemlərin daha da dərinləşməsi deməkdir.
Vüqar İsmayılov
Yeni Azərbaycan Partiyası Xocalı rayon təşkilatının əməkdaşı