PDF Oxu

Siyasət

  • 171

Azərbaycanın uğurlu inkişaf modeli - ŞƏRH

image

2026-cı il mayın 18-də Bakı şəhərində keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası dünya miqyasında şəhərsalma, urbanizasiya, dayanıqlı inkişaf və müasir yaşayış mühitinin formalaşdırılması sahəsində mühüm beynəlxalq platformalardan biri kimi xüsusi əhəmiyyət daşımışdır. Dünyanın müxtəlif ölkələrindən dövlət rəsmilərinin, beynəlxalq təşkilat nümayəndələrinin, ekspertlərin və şəhərsalma üzrə mütəxəssislərin iştirak etdiyi forum qlobal çağırışların müzakirəsi və gələcək əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm rol oynamışdır.

Forumun açılış mərasimində çıxış edən İlham Əliyev Azərbaycanın müasir şəhərsalma siyasəti, dayanıqlı inkişaf strategiyası və işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı yenidənqurma layihələri barədə ətraflı məlumat vermişdir. Prezident çıxışında vurğulamışdır ki, urbanizasiya prosesinin düzgün idarə olunması yalnız iqtisadi inkişafın deyil, həm də sosial rifahın, ekoloji təhlükəsizliyin və insan kapitalının inkişafının əsas şərtlərindən biridir.

Çıxış zamanı qeyd olunmuşdur ki, son illərdə Azərbaycanda həyata keçirilən infrastruktur layihələri şəhərlərin simasının müasirləşdirilməsinə, vətəndaşların yaşayış səviyyəsinin yüksəldilməsinə və dayanıqlı inkişaf prinsiplərinin tətbiqinə xidmət edir. Xüsusilə Bakı şəhərində həyata keçirilən abadlıq və quruculuq işləri, yeni nəqliyyat infrastrukturunun yaradılması, park və yaşıllıq zonalarının genişləndirilməsi, rəqəmsal texnologiyaların tətbiqi ölkəmizin urbanizasiya siyasətinin əsas istiqamətlərindəndir.

Prezident çıxışında işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan yenidənqurma işlərinə xüsusi diqqət ayırmışdır. Bildirilmişdir ki, həmin ərazilərdə həyata keçirilən layihələr müasir şəhərsalma standartlarına uyğun şəkildə qurulur və “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyaları əsasında inkişaf etdirilir. Yeni yaşayış məntəqələrinin salınması, müasir məktəblərin, xəstəxanaların, sosial obyektlərin tikintisi, alternativ enerji layihələrinin icrası regionun gələcək inkişafı üçün möhkəm zəmin yaradır.

Çıxışda ekoloji məsələlərə də geniş yer verilmişdir. Qeyd olunmuşdur ki, müasir şəhərlərin inkişafı ətraf mühitin qorunması ilə paralel aparılmalıdır. Bu baxımdan yaşıl enerji zonalarının yaradılması, günəş və külək enerjisindən istifadənin genişləndirilməsi, ekoloji təmiz nəqliyyat vasitələrinin təşviqi və resurslardan səmərəli istifadə dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Azərbaycanın COP29-a ev sahibliyi etməsi də ölkəmizin qlobal iqlim gündəliyinə verdiyi töhfənin göstəricisi kimi dəyərləndirilmişdir.

İlham Əliyev forum iştirakçılarının diqqətinə çatdırmışdır ki, şəhərsalma siyasətində əsas məqsəd insan amilinin ön planda saxlanılmasıdır. Müasir şəhərlər yalnız yüksək binalar və inkişaf etmiş infrastruktur deyil, həm də təhlükəsiz, rahat, əlçatan və sosial baxımdan inklüziv yaşayış mühiti deməkdir. İnsanların rahat yaşayışı, keyfiyyətli təhsil və səhiyyə xidmətlərinə çıxışı, sosial rifahın təmin olunması dövlət siyasətinin başlıca istiqamətlərindən biridir.

Forum çərçivəsində beynəlxalq əməkdaşlığın əhəmiyyəti də vurğulanmışdır. Bildirilmişdir ki, urbanizasiya və iqlim dəyişiklikləri ilə bağlı problemlərin həlli qlobal həmrəylik və ortaq təşəbbüslər tələb edir. Azərbaycan beynəlxalq təşkilatlarla əməkdaşlığı genişləndirərək bu sahədə qabaqcıl təcrübələrin tətbiqinə xüsusi önəm verir. Bakı şəhərinin belə mötəbər beynəlxalq tədbirə ev sahibliyi etməsi ölkəmizin beynəlxalq nüfuzunun artdığını və qlobal məsələlərin müzakirəsində fəal iştirak etdiyini nümayiş etdirir.

Sonda qeyd edilmişdir ki, Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası yalnız şəhərsalma sahəsində fikir mübadiləsi platforması deyil, həm də dövlətlər arasında əməkdaşlığın gücləndirilməsi, innovativ yanaşmaların təşviqi və dayanıqlı gələcəyin formalaşdırılması baxımından mühüm beynəlxalq tədbirdir. İlham Əliyevin forumdakı çıxışı Azərbaycanın inkişaf modelini, müasir şəhərsalma sahəsində əldə etdiyi nailiyyətləri və gələcəyə yönəlmiş strateji baxışını beynəlxalq ictimaiyyətə təqdim edən mühüm siyasi mesaj kimi böyük maraqla qarşılanmışdır.

Nərmin Azadova

"H.B.Zərdabi küç.96" (Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Ictimai Səhiyyə və Islahatlar Mərkəzi) ünvanı üzrə ərazi partiya təşkilatının sədr müavini

Digər xəbərlər