PDF Oxu

Siyasət

  • 174

World Urban Forumu yeni imkanların yaranmasına səbəb olacaq - ŞƏRH

image

Azərbaycanın geosiyasi mövqeyi əhəmiyyətli dərəcədə güclənib. Bu ölkəmizdə keçirilən beynəlxalq forum və tədbirlərin təşkilində özünü açıq-aydın göstərir. Həm yüksək təşkilatçılıq, həm tədbir iştirakçılarının zənginliyi onu deməyəy əsas verir ki, Azərbaycan artıq yalnız regional deyil, beynəlxalq səviyyədə də söz sahibi olan dövlət kimi qəbul olunur. Bu günlərdə Bakıda keçirilən World Urban Forum 13 təkcə şəhərsalma və urbanizasiya mövzularının müzakirə edildiyi platforma kimi deyil, həm də Azərbaycanın beynəlxalq siyasi və diplomatik çəkisinin göstəricisi kimi qiymətləndirilir.

Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası çərçivəsində möhtərəm cənab Prezident İlham Əliyev tərəfindən səsləndirilən fikirlər Azərbaycanın müasir inkişaf strategiyasının mahiyyətini ortaya qoyur: “Azərbaycan Avropa ilə Asiya arasında yerləşir və hər zaman Şərqin Qərb ilə qovuşduğu məkan olub. Bu, həmçinin ölkəmizin memarlığında əks olunub. Beləliklə, əgər siz Bakıda İçərişəhərin qədim divarları arasında gəzsəniz, sonra bircə küçəni keçsəniz, özünüzü tamamilə müasir mühitdə hiss edəcəksiniz - vaxtilə üç kilometr olmuş Bakı Bulvarı hazırda 15 kilometrdən artıq tanınmış dənizkənarı məkandır. Daha sonra isə Avropa memarları tərəfindən layihələndirilmiş və tikilmiş XIX əsrə aid binalar var. Bir sözlə, Bakıda, qədimliklə yenilik, tarixi irsimizin qorunması ilə şəhərsalmanın planlaşdırılması və müasirləşdirilməsi zəruriliyi arasında təbii vəhdət mövcuddur. Bu, həqiqətən əcdadlarımızın istedadının bariz nümunəsi, tarixi və memarlıq irsimizi necə qoruduğumuzun təzahürüdür. Şəhərsalma nəinki Bakı, o cümlədən Azərbaycanın bir çox şəhərləri üçün gündəlik əsaslarla işlədiyimiz məsələdir”.

Dövlət başçısı onu da bilridib ki, təşkil olunan tədbir mühüm əhəmiyyətə malikdir: “Bu gün biz qlobal toplantını təşkil edərək, biz şəhərsalmaya, onun inkişafına, insanların həyatını yaxşılaşdırmaq gündəliyinə və onların özlərini rahat hiss etmələri üçün əhalimizin bütün lazımi şəraitlərlə təmin olunmasına güclü sadiqliyimizi bir daha nümayiş etdiririk. Nəinki Bakı, o cümlədən Azərbaycanın bir çox qədim şəhərləri öz memarlığı ilə fərəhlənə bilər. Mən onlardan bəzilərini qeyd edəcəyəm. Vaxtilə Şirvanşahlar dövlətinin paytaxtı olan və XIV əsrdə yazıb-yaratmış dahi Azərbaycan şairi Nəsiminin doğulduğu yerdə - Şamaxıda 743-cü ildə tikilmiş dünyanın ən qədim məscidlərindən biri var. Bir vaxtlar Atabəylər dövlətinin paytaxtı olan, dahi memar Əcəmi Naxçıvaninin vətəni Naxçıvanda onun tikdiyi XII əsrə aid Möminə xatun türbəsi var. Dünyanın ən qədim şəhərlərindən biri olan, XII əsrdə yaşayıb-yaratmış digər dahi Azərbaycan şairi Nizami Gəncəvinin vətəni Gəncə bu gün Bakı kimi inkişaf edir və tarixi simasını qoruyur. Qafqaz Albaniyası dövlətinin paytaxtı Qəbələdə və əsas şəhərlərdən biri olan Şəkidə çoxsaylı tarixi abidələr var. Şəki şəhərinin yaxınlığında yerləşən Kiş kəndindəki kilsə ola bilsin, dünyadakı ən qədim kilsələrdən biridir. Əcdadlarımızın istedadını nümayiş etdirən digər bir misal Lahıc kəndidir. On beş əsr bundan əvvəl kənd yaradılanda insanlar bu gün də işləyən kanalizasiya sistemini və su xəttini çəkmişlər. Demək olar ki, 30 il ərzində işğal altında qalan Qarabağın tacı Şuşa indi sıfırdan yenidən qurulur və onun zədələnmiş qalası bərpa edilib”.

Bütün bunların fonunda onu qeyd etmək olar ki, Ümumdünya Şəhərsalma Forumunun Bakıda keçirilən tədbiri milli-mənəvi dəyərlərə söykənən şəhərsalma siyasətini və gələcəyə hesablanmış dövlət baxışını bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırır. WUF13 ətrafında yaranan beynəlxalq maraq Azərbaycanın yumşaq güc imkanlarını da genişləndirir. Belə tədbirlər yalnız iqtisadi və texniki məsələlərin müzakirəsi ilə məhdudlaşmır, eyni zamanda ölkənin təhlükəsizliyi, sabitliyi, təşkilatçılıq qabiliyyəti və beynəlxalq etibarı barədə siyasi mesajlar da formalaşdırır.

Mətanət Səfərli

YAP Nəsimi rayon təşkilatının əməkdaşı

Digər xəbərlər