İlk öncə qeyd etmək lazımdır ki, Ölkəmizin ev sahibliyi etdiyi hər bir beynəlxalq tədbir Azərbaycan haqqında dolğun məlumatların əldə olunmasına geniş imkanlar açır. Bu baxımdan Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası da beynəlxalq əhəmiyyəti ilə diqqətdədir. Mayın 18-də Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) açılış mərasimi keçirilib.
Prezident cənab İlham Əliyev Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) açılış mərasimində iştirak edib. Azərbaycan dövləti belə qlobal beynəlxalq tədbirə ev sahibliyi etməklə bir daha şəhərsalmaya, onun inkişafına olan diqqətini, yeniliklərə, təkmilləşməyə verdiyi önəmi nümayiş etdirir.
Prezident cənab İlham Əliyev vurğuladı ki, Azərbaycanın WUF13 kimi nüfuzlu beynəlxalq tədbirə ev sahibliyi etməsi ölkəyə olan etimadın və Azərbaycanın qlobal əməkdaşlıq platformalarında etibarlı tərəfdaş kimi qəbul edilməsinin göstəricisidir.
Dövlət başçımızın çıxışında əsas diqqət çəkən məqamlardan biri işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa-quruculuq işləri oldu. Cənab İlham Əliyev qeyd etdi ki, 30 ilə yaxın işğal altında qalmış ərazilər tamamilə dağıdılmış vəziyyətdə idi və hazırda həmin bölgələrin yenidən qurulması Azərbaycan dövlətinin əsas prioritetlərindən biridir.
Bu gün Azərbaycan işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirdiyi genişmiqyaslı bərpa-quruculuq işləri ilə dünyaya şəhərsalmanın müasir təcrübəsini təqdim edir. Ölkəmizdə səfərdə olan tədbir iştirakçıları bu reallıqları yaxından görmək imkanı qazanıblar. Bu gün azad Qarabağ və azad Şərqi Zəngəzur hazırda Böyük Qayıdış Proqramının uğurlu icrası nəticəsində mərhələ-mərhələ sakinlərinə qovuşur.
Dayanıqlı iqtisadi inkişafa malik olan Azərbaycan bütün sahələrdə zəngin təcrübəsi ilə diqqətdədir. Daim irəliyə baxmağa, əldə edilən uğurlarla kifayətlənməməyə çağırışlar edən Azərbaycan hər günü tarixinə mühüm uğurlar yazmağı hədəfləyir və buna yüksək səviyyədə nail olur.
Müasir dünya siyasətində etibarlı tərəfdaş kimi tanınan, Cənubi Qafqaz regionunun lider ölkəsi olan Azərbaycan həm ikitərəfli münasibətlər, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini uğurla davam etdirir. Respublikamızın xarici siyasətinin səciyyəvi xüsusiyyətlərindən biri bu strateji kursun müstəqillik və suverenlik prinsiplərinə əsaslanmasıdır.
Elmin Məmmədov
YAP Ağdam rayon təşkilatının əməkdaşı