PDF Oxu

Siyasət

  • 328

Müasirlik, tarixi irs və böyük qayıdışın memarlıq fəlsəfəsi - ŞƏRH

image

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2026-cı il mayın 18-də Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasındakı geniş və proqram xarakterli çıxışı ölkəmizin qlobal şəhərsalma tendensiyalarına inteqrasiyasını, eləcə də milli inkişaf prioritetlərini bütün dünyaya nümayiş etdirdi. Dövlət başçısı öz nitqində ilk növbədə Azərbaycanın unikal coğrafi və geosiyasi mövqeyinə toxunaraq qeyd etdi ki, Azərbaycan Avropa ilə Asiya arasında yerləşir və hər zaman Şərqin Qərb ilə qovuşduğu məkan olub. Bu strateji mövqe əsrlər boyu regionumuzun mədəniyyətlərarası dialoq mərkəzinə çevrilməsini təmin etmiş, müxtəlif sivilizasiyaların memarlıq və şəhərsalma ənənələrinin Azərbaycanda sintez olunmasına rəvac vermişdir. Bu gün ölkəmiz həm Şərq memarlığının incəliklərini, həm də Qərbin mütərəqqi texnologiyalarını özündə birləşdirən bənzərsiz bir məkandır. Forumun Bakıda təşkil olunması da məhz bu tarixi və coğrafi statusun qlobal miqyasda qəbul olunmasının bariz göstəricisidir. Tədbirin beynəlxalq əhəmiyyətini vurğulayan dövlət başçısı diqqətə çatdırdı ki, bizim bu mötəbər forumda 182 ölkədən 45 mindən artıq qeydiyyata alınmış iştirakçımız var. Belə bir rekord göstərici dünyanın Azərbaycana və onun şəhərsalma təcrübəsinə olan böyük marağının, eyni zamanda ölkəmizin beynəlxalq miqyasda qazandığı yüksək etimadın sübutudur. Bakı şəhəri günlər ərzində bəşəriyyətin gələcək şəhər mühitinin formalaşdırılması üçün ən mühüm qərarların müzakirə edildiyi qlobal platformaya çevrilmişdir.
Prezident İlham Əliyev çıxışında Azərbaycan xalqının zəngin mədəni irsinə xüsusi yer ayıraraq bildirdi ki, biz təkcə musiqimizdə və şeirlərimizdə deyil, eyni zamanda, memarlıqda öz əksini tapan qədim tariximizlə qürur duyuruq. Azərbaycanda memarlıq sadəcə binaların inşası deyil, xalqın ruhunun, onun çoxəsrlik dünyagörüşünün daşlar üzərində həkk olunmuş salnaməsidir. Dövlət başçısı vurğuladı ki, Bakı, o cümlədən Azərbaycanın bir çox qədim şəhərləri öz memarlığı ilə fərəhlənə bilər. İçərişəhərdən tutmuş Gəncənin, Şəkinin, Şuşanın tarixi abidələrinə qədər hər bir tikili bizim milli kimliyimizin ayrılmaz parçasıdır. Azərbaycan öz tarixi keçmişini göz bəbəyi kimi qoruyarkən, eyni zamanda müasir dünyanın çağırışlarına da sürətlə cavab verir. Ölkəmizdə şəhərsalma prosesi fasiləsiz xarakter daşıyır və bu çərçivədə bu il “Şəhərsalma və Memarlıq İli” elan edilmişdir. Bu mühüm qərar ölkədə şəhər mühitinin keyfiyyətinin yüksəldilməsinə, ekoloji standartların gücləndirilməsinə və milli memarlıq məktəbinin ənənələrinin müasir çağırışlarla uzlaşdırılmasına güclü təkan verir. Bu xüsusi il çərçivəsində ölkə daxilində çoxsaylı infrastruktur layihələri icra olunur və şəhərlərimizin estetik görkəmi köklü şəkildə yenilənir.
Azərbaycanın dinamik inkişaf tempinə toxunan dövlət başçısı bəyan etdi ki, hazırda Azərbaycanın bir çox yerlərində şəhərsalma çox sürətli inkişaf edir. Bu inkişaf təkcə paytaxt Bakı ilə məhdudlaşmır, regionlarımızın da simasını tamamilə dəyişir. Müasir yaşayış kompleksləri, sosial infrastruktur obyektləri və sənaye zonaları ölkə coğrafiyasında balanslı inkişafı təmin edir. Şəhərlərin sürətli böyüməsi fonunda ekoloji tarazlığın qorunması da ən vacib prioritetlərdən biridir. Prezident səmimi şəkildə qeyd etdi ki, biz ətraf mühit sahəsində çox işləri görməli olduq. Bakının keçmiş sənaye sahələrinin, o cümlədən ekoloji cəhətdən ağır vəziyyətdə olan ərazilərin təmizlənməsi, yeni yaşıllıq zonalarının və parkların salınması istiqamətində fundamental addımlar atılmışdır. Bu gün Bakı təkcə memarlığı ilə deyil, həm də geniş təmiz havası, dənizkənarı bulvarı və ekoloji regenerasiya layihələri ilə seçilən bir meqapolisə çevrilmişdir. Bu müasir və təmiz şəhər mühiti həm də Bakını dünyanın ən böyük idman və mədəniyyət tədbirlərinin mərkəzi edib. Dövlət başçısı qeyd etdi ki, Bakı Qran-Prisi şəhər halqasında keçirilən çox azsaylı yarışlardandır. Formula 1 yarışlarının məhz Bakının tarixi və müasir küçələrini əhatə edən şəhər trasında keçirilməsi paytaxtımızın dinamizmini, onun qədimliklə müasirliyi necə mükəmməl şəkildə uzlaşdırdığını hər il yüz milyonlarla qlobal tamaşaçıya bir daha nümayiş etdirir.
Prezident İlham Əliyevin nitqinin ən mühüm və strateji hissəsi işğaldan azad edilmiş torpaqlarımızın bərpası ilə bağlı oldu. Azərbaycan Lideri qətiyyətlə bildirdi ki, indi hökumətimizin qarşısında duran əsas vəzifələrdən biri Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasıdır. Otuz ilə yaxın davam edən işğal dövründə tamamilə dağıdılmış, yerlə-yeksan edilmiş şəhər və kəndlərimiz indi tamamilə yenidən, sıfırdan inşa olunur. Bu nəhəng proses çərçivəsində Böyük Qayıdış Proqramı həyata keçirilir, şəhər və kəndlərin Baş planları hazırlanır. Dövlət başçısı diqqətə çatdırdı ki, azad edilmiş ərazilərdə tətbiq olunan şəhərsalma modeli "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyalarına əsaslanır. Hər bir yaşayış məntəqəsinin Baş planı memarlıq və ekoloji standartların ən son tələbləri səviyyəsində işlənilir. Keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına təhlükəsiz və ləyaqətli qayıdışı üçün bütün zəruri şərait yaradılır. Azərbaycan dövləti öz iqtisadi gücü və daxili resursları hesabına Qarabağda və Şərqi Zəngəzurda görünməmiş bir dirçəliş dastanı yazır. Prezident İlham Əliyevin Ümumdünya Şəhərsalma Forumundakı bu tarixi çıxışı Azərbaycanın həm öz daxili quruculuq işlərində, həm də qlobal miqyasda dayanıqlı və yaşıl şəhərsalma ideyalarına sadiqliyinin ən ali ifadəsi oldu.

İlqar İlyasov
Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədri

Digər xəbərlər