Dünya şəhərsalma forumunun 13-cü sessiyası Azərbaycanın paytaxtı Bakı şəhərində təşkil edildi.(17-22 may 2026-cı il) Bakı şəhərində keçirilən və “Hərkəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı yaşayış məskənləri” mövzusuna həsr olunmuş WUF -13 Qlobal mənzil çağırışlarını ön plana çəkərək mənzil təminatının inkluzivlik və davamlığın əsas amili kimi araşdırılacaq və yeni şəhər gündəliyinin icrasının formalaşdırılmasına töhfə verəcəkdir. Ölkə prezidenti Cənab İlham Əliyev forumun açılışında çıxış edərək 2026-cı ilində dünyanın şəhərsalma sahəsində ən nüfuzlu tədbirlərindən olan Ümumdünya şəhərsalma forumunun 13-cü sessiyasının Bakı şəhərində keçirilməsi qərarını Azərbaycanın beynəlxalq urbanizasiya prosesinə verdiyi töhfənin və etibarlı tərəfdaş kimi qazandığı yüksək etimadın göstəricisi kimi qiymətləndirmişdir.
Müasir şəhərsalma strategiyaları, şəhərsalma mədəniyyəti, mədəni irsin qorunası və şəhərsalma nümunələri bütün dünya ölkələrində çox geniş müzakirələrə səbəb olan məsələlərdəndir. Bakı şəhərində keçirilən Dünya Şəhərsalma Forumunun 13-cü sessiyasında yuxarıda qeyd edilənlərin müzakirəsinə dünya ölkələrindən çoxsaylı akademik təsisatların, beynəlxalq təşkilatların nümayəndələrinin və mütəxəssislərin fəal şəkildə müzakirələrə qoşulmaları və iştirak etmələri müşahidə olunur. Müzakirələrdə məhz işğaldan azad edilmiş ərazilərdə mədəni irsin bərpa edilməsi, ağıllı şəhər və ağıllı yaşayış məntəqələrinin layihələrinin icrası istiqamətində Azərbaycan təcrübəsi geniş müzakirə edilmiş və "Peace 4 Culture" layihəsi təqdim olunmuşdur. Forum çərçivəsində (WUF 13) həmçinin "Şəhərsalma iqlimə davamlı urbanizasiya və dayanıqlı inkişaf" mövzusuna həsr olunan müzakirələr də maraqla qarşılanmışdır. Forum çərçivəsində qlobal mənzil çağırışları ön plana çəkilir. Statistik məlumatlara görə, dünyada təxminən 3 milyard insan yetərli mənzil şəraitində yaşamır, 1,1 milyarddan çox insan qeyri-formal məskunlaşmış, 300 milyondan çox insan isə evsizlik problemi ilə üzləşmişdir. Bu çağırışlar iqlim dəyişikliyi, münaqişələr, təbii fəlakətlər və artan sosial-iqtisadi bərabərsizlik fonunda daha da dərinləşir. Zəngin tarixi ənənələrə malik olan Azərbaycanın şəhərsalma mədəniyyətin eyni zamanda mədəni irsin qorunması, onun bərpası təcrübələri bir çox dünya ölkələri üçündə maraqla qarşılanmışdır.
Qoşqar Məmmədov
Bakı Dövlət Universiteti, Torpaqşünaslıq və daşınmaz əmlakın kadastrı kafedrasının dosenti