Son illərdə qlobal əhəmiyyətli mötəbər tədbirlərin və taleyüklü beynəlxalq platformaların dəyişməz ünvanına çevrilən Azərbaycan, növbəti dəfə bəşəriyyətin gələcəyinə işıq tutan tarixi bir missiyaya ev sahibliyi edir. Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Proqramı (UN-Habitat) ilə tərəfdaşlıq çərçivəsində paytaxt Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) qlobal miqyasda böyük əks-səda doğurub. "Dünyanı sığınacaqla təmin etmək: Təhlükəsiz və dözümlü şəhərlər və icmalar" başlığı altında baş tutan bu nəhəng forum, planetimizin gələcək şəhərsalma bələdçisini məhz Bakıda formalaşdırır. Beynəlxalq analitiklərin və nüfuzlu xəbər portallarının xüsusi olaraq vurğuladığı ən əsas məqam, WUF13 kimi qlobal və strateji bir platformanın Azərbaycana gətirilməsinin birbaşa Cənab Prezident İlham Əliyevin uzaqgörən xarici siyasəti, diplomatik nüfuzu və böyük təşəbbüsü sayəsində mümkün olmasıdır. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə reallaşdırılan modern "ağıllı şəhər" və "ağıllı kənd" layihələri, xüsusilə də işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurun yaşıl enerji zonası elan edilərək tamamilə sıfırdan, ən müasir ekoloji və memarlıq standartları ilə yenidən qurulması beynəlxalq birliyin diqqətini cəlb etməyə bilməzdi. Azərbaycan Lideri bu tarixi təşəbbüslə dünyaya sübut etdi ki, ölkəmiz şəhərsalma prosesində sadəcə təcrübə öyrənən deyil, qlobal standartları diktə edən və tətbiq edən aparıcı bir gücdür. Forumun rəsmi açılış mərasimində Cənab Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı, bu tədbirin dövlətimizin iqlim, şəhərsalma və dayanıqlı inkişaf sahəsinə verdiyi ali önəmin ən bariz göstəricisidir. Dövlət və hökumət başçılarının, beynəlxalq təşkilatların rəhbərlərinin və dünyanın ən nüfuzlu şəhərsalma ekspertlərinin iştirakı ilə reallaşan Liderlərin Bəyanatları üzrə Sessiya forumun əsas dönüş nöqtələrindən biri oldu. COP29-un uğurlu estafetini davam etdirən WUF13-ün qarşısına qoyduğu məqsədlər bəşəriyyət üçün həyati əhəmiyyət kəsb edir. Hazırda dünya əhalisinin təxminən 40 faizini — yəni 3 milyard insanı əhatə edən qeyri-münasib qiymətlər, mənzil çatışmazlığı və keyfiyyətsiz yaşayış şəraiti kimi qlobal mənzil böhranına qarşı effektiv strategiyaların tapılması tədbirin əsas hədəfidir. Bu tarixi forumun qlobal şəhərsalma tarixinə bəxş etdiyi ən böyük irslərdən biri isə Azərbaycan Hökumətinin təşəbbüsü və UN-Habitat-ın tərəfdaşlığı ilə təsis edilən "Bakı Şəhərsalma Mükafatı" (Baku Urban Award) oldu. Bu beynəlxalq mükafat dünyada innovativ, dayanıqlı və sosial yönümlü şəhər həllərini təşviq etmək məqsədi daşıyır. Mükafatın Bakının adı ilə bağlanması, ölkəmizin planetin gələcək inkişafında buraxdığı silinməz izin rəsmi təsdiqidir. WUF13-ün digər diqqətçəkən məqamı həm yerli sakinlərin, həm də çoxsaylı xarici qonaqların foruma göstərdiyi hədsiz kütləvi maraqdır. Paytaxtda əsl bayram ab-havası və böyük bir canlanma yaradan amillər xəbər portallarının manşetlərini bəzəyir. Dünyanın ən müasir memarlıq, tikinti və texnologiya trendlərinin nümayiş olunduğu interaktiv "Urban Expo" sərgisində xüsusilə Azərbaycan pavilyonu innovativ konsepsiyası ilə xarici qonaqların ən çox ziyarət etdiyi məkana çevrilib. Eyni zamanda, forum çərçivəsində paytaxtın mərkəzində təşkil edilən milli geyimli yürüşlər və "City Activity" mədəni proqramları Bakının zəngin tarixi irsi ilə müasirliyinin səmimi vəhdətini bütün dünyaya nümayiş etdirir. Medianın İnkişafı Agentliyi və WUF13 Azərbaycan Əməliyyat Şirkətinin təşəbbüsü ilə xarici jurnalistlər üçün Bakının tarixi məkanlarına, eləcə də qədim Şamaxı şəhərinə təşkil edilən xüsusi akreditasiya turları isə ölkəmizin multikultural dəyərlərini və turizm potensialını dünya mediasının gündəminə uğurla daşıyıb. Bakı küçələrində gəzərkən dünyanın fərqli coğrafiyalarından, irqlərindən və mədəniyyətlərindən olan insanların eyni ali məqsəd naminə daha yaşana bilən bir dünya üçün bura toplaşdığını görmək hər bir Azərbaycan vətəndaşına böyük qürur hissi yaşadır. Bu gün Bakı sadəcə qlobal qərarların qəbul edildiyi rəsmi bir platforma deyil; o, özünəməxsus qonaqpərvərliyi ilə hər bir qonağı doğma evindəki kimi hiss etdirən nəhəng bir mədəniyyət körpüsüdür. Cənab Prezident İlham Əliyevin uzaqgörən siyasəti ilə təməli qoyulan bu dialoq mühiti, gələcək nəsillərin daha təhlükəsiz, daha yaşıl və daha dayanıqlı şəhərlərdə yaşaması üçün atılmış ən sarsılmaz və ən səmimi addımdır.
Əliabbas Quliyev
YAP Yasamal rayon təşkilatının fəal gənci