“Artıq neçə gündür ki, buradayıq və bir-birinin ardınca çox maraqlı tədbirlər keçirilir. Bu, dünyada keçirilən 13-cü belə forumdur və burada qlobal problemlərə xüsusi diqqət ayrılır”.Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Mətbuat Şurasının idarə heyətinin üzvü Umud Mirzəyev deyib.O bildirib ki, forum çərçivəsində mina təmizlənməsi, təhlükəsizlik və şəhərsalma məsələləri geniş müzakirə olunur: “Qarabağ hazırda böyük tikinti və bərpa platformasına çevrilib. Lakin bölgədə geniş minalanmış ərazilər mövcuddur və bu, şəhərsalma prosesində əsas maneələrdən biridir”.Umud Mirzəyev qeyd edib ki, mina ilə çirklənmiş ərazilər təmizlənmədən yeni yaşayış məntəqələrinin salınması və infrastruktur layihələrinin icrası mümkün deyil.Onun sözlərinə görə, şəhərsalma prosesində təhlükəsizliklə yanaşı, yaşıl iqtisadiyyat, sirkulyar iqtisadiyyat və innovativ yanaşmalar da əsas prioritetlərdəndir.O vurğulayıb ki, yolların çəkilməsi və digər infrastruktur layihələrinin həyata keçirilməsi üçün ilk növbədə təhlükəsizlik təmin edilməlidir.Umud Mirzəyev bildirib ki, Ümumdünya Şəhərsalma Forumu yalnız şəhərsalma tədbiri deyil, həm də böyük beynəlxalq platformadır: “Burada dünyanın müxtəlif ölkələrindən nümayəndələr iştirak edir və Azərbaycan haqqında müsbət fikir formalaşdırırlar”.O qeyd edib ki, forumda 30 mindən çox iştirakçı qeydiyyatdan keçib və burada qlobal çağırışlar, inkişaf modelləri müzakirə olunur.Umud Mirzəyev əlavə edib ki, COP29-dan sonra Ümumdünya Şəhərsalma Forumunun Azərbaycanda keçirilməsi ölkənin beynəlxalq nüfuzunun və təşkilatçılıq imkanlarının növbəti göstəricisidir.
Müəllif: Günel Fərzəliyeva