“World Urban Forum kimi beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsi ölkənin qlobal platformalarda görünürlüğünü və diplomatik çəkisini artırır”.Bu sözləri SİA -ya açıqlamasında politoloq Züriyyə Qarayeva bildirib.
Onun sözlərinə görə, belə forumlar yalnız şəhərsalma və urbanizasiya məsələlərinin müzakirə edildiyi məkan deyil, eyni zamanda ölkələrin öz inkişaf modelini təqdim etdiyi beynəlxalq vitrindir:”Bakının minlərlə xarici nümayəndəni, ekspertləri, dövlət rəsmilərini və beynəlxalq təşkilatları qəbul etməsi Azərbaycanın təhlükəsiz, təşkilatlanmış və beynəlxalq tədbirlər keçirmək qabiliyyətinə malik ölkə olduğunu bir daha nümayiş etdirdi. Bu cür tədbirlər həm də ölkəyə investisiya marağını artırır, turizm və xidmət sektoruna iqtisadi dinamika gətirir və Azərbaycanın regional mərkəz kimi mövqeyini gücləndirir.Digər vacib məqam isə Azərbaycanın şəhərsalma və dayanıqlı inkişaf sahəsində öz yanaşmasını beynəlxalq auditoriyaya təqdim etməsidir. Xüsusilə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən “ağıllı şəhər” və “yaşıl enerji” konsepsiyaları forum çərçivəsində diqqət çəkən məsələlərdən biri oldu. Bu, Azərbaycanın postmünaqişə dövründə yalnız bərpa deyil, eyni zamanda modern və texnoloji əsaslı inkişaf modeli qurmağa çalışdığını göstərir. Forumun Bakıda keçirilməsi həm də Azərbaycanın qlobal Cənub, urbanizasiya və iqlim gündəliyində daha fəal aktora çevrildiyini nümayiş etdirdi”.
Müəllif: Günay Hacıyeva