Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası ölkəmiz üçün mühüm beynəlxalq tədbirlərdən biri olmuşdur. Dünyanın müxtəlif ölkələrindən gələn nümayəndələrin, mütəxəssislərin və beynəlxalq təşkilatların iştirakı forumun nə qədər böyük əhəmiyyət daşıdığını göstərmişdir. Belə bir mötəbər tədbirin Azərbaycanda keçirilməsi ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun və inkişafının göstəricisidir. Forum zamanı şəhərsalma, memarlıq, davamlı inkişaf və müasir şəhərlərin qurulması ilə bağlı vacib məsələlər müzakirə olunmuşdur.
Prezident İlham Əliyev çıxışında Azərbaycanın qədim tarixə malik ölkə olduğunu və bu tarixin müasir inkişafla birləşdirildiyini vurğulamışdır. Bildirilmişdir ki, ölkəmizdə son illər ərzində geniş quruculuq və abadlıq işləri həyata keçirilir. Xüsusilə Bakı şəhərində aparılan yeniliklər, müasir binaların və yolların inşası Azərbaycanın inkişafını açıq şəkildə göstərir. Bununla yanaşı, tarixi abidələrin qorunmasına da xüsusi diqqət yetirilir. Qədim memarlıq nümunələrinin saxlanılması və gələcək nəsillərə çatdırılması dövlətin əsas məqsədlərindən biridir.
Çıxış zamanı işğaldan azad olunmuş ərazilərdə görülən işlərə də toxunulmuşdur. Ağdam, Zəngilan, Şuşa və digər şəhərlərdə aparılan yenidənqurma işləri ölkəmizin gücünü və inkişaf imkanlarını nümayiş etdirir. Həmin ərazilərdə müasir yaşayış məntəqələrinin yaradılması, yolların çəkilməsi, məktəb və digər sosial obyektlərin tikilməsi Azərbaycanın gələcəyə hesablanmış siyasətinin bir hissəsidir. Bu işlər həm insanların rahat yaşayışı, həm də şəhərlərin müasir şəkildə inkişafı üçün mühüm əhəmiyyət daşıyır.
Forumda Azərbaycanın coğrafi mövqeyinin əhəmiyyətindən də danışılmışdır. Ölkəmiz Şərqlə Qərbin qovuşduğu mühüm bir məkanda yerləşir. Bu xüsusiyyət Azərbaycanın həm iqtisadi, həm də mədəni əlaqələrinin genişlənməsinə şərait yaradır. Müxtəlif xalqların və mədəniyyətlərin bir araya gəlməsi ölkəmizin tolerant və inkişaf edən dövlət olduğunu göstərir. Azərbaycan həm qədim dəyərlərini qoruyur, həm də müasir dünyaya uyğun inkişaf edir.
Ümumilikdə, Ümumdünya Şəhərsalma Forumunun Bakıda keçirilməsi ölkəmiz üçün böyük uğur hesab olunur. Bu tədbir Azərbaycanın beynəlxalq əməkdaşlıqda fəal iştirak etdiyini və dünya miqyasında etibarlı tərəfdaş olduğunu bir daha sübut etdi. Forum həm ölkəmizin tanıdılması, həm də şəhərsalma və memarlıq sahəsində gələcək inkişaf perspektivlərinin genişlənməsi baxımından mühüm rol oynadı.
Selcan Nağdəliyeva
YAP Kəngərli rayon təşkilatının fəalı