PDF Oxu

Siyasət

  • 592

Biz təkcə musiqimizdə və şeirlərimizdə deyil, eyni zamanda, memarlıqda öz əksini tapan qədim tariximizlə qürur duyuruq

image

Azərbaycan qədim tarixi, zəngin mədəniyyəti və bənzərsiz memarlıq irsi ilə dünyanın diqqətini cəlb edən ölkələrdən biridir. Prezident İlham Əliyevin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında səsləndirdiyi “Biz təkcə musiqimizdə və şeirlərimizdə deyil, eyni zamanda, memarlıqda öz əksini tapan qədim tariximizlə qürur duyuruq” fikri xalqımızın milli kimliyini, tarixi yaddaşını və mədəni irsə münasibətini dolğun şəkildə ifadə edir. Bu fikir Azərbaycan xalqının əsrlər boyu yaratdığı mədəniyyətin yalnız söz və musiqi ilə deyil, daşlara həkk olunan memarlıq nümunələri ilə də yaşadığını göstərir.

Azərbaycan coğrafi baxımdan Şərqlə Qərbin qovuşuğunda yerləşdiyi üçün burada müxtəlif sivilizasiyaların izləri qorunub saxlanılmışdır. Bu xüsusiyyət ölkəmizin memarlığında da açıq şəkildə özünü göstərir. Bakının qədim İçərişəhəri ilə müasir göydələnlərin vəhdəti, tarixi tikililərlə yeni şəhərsalma layihələrinin uyğunlaşdırılması Azərbaycanın keçmişlə gələcək arasında yaratdığı harmoniyanın göstəricisidir. İçərişəhərdə yerləşən Qız qalası, Şirvanşahlar Sarayı kompleksi kimi tarixi abidələr təkcə memarlıq nümunəsi deyil, xalqımızın dövlətçilik tarixinin, düşüncə tərzinin və estetik baxışlarının canlı şahidləridir.
Azərbaycanın müxtəlif bölgələrində yerləşən tarixi abidələr xalqımızın zəngin mədəniyyətinin ayrı-ayrı səhifələrini əks etdirir. Şamaxıda yerləşən və VIII əsrə aid olan qədim məscid İslam memarlığının ən qədim nümunələrindən biridir. Naxçıvandakı Möminə xatun türbəsi isə böyük memar Əcəmi Naxçıvaninin dahiliyini nümayiş etdirən möhtəşəm sənət əsəridir. Bu abidə yalnız memarlıq baxımından deyil, həm də Azərbaycan xalqının elmi, bədii və fəlsəfi düşüncə səviyyəsinin göstəricisi kimi qiymətləndirilir.
Gəncə şəhəri də Azərbaycanın qədim memarlıq və mədəniyyət mərkəzlərindən biridir. Dahi Azərbaycan şairi Nizami Gəncəvinin vətəni olan bu şəhər öz tarixi simasını qoruyaraq müasir inkişaf yolunda inamla addımlayır. Şəki şəhərindəki Xan sarayı, qədim küçələr və tarixi yaşayış evləri Azərbaycan memarlığının incəliklərini və milli ornamentlərini özündə yaşadır. Kiş kəndində yerləşən qədim Alban kilsəsi isə ölkəmizdə mövcud olmuş tolerantlıq və multikultural dəyərlərin tarixi sübutudur.
Prezident İlham Əliyevin çıxışında qeyd etdiyi Lahıc kəndi də memarlıq baxımından xüsusi əhəmiyyət daşıyır. Əsrlər əvvəl yaradılmış kanalizasiya və su sistemi bu ərazidə yaşayan insanların yüksək mühəndislik düşüncəsinə malik olduğunu göstərir. Bu fakt onu sübut edir ki, Azərbaycan xalqı qədim dövrlərdən şəhərsalma və yaşayış mühitinin qurulması sahəsində böyük təcrübəyə sahib olmuşdur.
Müasir dövrdə Azərbaycan tarixi irsi qorumaqla yanaşı, şəhərsalma və memarlıq sahəsində də mühüm nailiyyətlər əldə edir. Bakı şəhərində son illərdə həyata keçirilən yenidənqurma layihələri, parkların və ictimai məkanların yaradılması, ekoloji layihələrin icrası müasir şəhərsalmanın uğurlu nümunələridir. Bir zamanlar çirklənmiş sənaye zonası olan “Qara şəhər”in bu gün müasir “Ağ şəhər” layihəsinə çevrilməsi Azərbaycanın yenilikçi yanaşmasının göstəricisidir.
Azərbaycanın işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur bölgələrində aparılan quruculuq işləri də xüsusi əhəmiyyət kəsb edir. Uzun illər erməni vandalizminə məruz qalan şəhər və kəndlər bu gün yenidən qurulur, müasir infrastruktura malik yaşayış məntəqələri salınır. Ağdam, Füzuli, Zəngilan, Şuşa və digər bölgələrdə həyata keçirilən layihələr göstərir ki, Azərbaycan yalnız dağıdılmış şəhərləri bərpa etmir, həm də gələcəyin ağıllı şəhər və kənd modellərini yaradır. Şuşanın tarixi simasının qorunaraq yenidən dirçəldilməsi isə milli-mədəni irsə verilən böyük dəyərin təzahürüdür.
Memarlıq xalqın tarixini yaşadan ən mühüm vasitələrdən biridir. Hər daş, hər abidə keçmişdən gələcəyə uzanan bir körpüdür. Azərbaycan xalqı əsrlər boyu yaratdığı memarlıq incilərini qoruyaraq gələcək nəsillərə ötürməyi özünün mənəvi borcu hesab edir. Bu irs xalqımızın milli kimliyini, dövlətçilik ənənələrini və mədəni zənginliyini dünyaya təqdim edir.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, inkişaf və müasirləşmə ilə yanaşı, tarixi irsin qorunması da əsas prioritetlərdən biri olmalıdır. Müasir şəhərsalma yalnız yeni binalar tikmək deyil, həm də xalqın tarixi yaddaşını yaşatmaq deməkdir. Azərbaycan bu istiqamətdə həm qədim memarlıq nümunələrini qoruyur, həm də yeni layihələrdə milli üslubu və tarixi dəyərləri yaşatmağı bacarır.
Azərbaycan xalqının musiqisi, poeziyası və memarlığı bir-birini tamamlayan milli sərvətlərdir. Bu sərvətlər xalqımızın qədim tarixini, yüksək mədəniyyətini və yaradıcı potensialını nümayiş etdirir. Memarlıq abidələrimiz daşlara yazılmış tariximizdir. Onları qorumaq və gələcək nəsillərə çatdırmaq hər birimizin vətəndaşlıq borcudur. Azərbaycanın qədimdən gələn memarlıq ənənələri bu gün də yaşayır və müasir inkişafla birlikdə ölkəmizin gələcəyinə işıq salır.

Pərviz Hüseynzadə
Yeni Azərbaycan Partiyası Babək rayon təşklatının əməkdaşı

Digər xəbərlər