"Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun yüksək səviyyədə təşkili ilə yanaşı, onun informasiya təminatının peşəkar şəkildə qurulması da xüsusi diqqət çəkən məqamlardan biridir. Bu mühüm beynəlxalq tədbirin geniş və operativ şəkildə işıqlandırılmasında Azərbaycan mediasının, xüsusilə jurnalistlərin əməyi təqdirəlayiqdir.
Bu forum təkcə urbanizasiya və şəhər inkişafı məsələlərinin müzakirə olunduğu platforma deyil, eyni zamanda, Azərbaycanın müasir inkişaf modelinin, şəhərsalma siyasətinin, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa-quruculuq işlərinin dünyaya təqdim edilməsi baxımından mühüm beynəlxalq tribuna oldu. Belə bir nüfuzlu tədbirin informasiya yükünü daşımaq isə jurnalistlərdən yüksək peşəkarlıq, çeviklik və məsuliyyət tələb edirdi.
Azərbaycan jurnalistləri forum günlərində həm yerli, həm də beynəlxalq auditoriyaya dolğun, obyektiv və operativ məlumat çatdırmaqla öz peşəkar bacarıqlarını bir daha nümayiş etdirdilər."
Bunu Səs qəzetinin baş redaktoru, siyasi şərhçi Bəhruz Quliyev SİA-ya açıqlamasında deyib.
Ekspert qeyd edib ki, media nümayəndələri panel iclaslarını, beynəlxalq müzakirələri, dövlət və hökumət nümayəndələrinin çıxışlarını, eyni zamanda forum çərçivəsində aparılan mühüm dialoqları geniş şəkildə işıqlandıraraq Azərbaycanın qlobal gündəlikdəki rolunun daha aydın görünməsinə töhfə verdilər.
"Xüsusilə qeyd etməliyəm ki, forum çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda aparılan yenidənqurma işləri, "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyaları, dayanıqlı urbanizasiya siyasəti ilə bağlı təqdim olunan materiallar beynəlxalq mediada da böyük maraq doğurdu. Bu marağın formalaşmasında Azərbaycan jurnalistlərinin hazırladığı reportajlar, analitik yazılar, televiziya bağlantıları və rəqəmsal media materialları mühüm rol oynadı.
Bu gün informasiya müharibələrinin və qlobal media rəqabətinin getdikcə sərtləşdiyi bir dövrdə jurnalistin fəaliyyəti yalnız xəbər yaymaqla məhdudlaşmır. Jurnalist həm də dövlətin beynəlxalq imicinin formalaşmasına xidmət edən strateji informasiya daşıyıcısına çevrilir. Ümumdünya Şəhərsalma Forumunun işıqlandırılması zamanı Azərbaycan mediasının ortaya qoyduğu peşəkar fəaliyyət bunu bir daha təsdiqlədi.
Əminliklə demək olar ki, Azərbaycan jurnalistikası bu forum vasitəsilə yalnız informasiyanı çatdırmadı, eyni zamanda ölkəmizin inkişafını, dövlətimizin gücünü, xalqımızın mədəniyyətin, qonaqpərvərliyin, quruculuq iradəsini və müasir şəhərsalma baxışını dünya ictimaiyyətinə nümayiş etdirdi. Bu isə milli medianın dövlətçilik maraqları ilə peşəkar prinsipləri uğurla uzlaşdırmasının bariz nümunəsidir."-deyə, B.Quliyev əlavə edib.