PDF Oxu

Siyasət

  • 687

28 May – Müstəqillik Günü: Azərbaycan xalqının azadlıq iradəsinin, dövlətçilik ənənələrinin və milli birliyinin təntənəsi

image

Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixi zəngin və şərəfli səhifələrlə doludur. Bu tarixin ən mühüm və qürurverici günlərindən biri isə 28 May – Müstəqillik Günüdür. Bu tarix xalqımızın azadlıq iradəsinin, milli kimliyinin və dövlətçilik ənənələrinin dünyaya bəyan edildiyi müqəddəs gündür. 1918-ci il mayın 28-də yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması yalnız Azərbaycan xalqı üçün deyil, bütün Şərq aləmi üçün mühüm tarixi hadisə olmuşdur. Çünki həmin gün müsəlman Şərqində ilk parlamentli demokratik respublika yaranmış, xalq hakimiyyəti, milli suverenlik və demokratik idarəetmə prinsipləri əsas götürülmüşdür.
XX əsrin əvvəllərində dünyada baş verən siyasi proseslər, imperiyaların zəifləməsi və xalqların milli azadlıq hərəkatlarının güclənməsi Azərbaycan xalqının da milli dövlət yaratmaq arzularını daha da qüvvətləndirdi. Çar Rusiyasının süqutundan sonra Cənubi Qafqazda yaranmış mürəkkəb siyasi vəziyyət Azərbaycan xalqını öz müqəddəratını müəyyən etmək məsuliyyəti ilə üz-üzə qoydu. Belə bir tarixi şəraitdə Azərbaycanın görkəmli ziyalıları, maarifçiləri və siyasi xadimləri böyük cəsarət nümayiş etdirərək milli dövlət yaratmaq uğrunda mübarizəyə başladılar. Bu mübarizənin nəticəsi olaraq 1918-ci il mayın 28-də Tiflisdə Azərbaycan istiqlaliyyəti elan olundu və Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı.
Azərbaycan Xalq Cümhuriyyəti qısa müddət fəaliyyət göstərməsinə baxmayaraq çox mühüm addımlar atdı. Dövlət atributları – bayraq, gerb və himn qəbul edildi, parlament yaradıldı, milli ordu quruculuğuna başlanıldı, qadınlara seçki hüququ verildi, təhsil və maarif sahəsində mühüm islahatlar həyata keçirildi. Bütün bunlar Azərbaycan xalqının yüksək siyasi mədəniyyətə və demokratik düşüncəyə malik olduğunu göstərirdi. 1920-ci ildə bolşevik Rusiyasının Azərbaycanı işğal etməsi nəticəsində Xalq Cümhuriyyətinin fəaliyyəti dayandırıldı və ölkə uzun illər sovet imperiyasının tərkibində qaldı. Lakin Azərbaycan xalqının azadlıq arzusu heç vaxt sarsılmadı. Milli ruh, milli kimlik və dövlətçilik düşüncəsi xalqın yaddaşında yaşamaqda davam etdi. Sovet dövründə Azərbaycan xalqı bir çox çətinliklərlə üzləşsə də, milli dəyərlərini qoruyub saxladı. Xalqımızın dilinə, mədəniyyətinə və tarixinə bağlılığı gələcək müstəqilliyin ideoloji əsasını formalaşdırdı.
Məhz həmin dövrdə Heydər Əliyev Azərbaycanın inkişafı və milli maraqlarının qorunması istiqamətində mühüm fəaliyyət göstərirdi. Ulu Öndərin hələ sovet dönəmində Azərbaycana rəhbərlik etdiyi illərdə milli kadrların hazırlanmasına, milli mədəniyyətin inkişafına və iqtisadi potensialın gücləndirilməsinə xüsusi diqqət yetirməsi gələcək müstəqil dövlət quruculuğuna mühüm zəmin yaratdı. 1991-ci ildə Sovet İttifaqının dağılması ilə Azərbaycan yenidən dövlət müstəqilliyini bərpa etdi. Lakin müstəqilliyin ilk illərində ölkədə ağır siyasi böhran, iqtisadi tənəzzül, idarəetmədə xaos və vətəndaş qarşıdurması hökm sürürdü. Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində torpaqlarımız işğal olunur, minlərlə insan qaçqın və məcburi köçkün vəziyyətinə düşürdü.
Belə ağır və mürəkkəb bir dövrdə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev Azərbaycan dövlətçiliyini məhv olmaq təhlükəsindən xilas etdi. Ulu Öndərin siyasi uzaqgörənliyi, qətiyyəti və zəngin idarəçilik təcrübəsi nəticəsində ölkədə sabitlik təmin edildi, qanunsuz silahlı dəstələr zərərsizləşdirildi və dövlət idarəçiliyi sistemi formalaşdırıldı. Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoydu. 1995-ci ildə müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul edildi, hüquqi dövlət quruculuğu istiqamətində mühüm addımlar atıldı. Ölkənin iqtisadi inkişafı üçün geniş proqramlar həyata keçirildi.
Ulu Öndərin müəllifi olduğu neft strategiyası Azərbaycanın gələcək inkişafını təmin edən əsas amillərdən biri oldu. “Əsrin müqaviləsi”nin imzalanması nəticəsində Azərbaycan dünya iqtisadi sistemində mühüm yer tutmağa başladı və böyük investisiyalar cəlb edildi. Bu siyasət ölkəmizin iqtisadi müstəqilliyini möhkəmləndirdi. Bu gün Ümummilli Liderin siyasi kursu İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan son illərdə böyük inkişaf yolu keçmişdir. Ölkədə genişmiqyaslı infrastruktur layihələri həyata keçirilmiş, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində mühüm addımlar atılmış, sosial rifahın yüksəldilməsi dövlət siyasətinin əsas prioritetinə çevrilmişdir.
Azərbaycan artıq regionun aparıcı dövlətidir. Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində ölkəmizin beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə artmışdır. Azərbaycan bir çox beynəlxalq təşkilatlarda fəal rol oynayır, mühüm enerji və nəqliyyat layihələrinin təşəbbüskarı kimi çıxış edir. Xüsusilə ordu quruculuğu sahəsində görülən işlər Azərbaycanın hərbi gücünü ciddi şəkildə artırmışdır. Güclü iqtisadiyyat və müasir ordu dövlətimizin əsas dayaqlarına çevrilmişdir. Azərbaycan tarixinin ən parlaq səhifələrindən biri 2020-ci ildə baş vermiş İkinci Qarabağ Müharibəsi olmuşdur. Ermənistanın uzun illər davam edən işğal siyasətinə son qoymaq məqsədilə başlayan Vətən müharibəsi Azərbaycan xalqının milli birliyini və dövlətinə bağlılığını bütün dünyaya nümayiş etdirdi.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu 44 gün ərzində böyük qəhrəmanlıq göstərərək torpaqlarımızı işğaldan azad etdi. Şuşanın azad olunması Azərbaycan tarixində xüsusi əhəmiyyətə malik hadisə oldu. Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur edildi və tarixi ədalət bərpa olundu. Bu Zəfər yalnız hərbi qələbə deyil, həm də milli ruhun, dövlətçilik ənənələrinin və xalq-iqtidar birliyinin təntənəsi idi. Azərbaycanın gücü, siyasi iradəsi və xalqın birliyi bütün dünyaya nümayiş etdirildi. Bu gün Azərbaycan tam suveren, müstəqil və güclü dövlətdir. Dövlət bayrağımız ölkəmizin hər yerində qürurla dalğalanır. Azərbaycan xalqı öz dövlətinə inanır, onun ətrafında sıx birləşir və gələcəyə böyük ümidlə baxır.
28 May – Müstəqillik Günü yalnız tarixi bayram deyil, həm də milli birlik, dövlətə sədaqət və vətən sevgisi günüdür. Bu gün hər bir azərbaycanlı üçün müstəqilliyin dəyərini daha dərindən anlamaq və onu qorumağın vacibliyini dərk etmək baxımından xüsusi əhəmiyyət daşıyır. Azərbaycan xalqı əsrlər boyu böyük sınaqlardan keçmiş, lakin heç vaxt öz azadlıq iradəsindən dönməmişdir. Bu gün qazanılmış uğurların əsasında xalqımızın birliyi, dövlətə bağlılığı və uzaqgörən siyasi rəhbərlik dayanır. Müstəqilliyimizi qorumaq, dövlətimizi daha da gücləndirmək və gələcək nəsillərə qüdrətli Azərbaycan ötürmək hər birimizin müqəddəs vəzifəsidir.
Yaşasın müstəqil Azərbaycan!
Yaşasın Azərbaycan dövlətçiliyi!
Yaşasın Azərbaycan xalqının sarsılmaz birliyi!
Ağazadə Elşən Mirilham oğlu
YAP Biləsuvar rayon təşkilatı 19 saylı şəhər ərazi partiya təşkilatının sədri

Digər xəbərlər