Yeni Azərbaycan Partiyası Lənkəran rayon təşkilatının qərargahında Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 108 illiyinə həsr olunmuş “Müstəqilliyimiz əbədidir, dönməzdir...” adlı tədbir keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə YAP Lənkəran rayon təşkilatının sədri və əməkdaşları, Lənkəran Ağsaqqallar Şurasının nümayəndələri, rayonun ali və orta ixtisas təhsili müəssisələrinin tələbə-gəncləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan YAP Lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayev Azərbaycan dövlət müstəqilliyinin tarixi əhəmiyyətindən, xalqımızın azadlıq və müstəqillik uğrunda apardığı mübarizədən, dövlətçilik ənənələrinin bu gün uğurla davam etdirilməsindən, eləcə də müstəqilliyimizin qorunub saxlanılmasında Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətlərindən bəhs edib.
Daha sonra Lənkəran Ağsaqqallar Şurasının sədri Eldar Hüseynov, sədr müavini Güloğlan Bağırov, şura üzvləri Əlimərdan Əliyev, Ələkbər Əliyev, Ofeliya Cəfərova, Fəxrəddin Caniyev və Siyavuş Süleymanov çıxış edərək Azərbaycanın müstəqilliyinin əbədi və dönməz olduğunu vurğulayıb, gənclərə dövlətçilik ənənələrinə daim sadiq qalmağı tövsiyə ediblər.
Tədbir gənclərlə diskussiya formatında davam edib, iştirakçıları maraqlandıran suallar ətrafında fikir mübadiləsi aparılıb.
Sonda tədbirdə fəallığı ilə seçilən bir qrup şəxsə fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim olunub, həmçinin Yeni Azərbaycan Partiyasına yeni qəbul olunan gənclərə partiya üzvlük vəsiqələri verilib.
Tədbir xatirə şəkillərinin çəkilməsi ilə başa çatıb.