PDF Oxu

Siyasət

  • 535

Şərqin ilk demokratik, hüquqi, dünyəvi parlament respublikası - ŞƏRH

image

Azərbaycan Xalq Cümhuriyyətinin qurulması, yalnız Azərbaycan tarixində deyil, bütövlükdə Şərqdə və müsəlman dünyasında misli görünməmiş bir hadisə idi. 28 May 1918-ci ildə Tiflisdə, Fətəli xan Xoyskinin rəhbərliyi ilə Azərbaycan Milli Şurasının qəbul etdiyi İstiqlal Bəyannaməsi, bu coğrafiyada ilk parlamentli, demokratik respublikanın əsasını qoydu. Bu, həmin dövrdə, xüsusilə də avtokratik idarəçiliklərin hökm sürdüyü Şərqdə, cəsarətli və proqressiv bir addım idi. Cümhuriyyət, cəmi 23 ay mövcud olsa da, öz fəaliyyəti ilə demokratik idarəçilik prinsiplərini, insan haqlarına hörməti və dünyəvi dövlət quruculuğu ideyasını nümayiş etdirdi. Bu dövlətin təməli, yalnız azərbaycanlılar üçün deyil, bütün bölgə üçün yeni bir siyasi model və inkişaf yolu təqdim etdi.

Xarici siyasətinin başlıca məqsədi yeni yaradılmış dövləti dünyaya tanıtmaq olan Azərbaycan Xalq Cümhuriyyətinin qarşısında dayanan əsas vəzifələrdən biri Paris Sülh Konfransında, dünyanın siyasi nizamının yenidən quruluş aldığı bir zamanda müttəfiq dövlətlər tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin tanınmasını, habelə dünyanın aparıcı dövlətləri ilə diplomatik əlaqələrin yaradılmasını təmin etmək idi. Buna görə də ilk növbədə, Avropanın bir sıra ölkələrinə yeni bir dövlətin qurulması barədə rəsmi məlumat göndərildi. Dünya birliyi tərəfindən tanınan Xalq Cümhuriyyətinin fəaliyyəti sayəsində ölkəmizin beynəlxalq hüququn subyekti olması 1920-ci ilin aprel ayında bolşevik işğalından sonra Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını aldı.

XX əsrin sonlarında müstəqilliyinə yenidən qovuşan Azərbaycan suverenliyini qoruyub saxlamağı bacardı. Çətin siyasi-iqtisadi dövrdə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi. Müstəqilliyin əldə edilməsi mürəkkəb bir proses olsa da, onu qoruyub saxlamaq daha çətin, məsuliyyətli bir işdir. Həmin dövrdə Ermənistanın Azərbaycan torpaqlarına təcavüzü bir tərəfdən, daxili münaqişələr digər tərəfdən ölkəni çətin bir vəziyyətə salmışdı. Məhz belə bir şəraitdə xalqın təkidi ilə hakimiyyətə gələn Ulu Öndər dövlətimizin və dövlətçiliyimizin xilaskarı oldu. Ulu Öndər Heydər Əliyevin respublikada uğurla gerçəkləşdirdiyi siyasət xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytararaq milli mənlik şüurunu inkişaf etdirdi, azərbaycançılıq məfkurəsi işığında müstəqillik arzularının güclənməsi və yaxın gələcəkdə yenidən həqiqətə çevrilməsinə zəmin yaratdı. İlk dəfə olaraq rəsmi qaydada 1990-cı il noyabrın 17-də üçrəngli bayrağı Ulu Öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sessiyasında rəsmi dövlət bayrağı kimi qaldırdı. Bununla da müstəqilliyə gedən yolun əsası qoyuldu. Ulu Öndər öz çıxışında: Biz ilk Demokratik Cümhuriyyətin yaranması gününü əziz tutaraq, onu Azərbaycanın dövlət müstəqilliyi günü – Respublika Günü elan etmişik və bu, bizim milli bayramımızdır”. “Bu gün tam qətiyyətlə demək olar ki, Azərbaycan dövləti, müstəqil Azərbaycan Respublikası 1918-ci ildə yaranmış Xalq Cümhuriyyətinin varisidir” ,- demişdi.

Bu gün Ulu Öndərin parlaq siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi, siyasi, iqtisadi və sosial islahatlar uğurla həyata keçirilir, ölkə iqtisadiyyatı dönmədən inkişaf etdirilir, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün əsaslı tədbirlər görülür.İndi müstəqilliyimiz yetərincə möhkəmdir və məhz bunun nəticəsində Azərbaycan İkinci Qarabağ müharibəsində şanlı Qələbə qazandı. Otuz ilə yaxın işğal altında qalan torpaqlarımız azad edildi, ərazi bütövlüyümüz bərpa olundu. Bu, xalqımızın çoxəsrlik tarixində, eləcə də müstəqillik dövründə qazandığı ən böyük Zəfərdir. İkinci Qarabağ müharibəsindəki Zəfərimiz AXC qurucularının müstəqil Azərbaycan naminə çəkdikləri zəhmətin, ideyalarının reallaşması idi. 44 gün davam edən Vətən müharibəsindəki Qələbəmizlə, 23 saatlıq antiterror əməliyyatları ilə Azərbaycanın suverenliyinin tam təmin edilməsi ilə 23 ay yaşayan Cümhuriyyət fədailərinin istəklərini doğruldan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev varisilik ənənələrini qətiyyəti, siyasi iradəsi, dünyada artan nüfuzu ilə təsdiqlədi.

Bu uğurlar Azərbaycan xalqının milli birlik ruhunun və dövlətçilik ənənələrinin təntənəsidir. Azərbaycan Xalq Cümhuriyyəti xalqımıza yalnız müstəqil dövlət deyil, həm də milli kimliyini, milli qürurunu və azad yaşamaq əzmini qaytardı. Bu müqəddəs irs Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq və gələcək nəsillərə örnək olacaqdır.

Niyaməddin Əsgərov

Yeni Azərbaycan Partiyası

Beyləqan rayon təşkilatının sədr müavini

Digər xəbərlər