Hər bir fərd üçün azadlıq istəyi ən sağlam məfkürədir, azad olmaq arzudur, bütövlükdə xalq üçün azad yaşamaq isə milli xoşbəxtlikdir. Ötən əsrin əvvəllərində mürəkkəb geosiyasi vəziyyətdə azadlıq aydınlarımız bütün çətinliklərə baxmayaraq müsəlman Şərqində ilk demokratik cümhuriyyət yaratmaqla azad yaşamağımızı dünyaya bəyan etdilər. Bu şərəfli tarix xalqımızın milli iradəsinin, mübarizə əzminin və dövlətçilik ənənələrinin parlaq nümunəsi oldu. Xalq Cümhuriyyəti millətimizə müstəqillik ruhu, demokratik dəyərlər və milli birlik ideyası aşıladı, sübut etdi ki, xalqımız üçün azad yaşamaq milli kimliyimizin əsas prinsiplərindən biridir. Bu prinsipin nəticəsi olaraq ruhumuzun dirçəlişinə, könül dünyamızın sevincinə çevrilən üçrəngli bayrağımızı əngin səmalarda qürurla seyr etdik, onun sevgisi ruhumuzu titrətdi. Odlar yurdunun əbədiyaşarlıq rəmzi kimi dalğalanan bayrağımız hilaldan, aydan da gözəl görünərək qəlbimizə məlhəm oldu. Kim bilərdi ki, küləklərlə çarpışan o müqəddəs bayraq çox keçmədən düşmənlə savaşın şahidinə çevriləcəkdi.Millətin arzusunu reallaşdıran AXC cəmi iki il yaşadı. İmperiya cəlladları tərəfindən qətl olunan azad ölkəmiz işğal olundu. Xüsusi amansızlıqla bayrağımız endirildi, məfkurə daşıyıcılarımıza isə divan tutuldu, aydınlarımız ən amansız repressiya siyasətinə məruz qaldılar. Amma unutmadıq, azadlıq sevgimizi ürəyimizdə gizlətdik və zamanı gözlədik. 70 il əsarət altında yaşasaq da yabançı hakimiyyətin ağır ideoloji basqısı altında milli kimliyimizi itirmədik, dilimizi, mədəniyyətimizi və yaddaşımızı qoruyaraq mübarizəni davam etdirdik. Bu uzun illər boyunca azadlığa susamış milli ideya sönmədi. Nəhayət, XX əsrin sonlarında milli düşüncə ilə ayağa qalxan xalqımız imperiyanın ən ağır cəzalarından çəkinməyərək azad yaşamaq haqqını tələb etdi. 20 Yanvar faciəsində azadlıq istəyinə süngü və silahla cavab verən cəlladlar xalqın iradəsini qırmağa, milli azadlıq düşüncəsini boğmağa çalışdılar. Lakin tökülən qan, verilən şəhidlər Azərbaycan xalqının mübarizə əzmini daha da gücləndirdi. Xalq canı və qanı bahasına öz müqəddəratını müəyyən etdi, milli dövlətçilik ideyası yenidən dirçəldi və əsrlərlə yaşadılan azadlıq arzusu müstəqil Azərbaycan gerçəyinə çevrildi. Amma təəssüf ki, Azərbaycanın o dövrdəki iqtidarının yanlış siyasəti nəticəsində xalqımız müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qaldı. Ölkədə hökm sürən xaos, siyasi qarşıdurmalar və idarəolunmaz proseslər tarixi dövlət müstəqilliyimizi ciddi təhlükə altına saldı. Məhz belə bir taleyüklü məqamda xalqımızın böyük və əvəzolunmaz oğlu Heydər Əliyev xalqın tələbi və iradəsi ilə yenidən siyasi hakimiyyətə qayıdaraq dövlətimizin və müstəqilliyimizin xilaskarına çevrildi. Böyük öndərin uzaqgörən siyasəti nəticəsində Azərbaycan parçalanmaq və müstəqilliyini itirmək təhlükəsindən xilas oldu, ölkədə sabitlik bərpa edildi, dövlətçilik ənənələri qorundu və müasir Azərbaycanın güclü inkişaf yolunun təməli qoyuldu. Müstəqillik, azadlıq xilaskarımız kimi Heydər Əliyev xaos və parçalanmalar ölkəsi üzərində tarixinin ən qüdrətli dövlətini quraraq ölümsüzlük qazandı. Əsrin əvvəllərində endirilən bayraq yenidən xalqın taleyinə qayıtdı. Bir dəfə yüksələn o müqəddəs bayraq Ulu öndər Heydər Əliyevin qətiyyəti və dövlətçilik iradəsi ilə bir daha enmədi. Əksinə, illər keçdikcə daha da ucalaraq xalqımızın azad nəfəsinin, müstəqil ruhunun və sarsılmaz qürurunun rəmzi oldu. Prezident İlham Əliyev isə Azərbaycanı siyasi, iqtisadi və hərbi qüdrəti ilə regionun lider dövlətinə çevirərək ölkəmizi layiq olduğu zirvəyə qaldırdı. O zirvədə, Vətənin hər guşəsində dalğalanan Azərbaycan bayrağı güclü dövlətimizin, milli birliyimizin, sarsılmaz iradəmizin və əbədi müstəqilliyimizin, qürurumuzun ucalan simvolu oldu.Xalq Cümhuriyyətinin qurucularının xəyal etdiyi qüdrətli və müstəqil dövlət Prezident İlham Əliyevin qətiyyətli siyasəti, güclü ordusu və tarixi zəfərləri ilə daha da möhkəmləndi, dünyanın sayılıb-seçilən ölkələri sırasında öz layiqli yerini aldı. Bu gün artıq dünya Azərbaycanla hesablaşır, ölkəmiz qlobal problemlərin müzakirə olunduğu və mühüm qərarların verildiyi nüfuzlu məkanlardan biridir. Müstəqilliyin qüdrəti və dövlət böyüklüyü də məhz budur. Müstəqilliyimiz tarixin sınaqlarını aşaraq ən etibarlı dayanacaqda qərarlaşıb, bir daha xain küləklər üstümüzə əsməyəcək. Bayrağımızı qorumağa qadirik. Qarşıda çoxəsrlik tariximizdə ilkə imza ataraq Vətəni ucaldan Sərkərdə, arxada isə Lider–Xalq birliyinin sarsılmaz vəhdəti dayanıb. Uğrunda can verməyi şərəf bildiyimiz Azərbaycanın müstəqilliyi isə Ulu öndərin qeyd etdiyi kimi əbədi, dönməz və sarsılmazdır!
Rəşad Mahmudov
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı