28 May – Müstəqillik Günü Azərbaycan xalqının tarixində ən əlamətdar və qürurverici günlərdən biridir. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə xalqımız uzun illər arzuladığı müstəqilliyə qovuşmuşdur. Bu tarix yalnız Azərbaycanın deyil, bütün Şərq aləminin tarixində mühüm yer tutur. Çünki Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə yaradılmış ilk demokratik respublika olmuşdur. Bu hadisə xalqımızın azadlıq, dövlətçilik və milli birlik uğrunda mübarizəsinin nəticəsi idi.
Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay fəaliyyət göstərsə də, bu müddət ərzində mühüm dövlət quruculuğu işləri həyata keçirilmişdir. Dövlət atributları qəbul edilmiş, milli ordu yaradılmış, Azərbaycan dili dövlət dili elan olunmuşdur. Həmçinin təhsil və mədəniyyət sahəsində mühüm addımlar atılmış, insanların hüquq və azadlıqlarına xüsusi önəm verilmişdir. Qadınlara seçki hüququnun verilməsi isə həmin dövr üçün çox böyük yenilik hesab olunurdu. Bu addımlar Azərbaycan dövlətinin demokratik və müasir prinsiplərə əsaslandığını göstərirdi.
Ümummilli lider Heydər Əliyev çıxışlarında dəfələrlə vurğulamışdır ki, müstəqillik xalqımızın ən böyük sərvətidir və onu qorumaq hər bir azərbaycanlının borcudur. Azərbaycanın yenidən müstəqillik əldə etdiyi dövrdə ölkəmizin qarşılaşdığı çətinliklərin aradan qaldırılmasında Ulu Öndər Heydər Əliyevin böyük xidmətləri olmuşdur. Onun uzaqgörən siyasəti nəticəsində Azərbaycanda sabitlik yaranmış, dövlətçiliyimiz möhkəmlənmiş və ölkəmiz inkişaf yoluna qədəm qoymuşdur.
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan daha da güclənir və beynəlxalq aləmdə öz mövqeyini möhkəmləndirir. Son illərdə ölkəmizin qazandığı uğurlar, həyata keçirilən layihələr və əldə olunan qələbələr Azərbaycanın müstəqil dövlət kimi gücünü bütün dünyaya göstərmişdir. Xüsusilə torpaqlarımızın azad olunması xalqımızın milli birliyinin və dövlətimizin qüdrətinin parlaq nümunəsidir.
28 May təkcə bir bayram deyil, həm də xalqımızın azadlıq ruhunun, vətən sevgisinin və dövlətçilik ənənələrinin simvoludur. Bu gün hər bir azərbaycanlı üçün böyük fəxr və qürur mənbəyidir. Müstəqilliyimizin qorunması, dövlətimizin daha da inkişaf etməsi və gələcək nəsillərə güclü Azərbaycan ötürülməsi hər birimizin əsas vəzifəsidir. Azərbaycan xalqı öz müstəqilliyini daim qorumağa və yaşatmağa qadirdir.
Selcan Nağdəliyeva
YAP Kəngərli rayon təşkilatının fəalı