1918-ci il mayın 28-də Azərbaycan xalqı tarixi bir qərar verərək, müsəlman Şərqində ilk dəfə müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət – Azərbaycan Xalq Cümhuriyyətini elan etdi. Bu tarixi hadisə yalnız Azərbaycan xalqının deyil, bütövlükdə Şərq xalqlarının azadlıq və demokratiya yolunda atdığı cəsarətli bir addım oldu. 108 il bundan əvvəl Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etmiş, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirmişdir. İstiqlal Bəyannaməsi xalqımızın müstəqillik hisslərini daha da gücləndirdi. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi. Azərbaycan Xalq Cümhuriyyəti azadlıq, bərabərlik və xalqın iradəsinə əsaslanan idarəetmə prinsiplərini təsbit etməklə, millətimizin yüksək siyasi mədəniyyətə malik olduğunu sübut etdi. Qısa müddət ərzində dövlət quruculuğu sahəsində mühüm islahatlar həyata keçirildi, ilk parlament, hökumət və ordu formalaşdırıldı, qadınlara seçki hüququ verildi ki, bu da onu bir çox Avropa ölkələrindən belə irəli aparırdı.Azərbaycan Xalq Cümhuriyyətinin istiqlalının elan olunması xalqımızın əsrlər boyu arzuladığı azadlıq və müstəqillik ideallarının gerçəyə çevrilməsi idi. Bu dövlət quruluşu Azərbaycanın dövlətçilik tarixində yeni bir mərhələ açdı.
Azərbaycan Xalq Cümhuriyyətinin təməlləri üzərində 1991-ci ildə yenidən müstəqil Azərbaycan dövləti yaranıb. Xalq Cümhuriyyətinin təşəkkül tapmasında və fəaliyyət göstərməsində görkəmli dövlət xadimlərinin, vətənpərvər ziyalıların, peşəkar hərbçilərin adları xalqımızın yaddaşına əbədi həkk olunmuşdur. Ümummilli Liderimiz Heydər Əliyevin sözləri ilə desək: “Əsrin əvvəlində – 1918-ci ildə Azərbaycan xalqı öz müstəqilliyinə nail ola bildi, xalq cümhuriyyəti yarandı. Azərbaycanda Şərq aləmində ilk dəfə demokratik, hüquqi dövlət yarandı, xalq cümhuriyyəti qısa bir zamanda çox işlər gördü. Ən mühümü odur ki, Azərbaycanın müstəqilliyinin, dövlətçiliyinin əsaslarını qurdu, Azərbaycan dövlətinin, hökumətinin təsisatlarını yaratdı”.
Hər bir xalqın, millətin sahib olduğu ən böyük sərvət onun müstəqil dövlətinin olmasıdır. Lakin müstəqillik təsadüfən qazanılmır və ya onu hədiyyə etmirlər. Müstəqilliyə gedən yol böyük mübarizələrdən keçir. 1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini çox mürəkkəb bir şəraitdə qazanmışdır. Ulu Öndər Heydər Əliyev deyirdi ki, “Müstəqilliyi qorumaq, saxlamaq o müstəqilliyi əldə etməkdən qat-qat çətin bir vəzifə idi”. Ölkədə təcrübəsiz adamların hakimiyyətə gəlməsi tezliklə xaos və özbaşınalığa gətirib çıxardı.
Azərbaycan Respublikasının müstəqilliyi bərpa olunduqdan sonrakı ilk illər ölkə üçün olduqca çətin və mürəkkəb keçmişdir. Respublikada daxili siyasi vəziyyət gərginləşmiş, hakimiyyət böhranı dərinləşmişdi. İctimai həyatın bütün sahələrində xaos və özbaşınalıq hökm sürürdü. Bu vəziyyət xalqımızı yenidən müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qoymuşdu.
1993-cü ildə xalqımızın təkidli tələbi ilə Azərbaycanda hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev dövlətimizin müstəqilliyini qoruyub saxlaya bildi. Qısa zaman ərəfəsində ölkə daxilində təxribat-pozuculuq fəaliyyəti ilə məşğul olan qüvvələrin qarşısı alındı, cəbhədə atəşkəsə nail olundu, sabitlik və əmin-amanlıq bərqərar edildi.
Öz müstəqilliyini elan etmiş Azərbaycan çox mürəkkəb tarixi şəraitdə fəaliyyət göstərməyə başladı. Müstəqilliyin ilk illərində xalqımız yenidən onu itirmək təhlükəsi ilə üzləşdi. Böyük siyasi təcrübəyə malik olan Ümummilli Lider Heydər Əliyevin ölkəyə yenidən hakimiyyətə qayıdışı ilə bu təhlükə sovuşdu və Azərbaycanın dövlət müstəqilliyi təhlükədən qurtardı. Ümummilli Lider Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin əbədiliyini, dönməzliyini təmin etdi və bununla da, respublikamız yeni inkişaf dövrünə qədəm qoydu. Ulu Öndər Heydər Əliyevin dövlət və xalq qarşısındakı tarixi xidmətləri onun fəaliyyətinin bütün mərhələlərini əhatə edir. Ümummilli Liderin Azərbaycana rəhbərlik etdiyi dövrlər ölkəmizin gələcək tərəqqisinin əsası oldu. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən işlərin fonunda ölkəmiz sürətli inkişaf tempinə malik oldu və bütün sahələrdə mütəmadi inkişaf göstəriciləri qeydə alındı. Heydər Əliyevin xalqımız qarşısındakı ən böyük xidmətlərindən biri Azərbaycan dövlətçiliyinin xilası və bunun sayəsində ölkənin siyasi tarixində yeni bir mərhələnin açılmasıdır. Dahi Lider Azərbaycan naminə bütün fəaliyyəti zamanı milli ideologiyanın yaradılmasına xüsusi diqqət yetirmişdir. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə bugünkü dövlət müstəqilliyimizin möhkəm təməli qoyuldu, milli ruh, azərbaycançılıq məfkurəsi yüksəlməyə başladı.
Azərbaycanın öz inkişaf və sabitlik dövründə yaşadığı 1993-2003-cü illər müstəqilliyimizin ikinci dövrüdür. 2003-cü ildən sonra isə müstəqillik tariximizdə yeni bir səhifə açılır.Prezident İlham Əliyev tərəfindən 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi Azərbaycanın dövlətçilik tarixində çox mühüm və şərəfli bir mərhələ olan Şərqdə ilk parlamentli respublikanın əhəmiyyətinin hər zaman uca tutulduğunun, eləcə də dövlətçilik ənənələrinə böyük dəyər verildiyinin sübutudur. Azərbaycan Respublikasının 2018-ci il 1 may tarixli Qanunu ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018) “yubiley medalı” təsis olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əvvəlki illərin bütün nailiyyətlərini qoruyaraq Ulu Öndər Heydər Əliyevin formalaşdırdığı möhkəm təməllər üzərində ölkəmizi milli dövlətçilik tarixinin ən qüdrətli mərhələsinə yetirmişdir. Xalqımızın azadlıq arzusu, milli birlik ruhu və müstəqil dövlət qurmaq əzmi əsasında formalaşan bu tarixi irs Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik xətti və bu gün uğurla davam etdirilən siyasət nəticəsində daha da möhkəmlənmişdir. Azərbaycanın keçdiyi inkişaf yolu göstərir ki, istiqlal ideyalarına sədaqət, milli dəyərlərin qorunması və güclü dövlət quruculuğu gələcək nəsillər üçün etibarlı təməl olmaqla yanaşı, ölkəmizin suverenliyinin, tərəqqisinin və beynəlxalq nüfuzunun davamlı təminatıdır.
Rövlan Heydərov
YAP Naftalan şəhər təşkilatının sədri