Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində müqəddəs rəmzlər həmişə milli kimliyin, azadlıq ruhunun və istiqlal ideallarının daşıyıcısı olmuşdur. Bu rəmzlər içərisində üçrəngli Azərbaycan bayrağı xüsusi yer tutur. Mavi, qırmızı və yaşıl rənglərin vəhdətindən yaranan bu müqəddəs bayraq təkcə bir dövlət atributu deyil, həm də xalqın keçdiyi keşməkeşli yolun, mübarizəsinin, milli iradəsinin və gələcəyə olan inamının simvoludur. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayrağın bu gün işğaldan azad edilmiş torpaqlarda dalğalanması müasir Azərbaycan tarixinin ən böyük qürur səhifələrindən biridir. Bu möhtəşəm tarixi gerçəklik Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətli siyasətinin, sarsılmaz iradəsinin və gələcək nəsillərə bəxş etdiyi misilsiz dövlətçilik əmanətinin təntənəsidir.
1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə ilk demokratik respublika kimi tarixə düşdü. Məhz həmin dövrdə qəbul edilmiş üçrəngli bayraq Azərbaycan xalqının milli ideallarını özündə əks etdirdi. Mavi rəng türkçülüyü, qırmızı rəng müasirliyi və demokratiyanı, yaşıl rəng isə İslam sivilizasiyasına bağlılığı ifadə edirdi. Bu bayraq qısa müddətdə xalqın istiqlal arzularının müqəddəs rəmzinə çevrildi. Lakin 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutu ilə bu bayraq da uzun illər Azərbaycan səmasından uzaq salındı.
Sovet hakimiyyəti dövründə Azərbaycan xalqının milli yaddaşını silmək cəhdlərinə baxmayaraq, üçrəngli bayraq xalqın qəlbində yaşamağa davam etdi. Milli azadlıq ideyaları heç vaxt sönmədi. Xüsusilə XX əsrin sonlarında Azərbaycan xalqının azadlıq mübarizəsi yenidən gücləndi və üçrəngli bayraq meydanlarda dalğalanmağa başladı. 1991-ci ildə dövlət müstəqilliyi bərpa olunduqdan sonra Azərbaycan bayrağı yenidən dövlət bayrağı kimi qəbul edildi və xalqın azadlıq əzmini bütün dünyaya nümayiş etdirdi.
Lakin müstəqilliyin ilk illərində Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti nəticəsində Qarabağ və ətraf rayonlar düşmən tapdağı altında qaldı. Azərbaycanın tarixi torpaqlarında separatizm və vandalizm hökm sürdü. Həmin illərdə xalqın ən böyük arzularından biri üçrəngli bayrağın yenidən Şuşada, Laçında, Kəlbəcərdə, Füzulidə, Cəbrayılda və digər müqəddəs torpaqlarda dalğalanması idi. Bu arzu uzun illər xalqın qəlbində bir nisgil kimi yaşadı.
Ümummilli Lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin xilaskarı olaraq ölkənin parçalanmasının qarşısını aldı, güclü dövlətin əsaslarını yaratdı və gələcək qələbənin strateji təməlini formalaşdırdı. Onun müəyyən etdiyi siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildi. İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan güclü iqtisadiyyata, qüdrətli orduya və beynəlxalq nüfuza malik dövlətə çevrildi. Dövlət başçısının illərlə apardığı məqsədyönlü siyasət nəticəsində Azərbaycan Ordusu müasir silahlarla təchiz edildi, peşəkar hərbi qüvvəyə çevrildi və xalqda qələbəyə inam formalaşdırıldı.
2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi Azərbaycan tarixinin dönüş nöqtəsinə çevrildi. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu misilsiz qəhrəmanlıq göstərərək torpaqlarımızı işğaldan azad etdi. Hər gün cəbhədən gələn qələbə xəbərləri xalqın milli ruhunu daha da yüksəldirdi. İşğaldan azad olunan hər bir şəhər və kənddə Azərbaycan bayrağının ucaldılması isə tarixi ədalətin bərpasının ən möhtəşəm təcəssümü idi.
Xüsusilə Şuşada Azərbaycan bayrağının dalğalanması bütün Türk dünyası və Azərbaycan xalqı üçün əbədi qürur mənbəyinə çevrildi. Şuşa təkcə bir şəhər deyil, Azərbaycan mədəniyyətinin, ruhunun və tarixinin simvoludur. Prezident İlham Əliyevin Şuşada çıxış edərək “Əziz Şuşa, biz qayıtmışıq!” sözlərini səsləndirməsi xalqın yaddaşına qızıl hərflərlə yazıldı. Bu qayıdış təkcə fiziki qayıdış deyildi; bu, milli ləyaqətin, dövlət iradəsinin və tarixi ədalətin zəfəri idi.
Bu gün Qarabağda və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı quruculuq işləri Azərbaycanın gələcəyə hesablanmış dövlətçilik strategiyasının bariz nümunəsidir. Dağıdılmış şəhərlərin yenidən qurulması, yolların, hava limanlarının, məktəblərin, xəstəxanaların tikilməsi göstərir ki, Azərbaycan yalnız torpaqlarını azad etmədi, həm də həmin torpaqlara həyat qaytardı. Bütün bu işlərin mərkəzində isə üçrəngli bayraq dayanır. Çünki həmin bayraq artıq yalnız azadlığın deyil, həm də dirçəlişin və inkişafın rəmzidir.
Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət gələcək nəsillərə böyük bir dövlətçilik məktəbi miras qoyur. Bu məktəbin əsas ideyası milli birlik, güclü dövlət, milli qürur və vətən sevgisidir. İşğaldan azad edilmiş torpaqlarda dalğalanan Azərbaycan bayrağı gələcək nəsillərə mesaj verir ki, dövlətin gücü xalqın birliyində, ordunun qüdrətində və liderin qətiyyətindədir. Bu bayraq hər bir azərbaycanlıya xatırladır ki, Vətən müqəddəsdir və onun müdafiəsi hər bir vətəndaşın borcudur.
Bu gün məktəblərdə böyüyən uşaqlar artıq Qarabağı xəritədə deyil, azad və yenidən qurulan Azərbaycan torpağı kimi tanıyırlar. Onlar Şuşaya, Xankəndiyə, Laçına qalib xalqın övladları kimi baxırlar. Bunun əsas səbəbi Prezident İlham Əliyevin uzaqgörən siyasəti və qətiyyətli liderliyidir. Azərbaycan bayrağının Qarabağda dalğalanması yalnız bu günün zəfəri deyil, həm də gələcək nəsillərin milli yaddaşının formalaşması baxımından əvəzsiz tarixi hadisədir.
Azərbaycan xalqı əsrlər boyu azadlıq uğrunda mübarizə aparmışdır. Bu mübarizənin nəticəsi olaraq üçrəngli bayraq yenidən Azərbaycanın bütün ərazilərində ucalır. Bu bayraq şəhidlərin qanı, qazilərin qəhrəmanlığı və xalqın birliyi hesabına yüksəlmişdir. Ona görə də hər bir azərbaycanlı üçün bayraq sadəcə parça deyil, müqəddəs and yeridir.
Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan üçrəngli bayrağın bu gün işğaldan azad edilmiş torpaqlarda qürurla dalğalanması müasir Azərbaycan dövlətinin ən böyük nailiyyətlərindən biridir. Bu tarixi zəfərin müəllifi Prezident İlham Əliyev gələcək nəsillərə güclü dövlət, qalib xalq və azad Qarabağ miras qoymuşdur. Bu, sadəcə siyasi uğur deyil, həm də əsrlər boyu yaşayacaq böyük dövlətçilik əmanətidir. Azərbaycan bayrağı Qarabağ səmasında dalğalandıqca xalqımızın qüruru, birliyi və müstəqilliyi də əbədi yaşayacaqdır.
Rizvan Məmmədov
YAP Şahbuz rayon təşkilatının sədri