Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində 28 May xüsusi əhəmiyyətə malik olan ən şərəfli və qürurverici günlərdən biridir. 1918-ci il mayın 28-də yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın milli azadlıq mübarizəsinin, istiqlal arzularının və dövlətçilik ənənələrinin parlaq təcəssümünə çevrildi. Bu tarixi hadisə ilə Azərbaycan xalqı təkcə öz müstəqilliyini dünyaya bəyan etmədi, eyni zamanda bütün müsəlman Şərqində ilk demokratik, hüquqi və parlamentli respublikanın əsasını qoyaraq dünya siyasi tarixində yeni bir səhifə açdı.
XX əsrin əvvəllərində baş verən mürəkkəb ictimai-siyasi proseslər, çar Rusiyasının süqutu və imperiyanın dağılması milli azadlıq ideyalarının daha da güclənməsinə səbəb olmuşdu. Azərbaycan xalqının qabaqcıl ziyalıları və siyasi xadimləri yaranmış tarixi şəraiti düzgün qiymətləndirərək müstəqil dövlət quruculuğu yolunda mühüm addımlar atdılar. Nəhayət, 1918-ci il mayın 28-də Tbilisi şəhərində Azərbaycan Milli Şurası tərəfindən İstiqlal Bəyannaməsi qəbul edildi və Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığı elan olundu. Bununla da xalqımız əsrlər boyu arzuladığı müstəqilliyə qovuşdu.
Azərbaycan Xalq Cümhuriyyətinin yaranması Vətəndə böyük sevinc və coşqu ilə qarşılandı. Lakin ölkədə mövcud olan mürəkkəb vəziyyət gənc dövlətin qarşısında ciddi problemlər yaradırdı. Bakının bolşevik və erməni daşnak qüvvələrinin nəzarəti altında olması hökumətin fəaliyyətini Gəncə şəhərində qurmasını zəruri etdi. Gəncə həmin dövrdə Azərbaycan dövlətçiliyinin qorunduğu əsas siyasi mərkəzə çevrildi. Yeni yaranmış hökumətin əsas məqsədi Bakını işğaldan azad etmək, ölkədə sabitliyi təmin etmək və milli ordunu formalaşdırmaq idi.
Azərbaycan Xalq Cümhuriyyəti rəhbərləri anlayırdılar ki, güclü dövlətin əsas dayaqlarından biri milli ordudur. Bu məqsədlə 1918-ci il iyunun 26-da Əlahiddə Müsəlman Korpusunun bazasında Azərbaycan Milli Ordusunun yaradılması elan edildi. Bu tarix bu gün də Silahlı Qüvvələr Günü kimi qeyd olunur. Milli Ordunun yaradılması Azərbaycan dövlətçiliyinin qorunması və ölkənin ərazi bütövlüyünün təmin olunması baxımından mühüm tarixi addım idi.
Həmin dövrdə qardaş Türkiyə ilə hərbi əməkdaşlığın genişləndirilməsi xüsusi əhəmiyyət daşıyırdı. Osmanlı dövlətinin göndərdiyi Qafqaz İslam Ordusu Nuri Paşanın rəhbərliyi altında Azərbaycan Ordusu ilə birlikdə ölkəmizin azadlığı uğrunda qəhrəmancasına mübarizə apardı. Kürdəmir, Göyçay, Şamaxı, Ağsu və digər bölgələrdə gedən ağır döyüşlərdə erməni-bolşevik qüvvələrinə ciddi zərbələr endirildi. Nəhayət, 1918-ci il sentyabrın 15-də Bakı şəhəri işğaldan azad olundu. Bu tarixi qələbə Azərbaycan xalqının dövlətçilik tarixində dönüş nöqtəsinə çevrildi.
Bakının azad edilməsindən sonra Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti paytaxta köçərək genişmiqyaslı dövlət quruculuğu işlərinə başladı. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti mühüm islahatlar həyata keçirdi. Demokratik parlament yaradıldı, dövlət atributları qəbul olundu, təhsil, səhiyyə, iqtisadiyyat və ordu quruculuğu sahəsində mühüm addımlar atıldı. Qadınlara seçki hüququnun verilməsi isə Azərbaycanı bir çox Avropa dövlətlərindən belə irəli aparan mühüm demokratik yenilik idi.
Azərbaycan parlamentinə Əlimərdan bəy Topçubaşov kimi görkəmli dövlət xadimləri rəhbərlik edir, ölkənin gələcəyi üçün mühüm qanunvericilik aktları hazırlanırdı. Həmin dövrdə Bakı Dövlət Universitetinin yaradılması milli təhsil tariximizin ən böyük nailiyyətlərindən biri hesab olunur. Azərbaycan Xalq Cümhuriyyəti qısa müddətdə sübut etdi ki, xalqımız müstəqil və demokratik dövlət qurmağa qadirdir.
Lakin beynəlxalq siyasi vəziyyət və bolşevik Rusiyasının təzyiqləri nəticəsində 1920-ci ilin aprelində Azərbaycan Xalq Cümhuriyyəti süquta uğradı. Bununla belə, cümhuriyyətin yaratdığı dövlətçilik ənənələri xalqımızın yaddaşından heç vaxt silinmədi. Sovet hakimiyyəti illərində milli azadlıq ruhu daim yaşayırdı və müstəqillik ideyası xalqın qəlbində qorunub saxlanılırdı.
1991-ci ildə Azərbaycan yenidən öz dövlət müstəqilliyini bərpa etdi. Bu mühüm tarixi mərhələdə Ümummilli Lider Heydər Əliyevin xidmətləri xüsusi qeyd olunmalıdır. Hələ Naxçıvanda fəaliyyət göstərdiyi dövrdə üçrəngli bayrağımızın dövlət bayrağı kimi qəbul edilməsi məhz onun təşəbbüsü ilə həyata keçirildi. Ulu Öndərin qətiyyəti, uzaqgörən siyasəti və xalqına bağlılığı nəticəsində Azərbaycan dövlətçiliyi qorundu, ölkədə sabitlik təmin edildi və müstəqilliyimizin möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atıldı.
Bu gün Prezident İlham Əliyev rəhbərliyi ilə Azərbaycan Respublikası öz tarixinin ən qüdrətli dövrünü yaşayır. 2020-ci ildə 44 günlük Vətən müharibəsində əldə olunan möhtəşəm Qələbə xalqımızın milli birliyinin, güclü dövlət siyasətinin və rəşadətli Azərbaycan Ordusunun gücünü bütün dünyaya nümayiş etdirdi. Şanlı Zəfər nəticəsində ölkəmizin ərazi bütövlüyü bərpa olundu və tarixi ədalət öz yerini tapdı.
Bu gün 28 May – Müstəqillik Günü hər bir azərbaycanlı üçün böyük qürur və iftixar mənbəyidir. Bu əlamətdar gün bizə xatırladır ki, müstəqillik asan qazanılmayıb. Azərbaycan xalqı öz qəhrəman oğul və qızlarının qanı, canı və fədakarlığı hesabına azad dövlətə sahib olmuşdur. Ona görə də müstəqilliyimizi qorumaq, dövlətçiliyimizi daha da möhkəmləndirmək və gələcək nəsillərə güclü Azərbaycan ötürmək hər birimizin müqəddəs vəzifəsidir.
Azərbaycan xalqı tarix boyu çətin sınaqlardan şərəflə çıxmış, milli birliyini və dövlətçilik ənənələrini qoruyub saxlamışdır. Bu gün də xalqımız öz dövlətinin ətrafında sıx birləşərək Azərbaycanın daha qüdrətli, inkişaf etmiş və dünyada söz sahibi olan dövlətə çevrilməsi naminə əzmlə çalışır. 28 May təkcə tarixi gün deyil, həm də xalqımızın azadlıq ruhunun, milli qürurunun və yenilməz iradəsinin rəmzidir.
İlahə Qurbanova
YAP Samux rayon təşkilatının əməkdaşı