PDF Oxu

Siyasət

  • 1 282

Torpağa dönüş strategiyası: Kənd təsərrüfatında yeni mərhələ

image

Azərbaycanın iqtisadi inkişaf tarixində elə mərhələlər var ki, ölkənin sosial xəritəsini, yaşayış fəlsəfəsini, istehsal münasibətlərini və gələcək prioritetlərini dəyişir. Prezident İlham Əliyevin kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədəki çıxışı və onun ardınca imzalanmış “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” haqqında Sərəncam məhz belə qərarlardandır. Dövlət Proqramının əsas məqsədi kənd təsərrüfatında rəqabətqabiliyyətliliyin artırılması, yüksək əlavə dəyər yaradan intensiv təsərrüfatçılığa keçidin sürətləndirilməsi və ölkənin ərzaq təhlükəsizliyinin daha da möhkəmləndirilməsidir.

Prezident çıxışında xüsusi vurğuladı ki, kənd təsərrüfatına dövlət diqqəti yeni deyil və bu istiqamətin təməli hələ 2004-cü ildə qəbul edilən ilk Regional İnkişaf Proqramı ilə qoyulub. “Hələ ilk dəfə prezident vəzifəsinə seçiləndən sonra 2004-cü ildə ilk təşəbbüslərimdən biri regional inkişaf proqramı idi və onun da tərkib hissəsi kənd təsərrüfatının inkişafı idi”, – deyə dövlət başçısı qeyd etdi.
Bu yanaşmanın nəticələri artıq uzun illərdir ki, görünür. Bir vaxtlar qazlaşdırma, elektrik enerjisi, yol və su təminatı ilə bağlı ciddi problemlərlə üzləşən bölgələr bu gün tamamilə fərqli reallıq yaşayır. Ölkə üzrə qazlaşmanın 96 faizə çatması, enerji təhlükəsizliyinin təmin olunması, iri magistral və kənd yollarının çəkilməsi, su anbarlarının tikilməsi kənd təsərrüfatının inkişafı üçün bazis infrastrukturunu formalaşdırıb. Lakin müşavirənin əsas mesajı keçmiş uğurların sadalanması deyil, gələcək çağırışların açıq şəkildə etiraf olunması idi.
Prezident İlham Əliyev açıq şəkildə bəyan etdi: “Son vaxtlar kənd təsərrüfatı istehsalında dinamika məni qane etmir”.
Bu fikir təsadüfi səslənmədi. Çünki artıq yeni mərhələdə əsas məsələ istehsalın sadəcə artımı deyil, məhsuldarlığın, səmərəliliyin və bazar uyğunluğunun təmin edilməsidir.
Müşavirədə səslənən rəqəmlər Azərbaycanın aqrar sektorunun həm uğurlarını, həm də həllini gözləyən problemlərini aydın göstərdi.
Buğda üzrə özünü təminetmə cəmi 55 faizdir – daxili istehsal 1 milyon 573 min ton, idxal isə 1 milyon 267 min ton təşkil edir. Prezident bu göstəricini “qəbuledilməz rəqəm” adlandıraraq vurğuladı ki, ölkə tam özünütəminat hədəfi qoymasa da, mövcud vəziyyət dəyişməlidir.
Digər istiqamətlərdə isə daha müsbət dinamika müşahidə olunur. Tərəvəz üzrə təminat 107 faiz, meyvə və giləmeyvə üzrə 140 faizdir. Fındıqçılıqda Azərbaycan artıq dünya miqyasında aparıcı yerlərdən birini tutur. Şəkər üzrə 102 faizlik təminat və yüksək ixrac potensialı formalaşıb.
Pambıqçılıq isə dövlət dəstəyi ilə dirçəldilmiş sahələrin ən parlaq nümunələrindən biri kimi təqdim edildi. Vaxtilə 20 min tona qədər enmiş istehsal bu gün 360 min tonu keçib. Məhsuldarlıq hektardan 1 tondan 3,6 tona yüksəlib. Yeni hədəf isə hər hektardan minimum 5 ton əldə etməkdir.
Baramaçılığın və ipəkçiliyin yenidən canlandırılması da dövlətin sistemli yanaşmasının nəticəsi kimi göstərildi.
Yeni Dövlət Proqramının fəlsəfəsi yalnız subsidiyalara əsaslanmır. Burada əsas vurğu texnologiya, torpaq idarəçiliyi, bazar yönümlü istehsal və investisiya modelinə edilir.
Prezident torpaqların elektron xəritələşdirilməsi, süni intellekt, peyk monitorinqi və hər torpaq sahəsinin “pasportlaşdırılması” ideyasını xüsusi vurğuladı:
“Hər bir əkin üçün yararlı torpaq sahəsinin öz pasportu olmalıdır. Orada hansı məhsul yetişdirilərsə fermer daha çox qazanc götürəcək, bu müəyyən edilməlidir”.
Bu yanaşma artıq kənd təsərrüfatının ənənəvi idarəetmə modelindən dəqiq kənd təsərrüfatı modelinə keçidin siqnalıdır.
Müşavirənin ən diqqətçəkən məqamlarından biri urbanizasiya ilə bağlı səslənən strateji yanaşma oldu. “Biz isə elə etməliyik ki, kəndlərdən şəhərlərə yox, şəhərlərdən kəndlərə qayıdış prosesi başlasın”.
Bu fikir sadəcə demoqrafik çağırış deyil. Bu, regionların iqtisadi cazibə mərkəzinə çevrilməsi, kəndin müasir həyat məkanına transformasiyası konsepsiyasıdır.
Bu məqsədlə kəndlərdə təkcə əkin-biçin deyil, xidmət sektoru, turizm, sosial infrastruktur, məşğulluq və həyat keyfiyyəti paralel şəkildə inkişaf etdirilməlidir.
Yeni Dövlət Proqramında investisiya komponenti də xüsusi yer tutur. Təxmini hesablamalara görə, dövlət xətti ilə 2 milyard manatdan çox, özəl sektor tərəfindən isə 3 milyard manatdan artıq vəsaitin cəlb olunması nəzərdə tutulur. Sərəncamla Nazirlər Kabinetinə hüquqi bazanın təkmilləşdirilməsi, torpaq kateqoriyalarının optimallaşdırılması, illik monitorinq mexanizmlərinin qurulması tapşırılıb. Eyni zamanda, kredit faizlərinin subsidiyalaşdırılması və investisiya layihələrinin dəstəklənməsi mexanizmləri nəzərdə tutulur.
Su təsərrüfatı, müasir suvarma sistemləri, soyuducu anbarlar, gübrə istehsalı, aqroparklar, istixanalar, intensiv bağçılıq – bütün bunlar proqramın icra alətləridir.
Artıq ölkədə 400 min ton tutumlu soyuducu anbar infrastrukturu yaradılıb və bu göstəricinin 500 min tona çatdırılması hədəflənir. Müasir suvarma sistemlərinin tətbiq sahəsinin isə 130 min hektardan 300 min hektara qədər genişləndirilməsi planlaşdırılır.
Əslində bu proqramın mərkəzində bir fikir dayanır: torpaq sadəcə resurs deyil, milli təhlükəsizlik məsələsidir.
Müharibələrin, qlobal təchizat zəncirlərinin pozulduğu, iqlim dəyişikliklərinin sürətləndiyi bir dövrdə kənd təsərrüfatı artıq yalnız iqtisadi sahə deyil – dövlətin dayanıqlılıq sisteminin əsas sütunlarından biridir.
Prezident İlham Əliyevin müşavirədə dediyi kimi: “Hər bir ölkə öz ərzaq təhlükəsizliyi haqqında düşünməlidir və konkret addımlar atmalıdır”.
2026–2030-cu illəri əhatə edən yeni Dövlət Proqramı da məhz həmin konkret addımların yol xəritəsidir – məqsədi isə birbaşa olaraq Azərbaycanın torpaqdan gələn gücünü daha yüksək məhsuldarlığa, daha güclü iqtisadiyyata və daha dayanıqlı gələcəyə çevirməkdir.

Elnarə Akimova
Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü,
Filologiya elmləri doktoru

Digər xəbərlər