28 May Müstəqillik Günü Azərbaycan xalqının tarixinin ən şərəfli, ən parlaq səhifələrindən biridir. 1918-ci ilin mayın 28-də Şərqdə və müsəlman dünyasında ilk dəfə demokratik, hüquqi və dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılması ilə xalqımız öz azadlıq və müstəqillik iradəsini bütün dünyaya bəyan etdi. Cəmi 23 ay yaşamasına və 1920-ci ildə bolşevik işğalı ilə süqut etməsinə baxmayaraq, Cümhuriyyətin qısa müddətdə atdığı addımlar — milli ordunun qurulması, ana dilinin dövlət dili elan edilməsi və qadınlara seçki hüququnun verilməsi tariximizə qızıl hərflərlə yazıldı.
1991-ci il oktyabrın 18-də SSRİ-nin dağılması ilə Azərbaycan öz müstəqilliyini yenidən bərpa etdi və özünü Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan etdi. Lakin müstəqilliyin ilk illərində ölkə daxili xaos, dərin iqtisadi böhran və Ermənistanın hərbi təcavüzü respublikanı parçalanmaq və suverenliyini yenidən itirmək təhlükəsi ilə üz-üzə qoymuşdu. Belə bir taleyüklü və ağır dönəmdə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev Azərbaycanı bu fəlakətlərdən xilas etdi.
Ulu Öndər Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin tarixi irsinə və ənənələrinə hər zaman böyük ehtiramla yanaşırdı. Məhz onun rəhbərliyi dövründə 28 May günü dövlət səviyyəsində rəsmi bayram elan olundu. Heydər Əliyev müstəqilliyin qorunmasının onu qazanmaqdan qat-qat çətin olduğunu vurğulayaraq, "Azərbaycanın müstəqilliyi daimidir, çağdaşdır, dönməzdir!" ideyasını dövlət siyasətinin əsasına çevirdi. Onun uzaqgörən neft strategiyası, "Əsrin müqaviləsi"nin imzalanması, hüquqi dövlət quruculuğu və güclü ordu təməllərinin atılması müasir, müstəqil Azərbaycanın xilasını və inkişafını təmin etdi.
Ümummilli Liderin dövlətçilik xəttini və müstəqillik ideallarını uğurla davam etdirən Prezident cənab İlham Əliyev Azərbaycanı həm iqtisadi, həm də hərbi cəhətdən regionun lider və qüdrətli dövlətinə çevirdi. Cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı islahat bə bəsirətli xarici siyasət ölkəmizin beynəlxalq arenadakı mövqeyini sarsılmaz etdi.
Müstəqillik tariximizin ən uca və şanlı zirvəsi isə 2020-ci ildə qazanılan 44 günlük Vətən Müharibəsi oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etdi. Bununla da, həm 1918-ci ildə qurulan Cümhuriyyətin, həm də ulu öndər Heydər Əliyevin ən böyük arzusu — Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bütün ölkə ərazisində tam təmin olunması reallığa çevrildi. Bu tarixi zəfərdən sonra, 2021-ci ildə qəbul edilən qanunla bu müqəddəs tarixin mahiyyəti daha da ucaldılaraq rəsmən "Müstəqillik Günü" adlandırıldı.
Bu gün azad Qarabağda, Şuşada və Xankəndidə qürurla dalğalanan üçrəngli bayrağımız, 28 May tarixinin xalqımızın azadlıq ruhunun, sarsılmaz birliyinin və dövlətçilik qüdrətinin ən böyük rəmzi olduğunu bütöv dünyaya nümayiş etdirir.
Əli Paşayev
YAP Tərtər rayon təşkilatının məsləhətçisi