Torpaq sadəcə üzərində yaşayıb ruzi qazandığımız coğrafi bir məkan deyil; o, millətin varlığının, iqtisadi müstəqilliyinin və gələcəyə olan inamının təməl daşıdır. Qlobal çağırışların, ərzaq təhlükəsizliyi risklərinin və iqlim dəyişikliklərinin dünyanı yenidən formalaşdırdığı müasir dövrdə torpağa münasibət həm də milli təhlükəsizlik strategiyasının əsas xəttini təşkil edir. Məhz bu fəlsəfədən çıxış edərək, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda aqrar sahəyə yanaşma radikal şəkildə dəyişmiş, kənd təsərrüfatı iqtisadiyyatın aparıcı qüvvəsinə çevrilmişdir. Ölkə başçısının kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirələrdəki konseptual və proqram xarakterli çıxışları, sahənin gələcək taleyini müəyyən edən strateji baxışın, dövlət-fermer birliyinin fəlsəfi və praktik xəritəsidir. Bu proqram yönümlü tezislər təkcə bugünkü məhsuldarlığı deyil, Azərbaycan torpağının gələcək nəsillərə daha bərəkətli və dayanıqlı şəkildə ötürülməsini hədəfləyir.
Müşavirələrdə xüsusi vurğulanan və bu böyük hədəfə xidmət edən ən mühüm istiqamətlərdən biri dövlət xətti ilə həyata keçirilən irimiqyaslı infrastruktur layihələridir. Aqrar sektorun inkişafını suvarma sistemlərinin yenidən qurulması, yol-nəqliyyat infrastrukturunun yenilənməsi və kəndlərin qazlaşdırılması, elektrik enerjisi təminatının modernləşdirilməsi kimi qlobal addımlarsız təsəvvür etmək qeyri-mümkündür. Dövlət başçısının qeyd etdiyi kimi, son illərdə minlərlə kilometr kənd yollarının salınması, nəhəng su anbarlarının (məsələn, Taxtakörpü, Şəmkirçay və s.) istifadəyə verilməsi və müasir suvarma kanallarının çəkilməsi yüz minlərlə hektar torpağın yenidən dövriyyəyə cəlb edilməsinə, fermerlərin işinin yüngülləşməsinə birbaşa təkan vermişdir. Bu layihələr təkcə iqtisadi deyil, həm də regional tarazlığı qoruyan çox ciddi sosial xarakter daşıyır.
Prezident İlham Əliyevin çıxışlarında rəqəmsallaşma, elmi yanaşma və innovasiyaların kənd təsərrüfatına tətbiqi məsələsi hər zaman qırmızı xətlə keçir. Dövlət başçısı ənənəvi, ekstensiv üsullardan müasir, intensiv kənd təsərrüfatı metodlarına keçidin qaçılmaz olduğunu mütəmadi olaraq diqqətə çatdırır. Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin (EKTİS) qurulması, subsidiyaların tam şəffaflaşdırılması və "bəyannamə" prinsipi ilə verilməsi bu struktur islahatlarının bariz nümunəsidir. Prezident həmçinin torpaq və su ehtiyatlarından səmərəli istifadəni ölkənin milli təhlükəsizlik məsələsi kimi xarakterizə edir. Su itkilərinin qarşısının alınması, pivot (dairəvi) suvarma sistemlərinin genişləndirilməsi və torpaqların şoranlaşmaya qarşı qorunması kənd təsərrüfatı idarəçiləri qarşısında qoyulan ən ciddi tələblərdəndir.
Aqrar sahədə dövlət dəstəyi mexanizmləri, subsidiyalar, güzəştli kreditlər və vergi azadlıqları ölkə rəhbərinin çıxışlarında geniş yer tutur. Azərbaycan dünyada kənd təsərrüfatı istehsalçılarını demək olar ki, bütün vergilərdən (torpaq vergisi istisna olmaqla) azad edən azsaylı ölkələrdəndir. Prezident İlham Əliyev hər zaman vurğulayır ki, kəndli dövlətin dəstəyini hər addımda hiss etməlidir. Aqrolizinq xətti ilə ölkəyə gətirilən müasir texnikaların fermerlərin istifadəsinə verilməsi, gübrə və pestisidlərin təminatındakı dövlət yardımları daxili bazarda bolluq yaratmaqla yanaşı, ixrac potensialımızı da dəfələrlə artırmışdır.
Xüsusilə qeyd edilməlidir ki, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurun nəhəng aqrar potensialı bu gün Prezidentin çıxışlarının və dövlət proqramlarının mərkəzində dayanır. Dövlət başçısının tapşırığı ilə həmin torpaqlarda həyata keçirilən "Ağıllı kənd" layihələri, taxılçılıq, heyvandarlıq və bağçılıq təsərrüfatlarının bərpası ölkənin ümumi kənd təsərrüfatı balansına və ekoloji təmiz qida istehsalına böyük töhfələr verməkdədir.
Prezident İlham Əliyevin müşavirələrdəki proqram xarakterli çıxışları bütövlükdə bir həqiqəti ortaya qoyur: Azərbaycanda kənd təsərrüfatının inkişafı sadəcə statistik iqtisadi göstərici deyil, o, kənd əhalisinin rifahı, məşğulluğun təmini, milli ərzaq təhlükəsizliyi və müstəqil xarici siyasətin iqtisadi təməlidir.
Dövlət xətti ilə atılan bu nəhəng addımlar kənd təsərrüfatını daha rəqabətqabiliyyətli, innovativ və dayanıqlı bir sahəyə çevirərək, ölkənin uzunmüddətli inkişaf strategiyasını uğurla təmin edir.
Səbinə Əliyeva
YAP Ordubad rayon təşkilatının məsləhətçisi