28 May Azərbaycan xalqının tarixində ən şərəfli və unudulmaz günlərdən biridir. 1918-ci ilin 28 may tarixində Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə xalqımız ilk dəfə olaraq müstəqil və demokratik dövlət qurmaq hüququnu bütün dünyaya bəyan etmişdir. Şərqdə ilk demokratik respublika hesab olunan Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın azadlıq, milli birlik və dövlətçilik arzularının təcəssümü olmuşdur.
Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq Azərbaycan Xalq Cümhuriyyəti milli dövlətçilik tariximizdə silinməz iz qoymuşdur. Həmin dövrdə dövlət atributları qəbul edilmiş, ana dilimiz dövlət dili elan olunmuş, milli ordu yaradılmış, təhsil və mədəniyyət sahəsində mühüm addımlar atılmışdır. Azərbaycan qadınlarına seçmək və seçilmək hüququnun verilməsi isə ölkəmizin demokratik dəyərlərə sadiqliyini göstərən ən mühüm tarixi addımlardan biri olmuşdur.
Lakin 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra xalqımız uzun illər müstəqillikdən uzaq düşmüşdür. Buna baxmayaraq, xalqın azadlıq ruhu heç zaman sönməmiş, müstəqillik arzusu daim yaşamışdır. 1991-ci ildə Azərbaycan yenidən dövlət müstəqilliyini bərpa etsə də, ölkədə yaranmış siyasi və iqtisadi böhran dövlətçiliyimizi ciddi təhlükə qarşısında qoymuşdur.
Məhz belə bir çətin dövrdə xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıdaraq ölkəmizi parçalanmaq və məhv olmaq təhlükəsindən xilas etmişdir. Dahi Rəhbərin uzaqgörən siyasəti nəticəsində Azərbaycanda sabitlik və əmin-amanlıq bərpa olunmuş, dövlət quruculuğu prosesi sürətləndirilmiş, ordu quruculuğu gücləndirilmiş və Azərbaycanın beynəlxalq aləmdə nüfuzu artmışdır.
Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması və möhkəmləndirilməsi yolunda misilsiz xidmətlər göstərmişdir. Onun rəhbərliyi ilə xalqımız milli-mənəvi dəyərlərinə sahib çıxmış, milli birlik daha da güclənmişdir. Ulu Öndər Heydər Əliyev hər zaman bildirirdi ki, Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir və sarsılmazdır. Bu siyasi kurs bu gün də uğurla davam etdirilir.
Bu gün Ümummilli liderin layiqli davamçısı, Müzəffər Ali Baş Komandanımız, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyev tərəfindən ölkəmizin müstəqilliyi daha da möhkəmləndirilir, Azərbaycanın beynəlxalq nüfuzu artırılır və dövlətçilik ənənələri uğurla yaşadılır. Güclü iqtisadiyyat, qüdrətli ordu və milli birlik Azərbaycanın gələcəyinin daha parlaq olacağını göstərir.
Beləki biz fəxrlə deyə bilərik ki, bu gün Müstəqillik gününü, suverenliyini tam bərpa etmiş üçrəngli bayrağı Qarabağda, Şuşada qürurla dalğalanan bir ölkənin vətəndaşları kimi qeyd edirik.
28 May Müstəqillik Günü hər bir azərbaycanlı üçün qürur və iftixar günüdür. Bu əlamətdar tarix xalqımızın azadlıq əzmini, dövlətçilik ənənələrini və vətən sevgisini özündə əks etdirir. Hər bir vətəndaş müstəqilliyimizin qədrini bilməli, onun qorunması və inkişafı naminə çalışmalıdır.
Məktəbəqədər təhsil müəssisəsinin rəhbəri və Yeni Azərbaycan Partiyasının fəal üzvü kimi qeyd etmək istəyirəm ki, bizim ən böyük vəzifəmiz müstəqilliyimizi qoruyacaq və onu daha da ucaldacaq gələcək nəsilləri yetişdirməkdir. Uşaqlar bizim gələcəyimizdir, onların azad, firəvan, güclü Azərbaycanda böyüməsi bizim ən böyük xoşbəxtliyimizdir. Biz də partiyamızın proqram və məqsədlərinə sadiq qalaraq təhsilin ilk pilləsində keyfiyyəti artırmaq, dövlətimizə layiq vətəndaşlar yetişdirmək üçün çalışırıq.
Yaşasın müstəqil, azad və qürurlu Azərbaycan!
28 May Müstəqillik Günümüz mübarək!
Səriyyə Əhmədova
Naxçıvan şəhər 10 saylı körpələr evi – uşaq bağçasının müdiri , YAP Naxçıvan şəhər təşkilatının ƏPT sədri