28 May – Müstəqillik Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində ən əlamətdar və qürurverici günlərdən biridir. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin elan olunması ilə xalqımız Şərqdə və müsəlman aləmində ilk demokratik parlament respublikasını yaratdı. Bu tarixi hadisə xalqımızın azadlıq ideallarına bağlılığını və müstəqil dövlət qurmaq əzmini bütün dünyaya nümayiş etdirdi.
Milli Şura tərəfindən qəbul edilən İstiqlal Bəyannaməsi Azərbaycanın müstəqil dövlət kimi fəaliyyətə başlamasının hüquqi əsasını yaratdı. Azərbaycan Xalq Cümhuriyyəti qısa müddət mövcud olsa da, dövlət quruculuğu istiqamətində mühüm işlər həyata keçirdi. Milli ordunun yaradılması, dövlət atributlarının təsis olunması, Azərbaycan dilinin dövlət dili elan edilməsi və təhsil sahəsində aparılan islahatlar həmin dövrün mühüm nailiyyətləri idi. Qadınlara seçki hüququnun verilməsi isə Cümhuriyyətin demokratik dəyərlərə sadiqliyinin parlaq nümunəsi sayılırdı.
Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında və inkişafında Məmməd Əmin Rəsulzadə, Fətəli Xan Xoyski, Əlimərdan bəy Topçubaşov və digər görkəmli dövlət xadimlərinin mühüm xidmətləri olmuşdur. Onların xalqın milli azadlığı və dövlətçiliyi uğrunda fəaliyyəti tariximizin şərəfli səhifələrində xüsusi yer tutur.
1920-ci ildə Cümhuriyyətin süqut etməsinə baxmayaraq, xalqımızın azadlıq arzusu heç vaxt sönmədi. Uzun illərdən sonra – 1991-ci ildə Azərbaycan yenidən dövlət müstəqilliyini bərpa etdi və Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisi olduğunu bəyan etdi. Müstəqilliyin qorunub möhkəmləndirilməsi istiqamətində Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətləri olmuş, ölkədə sabitlik təmin edilmiş, dövlətçilik ənənələri daha da gücləndirilmişdir.
Bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan güclü və nüfuzlu dövlət kimi inkişafını davam etdirir. Həyata keçirilən uğurlu siyasət nəticəsində ölkəmizin beynəlxalq mövqeyi daha da möhkəmlənmiş, iqtisadi və siyasi nailiyyətlər əldə olunmuşdur. Dövlət başçısının təşəbbüsü ilə 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi və dövlətçilik tariximizə aid abidələrin ucaldılması milli irsimizə verilən yüksək dəyərin göstəricisidir.
2021-ci ildə qəbul olunan qanunla 28 May tarixinin rəsmi şəkildə Müstəqillik Günü kimi təsbit edilməsi tarixi yaddaşa və milli dövlətçilik ənənələrinə göstərilən xüsusi ehtiramın ifadəsi oldu. Bu gün Azərbaycanın üçrəngli bayrağı işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur torpaqlarında qürurla dalğalanır. Bu, xalqımızın birliyinin, əzminin və müstəqilliyə sadiqliyinin parlaq təcəssümüdür.
28 May – Müstəqillik Günü yalnız tariximizin mühüm səhifəsi deyil, həm də milli qürur, azadlıq və dövlətçilik rəmzidir. Bu əlamətdar gün xalqımızın keçmişinə ehtiramını, müstəqil gələcəyə inamını və dövlətçilik ənənələrinə bağlılığını nümayiş etdirir. Azərbaycan xalqı bundan sonra da müstəqilliyimizin qorunması və daha da möhkəmləndirilməsi naminə birlik və həmrəylik nümayiş etdirməyə davam edəcəkdir.
Araz Xudadanov
YAP Sabunçu rayon təşkilatının sədri