PDF Oxu

Siyasət

  • 1 296

"Müstəqillik xalqın ən böyük sərvətidir" - ŞƏRH EDİLDİ

image

"Müstəqillik ən dəyərli keyfiyyətlərdən biridir. Hər bir insanın azad yaşamaq hüququ var. Ən önəmlisi odur ki, hər bir fərd müstəqilliyi düzgün dərk etməlidir. Müstəqillik çərçivəsizlik və yaxud da bunu aşmaq deyil. Hər bir şəxsin fərdi azadlığı digər şəxsin azadlığının başladığı yerdə bitir".Bu sözləri SİA-ya açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova deyib.Onun sözlərinə görə, bu baxımdan da fərd siyasi, sosial, emosional, maliyyə və intellektual müstəqilliyinə diqqət yetirməlidir: "Müstəqillik suverenliyin əsasıdır. Xarici təsir və təzyiq olmadan hər bir xalq özünü müstəqil idarə etmək hüququ qazanmaq uğrunda çalışır. Dünya xalqlarının bir çoxu müstəqillik uğrunda mübarizə aparır. Lakin hər bir xalq bunu qazanmağa müvəffəq ola bilmir. Qürurverici məqamdır ki, Azərbaycan xalqı 1918-ci ildə Şərqdə ilk demokratik respublikanı qurmaqla müstəqillik yoluna qədəm qoydu. Bu yol son dərəcə çətin və keşməkeşli olsa da, xalqımızın mübarizə əzmi heç bir zaman sınmadı. Birlik, cəsarət, ortaq mövqe yolu üzrə inkişaf edən bu yol bizi Qarabağa və Şərqi Zəngəzura apardı.Bu istiqamətdə qeyd olunmalıdır ki, hər bir fərd müstəqillik duyğusu ilə sərbəst qərarlar verdiyi qədər, həm də dövlətin aldığı qərarlara hörmətlə yanaşmalı və dövlətin daha güclü olması istiqamətində əzmlə çalışmalıdır. Çünki bu gün beynəlxalq münasibətlər sistemi son dərəcə çətin bir perioddan keçir. Müstəqillikdən faydalanmaq qədər intizamı, əməkdaşlığı, tolerantlığı artırmaq, qarşılıqlı anlaşmanı təşviq etmək lazımdır. Şübhəsiz ki, bu, sivil cəmiyyət üçün ilkin dəyərlərdir. Həqiqi müstəqillik balansdır. Bu, cəmiyyət arasında, fərdlər arasında olan balansda özünü təcəssüm etdirir.Azərbaycan 44 günlük Vətən müharibəsində, 2023-cü ilin antiterror əməliyyatlarında Şanlı Zəfər qazanmaqla bir daha müstəqilliyi bizə bəxş edən şəxslər qarşısında həm də tarixi borcunu yerinə yetirmiş oldu. Ümummilli Lider Heydər Əliyev, cənab Prezident İlham Əliyev müstəqillik tarixi qurucularını hər zaman böyük hörmət və rəğbətlə xatırlayır. Bu, Ulu Öndərimizin, Müzəffər Liderimizin yüksək şəxsi keyfiyyətlərindən xəbər verir. Məhz bu amil xalq tərəfindən son dərəcə yüksək qiymətləndirilir.1991-ci ildə yenidən müstəqillik əldə etsək də, Azərbaycanın inkişaf tarixi 1993-cü ildən Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə gəlməsindən sonra başlayır. Cənab Prezident İlham Əliyev isə son dərəcə tarixi bir qərar qəbul etdi. Müstəqillik Günü ilə Müstəqilliyin Bərpası Gününün ayrılması bir daha ondan xəbər verir ki, Azərbaycanın qədim dövlətçilik ənənələri var. Bu baxımdan Azərbaycanla hər hansı bir münasibətlər qurulmağa çalışılarkən mövcud amil göz önündə tutulmalıdır. Çünki Azərbaycan Cənubi Qafqazın tarixi dövləti, xalqımız isə bu regionu qurub yaradan xalqdır".

Müəllif: Günel Fərzəliyeva

Digər xəbərlər